“Mən bir sönməz ulduzam ki...”

 

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Mən bir sönməz ulduzam ki, daim işıq saçaram” adlı elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev açaraq ədibin zəngin yaradıcılığından, ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb.

Tədbirdə Cəfər Cabbarlının həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub.

Sonra BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova “Görkəmli dramaturq Cəfər Cabbarlı yaradıcılığının musiqidə təcəssümü”, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli “Almazpyesinin yeni səhnə redaksiyası müasir zaman kontekstində”, BXA-nın Sənətşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov “Cəfər Cabbarlının teatrşünaslıq fəaliyyəti”, İctimai fənlər kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Maral Manafova “Cəfər Cabbarlının tərcümə yaradıcılığı”, “Ədəbiyyat qəzeti”nin məsul katibi, yazıçı-publisist Atababa İsmayıloğlu “Cəfər Cabbarlının dramaturgiya yaradıcılığı” mövzusunda məruzələrlə çıxış ediblər.

C.Cabbarlının bir sıra əsərlərini səhnədə canlandıran Xalq artisti Nurəddin Mehdixanlı yazıçının pyeslərinin mütləq əksəriyyətinin bu gün də aktuallığını qoruyub saxlamasından bəhs edərək konfransı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ədibin 120 illiyi haqqında sərəncamından sonra keçirilən dolğun və əhatəli tədbirlərdən biri kimi qiymətləndirib.

Tədbirin qonaqlarından xalq artistləri Firəngiz Mütəllimova və Laləzar Mustafayeva isə ədibin əsərləri əsasında səhnəyə qoyulmuş tamaşalardakı rollarından danışıblar.

Sonda Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı çıxış edərək konfransın təşkilinə görə Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2019.- 8 mart.- S.4.