25 illik uğurlu
əməkdaşlıq
UNESCO üzrə Milli
Komissiyanın yubileyinə həsr olunmuş
tədbir
Martın
6-da Beynəlxalq Muğam Mərkəzində UNESCO üzrə
Azərbaycan Respublikasının Milli Komissiyasının
yaradılmasının 25 illiyinə həsr olunmuş tədbir
keçirildi.
Azərbaycan Respublikası 3 iyun
1992-ci il tarixində UNESCO-ya üzv qəbul edilib.
Təşkilatın Nizamnaməsinin 7-ci maddəsinə
əsasən, üzv-dövlət
təhsil, elm və mədəniyyətlə məşğul
olan qurumların fəaliyyətini UNESCO-nun işi
ilə əlaqələndirmək
üçün Milli
Komissiya yaratmalıdır.
Ölkəmizin UNESCO üzrə Milli
Komissiyası Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyevin
21 fevral 1994-cü il tarixli sərəncamı ilə
yaradılıb. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri
xarici işlər naziri Elmar Məmmədyarovdur.
Tədbirdə dövlət və hökumət rəsmiləri,
ölkəmizdə akkreditə
olunmuş diplomatik korpusun nümayəndələri,
mədəniyyət və
incəsənət xadimləri
iştirak edirdilər.
Əvvəlcə Beynəlxalq Muğam
Mərkəzinin foyesində
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında
musiqi nömrələri
və gənc rəssamların Azərbaycan
mədəniyyətinin UNESCO-nun müvafiq siyahılarına
daxil edilmiş irs nümunələrinə
həsr edilən əsərlərindən ibarət
sərgi təqdim olundu.
Tədbir Azərbaycan Televiziyasının
hazırladığı, Azərbaycanın
UNESCO üzrə Milli
Komissiyasının fəaliyyətini
əks etdirən sənədli filmin nümayişi ilə başladı. Filmdə ötən 25 ildə Azərbaycan xalqının
UNESCO-nun siyahılarına daxil
olan irs
nümunələrindən söhbət açılır.
Bildirilir ki, bu müddətdə xalqımıza məxsus
13 qeyri-maddi mədəni
irs nümunəsi
təşkilatın siyahılarında
yer alaraq bəşəri status qazanıb.
Həmçinin vurğulanır
ki, UNESCO ilə əməkdaşlığın genişləndirilməsində və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri xanım Mehriban Əliyevanın əvəzsiz xidmətləri
var. Diqqətə çatdırılır
ki, 2008-ci ildə
UNESCO-nun Qeyri-maddi mədəni
irslə bağlı konvensiyası qüvvəyə
minəndən sonra təşkilatın müvafiq
siyahısına təqdim
edilən nominasiya faylları Mehriban xanımın təşəbbüsü
və dəstəyi ilə hazırlanıb. Ötən müddətdə
Azərbaycan muğam ifaçılığı sənəti,
tar və kamança hazırlanması və ifaçılıq sənətləri,
aşıq sənəti,
Novruz bayramı, xalça sənəti, dolma hazırlanma və paylaşma ənənəsi, lavaş
bişirmə və paylaşma ənənəsi,
Lahıc misgərlik sənəti, kəlağayı
sənəti, “Yallı
(Köçəri, Tənzərə),
Naxçıvanın ənənəvi
qrup rəqsləri”, “Dədə Qorqud irsi. Dastan mədəniyyəti,
xalq nağılları
və musiqisi” nominasiya faylları
UNESCO-nun Qeyri-maddi mədəni
irs siyahısına,
çövkən – ənənəvi
Qarabağ atüstü
oyun ənənələri
isə qurumun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bundan əlavə,
Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər,
Qobustan qayaüstü
rəsmləri UNESCO-nun Dünya
irsi siyahısında yer alıb.
Həmçinin qeyd olundu ki,
Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyi daim Azərbaycanın UNESCO üzrə
Milli Komissiyasının
fəaliyyətinə böyük
dəstək veriblər.
Daha sonra tədbir konsert proqramı ilə davam etdi. Proqramda Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Cabbar Qaryağdıoğlu adına 9 saylı Uşaq musiqi məktəbinin nağaraçılar qrupu, gənc muğam ifaçısı Kənan Bayramov, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Arzu Əliyeva və gənc aşıqlar öz ifalarını təqdim etdilər. Bütün ifalar alqışlarla qarşılandı.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 8 mart.-
S.1;3.