Təbrizli sənətkar Gədəbəy
Aşıq Məktəbində
Cənubi Azərbaycan aşıq sənətinin ünlü simalarından Cavad Məhərrəmi bu günlərdə Gədəbəy rayonunda olub. O, Azərbaycan aşıq sənətinin azman nümayəndələrindən olmuş Əməkdar mədəniyyət işçisi Sayad Pənahovun vəfatı ilə əlaqədar özünün ustadı bildiyi sənətkarın ailəsinə başsağlığı vermək üçün Təbrizdən Gədəbəyə gəlib.
Təbrizli sənətkar soydaşımızla Gədəbəy Aşıq Məktəbində görüş təşkil edilib. Aşıq Cavad Məhərrəmi məktəbdə dərslərin keçirilməsi ilə maraqlanıb, buradakı “Saz muzeyi” ilə tanış olub.
Məşhur aşıq məktəbin səhnəsində şagirdlərin çalğı və oxu ifalarını dinləyib və fikirlərini söyləyib. O, dövlətin diqqəti sayəsində yaradılan bu sənət ocağına və şagird ifalarına heyranlığını gizlətməyib: “Mən artıq tam əmin oldum ki, Azərbaycanımızın aşıq sənəti zənginliklərə sahibdir, bu çocuqlar sabahın saz-söz sənətçiləri kimi tanınacaqlar”.
Aşıq Cavad Məhərrəmi məktəbdə ustad aşıq Vəli Miskinlinin “Canbaxça səfəri” dastanının məşqinə də baxıb. Məlumat verilib ki, bu dastanın tamaşaya hazırlanmasında məktəbin 25 nəfər müəllim və şagirdi iştirak edir. Sənətkar bu tamaşaya məmnuniyyətlə baxmaq istədiyini dilə gətirib.
Görüşün sonunda Cavad Məhərrəmi Gədəbəy Aşıq Məktəbinin müəllim və şagirdləri ilə birgə bir neçə aşıq havası oxuyub.
Etibar
ƏLİYEV
Gədəbəy
Aşıq Məktəbinin direktoru
Mədəniyyət.- 2019.- 8 mart.-
S.5.