Səhnədə dolğunluq olarsa...
Eksperimental tamaşalar festivalından ikinci yazı
Azərbaycan Teatr Xadimləri
İttifaqı və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə keçirilən “Boş məkanın dolğunluğu” 2-ci Eksperimental
tamaşalar festivalının
gedişi haqqında qeydlərimizi qəzetimizin
oxucuları ilə bölüşməkdə davam
edirik.
Martın
5-i. Bakının havası
lap yazın “oğlan çağı”nı xatırladır. Hərçənd park və xiyabanlardakı
hələ çiçəksiz,
tumurcuqsuz ağaclar adama deyir ki,
“yaz gəldi” deyib vaxtından əvvəl sevinməyin.
Son günlər ölkənin mədəniyyət
sahəsinin gündəmini
zəbt edən bahar ovqatı təbiətin havasından
daha sıcaqdır.
Ölkə başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət
xadimləri və yaradıcılıq təşkilatlarının
rəhbərləri ilə
səmimi görüşü,
həmin görüşdə
qoyulan məsələlərin
bir qisminin artıq müvafiq sərəncamlarla həllini
tapması sənət
cameəsindəki bu ovqatı bir neçə qat artırıb.
Görkəmli teatr rejissoru Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunan eksperimental tamaşalar festivalının
iştirakçıları da yaradıcılığa,
işləməyə, axtarmağa
həvəsləndirən məlum
sərəncamların fonunda
daha da nikbindirlər. Bu gün də festival səhnəsi tələbələrin
ixtiyarındadır.
* * *
Teatr Xadimləri
İttifaqının Mustafa Mərdanov səhnəsi. Xalq artisti Məmmədsəfa
Qasımovun Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində (ADMİU) dram teatrı və kino aktyorluğu ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri
Əbdürrəhim bəy
Haqverdiyevin “Yeyərsən
qaz ətini, görərsən ləzzətini”
komediyası əsasında
“qara oyun”u oynayırlar.
Əslində, tamaşanın adını
iki cür anlamaq olar. Yəni
görəcəyimiz “qara”
(qatı, sərt, amansız, mənaca çılpaq) yumor, ya
da adamın özünü qara günə qoyduğu həyatın bir şəkli. Zamanında Əbdürrəhim bəy bu komediyanı
ikiarvadlılığı pisləmək, qadın hüquqlarını qorumaq,
möhkəm və sağlam ailənin “iki göz iki
gözə baxar” prinsipi üzərində bərqərar olduğunu göstərmək niyyətilə
qələmə alıb.
Elə tələbələr də
bunu oynayırlar.
Amma necə? Məhz əsl gənclik ehtirası, klassikanın iç qatındakı gizlinləri “oxuyaraq”. Tələbələrin belə
sərbəst, plastik oyun nümayişindən sonra onlara müraciətlə
yalnız bunu demək istəyirsən: Ey “qara oyun”
sərgiləyənlər, üzünüz ağ olsun!
* * *
5 mart tarixi üçün
nəzərdə tutulmuş
ikinci tamaşa da klassik müəllifimizin
əsəri əsasındadır. ADMİU-nun
4-cü kurs tələbələri
Mirzə Fətəli
Axundzadənin “Lənkəran
xanının vəziri”
komediyasını oynayacaq.
Tamaşaya kurs rəhbəri,
Əməkdar artist Gülşad
Baxşıyeva quruluş
verib. Yeri gəlmişkən, müəllimə özü
də tələbələri
ilə birlikdə səhnəyə çıxacaq.
Amma məsələ belədir
ki, Mirzə Fətəlinin xan sarayında baş verən məişət
zəminli münaqişənin
qabardıldığı bu
komediyasını istənilən
tərzdə tamaşaya
çevirib oynamaq olar. Yəni qeyri-bərabər nikahın fəsadlarından,
varisin ərköyünlüyündən
ta sosial ədalətin pozulmasına,
sarayı bürüyən
rüşvətxorluğa, hökmdar olan kəsin sosial ədalət prinsipindən
xəbərsizliyinədək istənilən ideyanı əsərdə qabartmaq mümkündür. Bu tamaşada nələr maraqlı idi?
Ən birinci, Pəri xanımın heç də digər quruluşlarda göstərildiyi kimi
ipək xasiyyətli yox, çoxbilmiş qadın olması. Zarafat deyil, öz dövrü üçün kifayət
qədər cəsarətli
qız böyüdüb
tərbiyə etmək,
onların sayəsində
xan, vəzir ailəsi ilə qohum olmaq, sarayda
yaşamaq hər
adi qadının işi deyildi. İkincisi, Xanın eşikağası Səlim
bəyin Teymur ağaya aşkar rəğbətini məharətlə,
qabartmadan oynanılması.
Bəs nələr bizə artıq göründü?
İlk növbədə
xan sarayının türk seriallarında gördüyümüz sultan sarayının
ovqatını “əxz
etməsi”: vodevil halına çatdıracaq
çox ərəb musiqisi, rəqqasələrin,
mütrüblərin bol
göbək rəqsləri.
Halbuki gənclik cəsarəti ilə komediyadakı sosial ədalətsizliyi, qeyri-bərabər nikah xətlərini qabartmaqla fərqli tamaşa oynamaq olardı. Bir də tamaşada gənc aktyorların boyun damarları şişənədək qışqıraraq
danışmağına heç
ehtiyac yox idi. Bununla belə, cavanlara diləyimiz budur: səsiniz həmişə
səhnələrdən ucalsın,
amma qışqırmaq
olmasın.
* * *
Martın 6-sı. “Boş məkanın dolğunluğu”nun ilk yarısı
arxada qalıb.
Festival səhnəsi yenə
tələbələrin ixtiyarındadır.
Tələbələrin tamaşaları kimi
özləri də fərqlidir. Məsələn, festivala tələbə tamaşası kimi qoşulan “Kərgədan buynuzu”nun iştirakçılarını
tam peşəkar aktyor
saymaq olar. Çünki Mədəniyyət
və İncəsənət
Universitetinin rus bölməsində təhsil
alan cavanların
əksəriyyəti elə
Azərbaycan Dövlət
Akademik Rus Dram Teatrının yaradıcı
heyətində çalışır.
Yazıçı-dramaturq Maqsud
İbrahimbəyovun “Kərgədan
buynuzu” əsəri əsasında hazırlanmış
tamaşa universitetin professoru, filologiya elmləri doktoru Fəridə Səfiyevanın layihəsi üzrə baş tutub. Tamaşanı rus bölməsinin dram rejissorluğu ixtisasının
4-cü kurs tələbələri
Fərid Nesterenko,
Bella Klimaşova, Yuri Omelçenko,
Raulya Rzayeva, Cahandar Cəfərli və Tamerlan Əsədov hazırlayıblar.
Səhnə təcrübəsi və üstəlik, doğma teatrın səhnəsində
çıxış etmək
imkanı “Kərgədan
buynuzu”nun gücündən
yararlanmaq istəyənlərin
köməyinə çatdı. Kurs müəllimləri
Xalq artisti Cənnət Səlimova ilə Əməkdar artist
Sonaxanım Mikayılovanın
da zəhmətini yerə vurmaq olmaz. Beləcə, festivala qoşulan
tələbə tamaşalarının
sonuncusunu oynayıb yenidən peşəkarların
tamaşalarına keçid
alırıq.
* * *
İstənilən halda teatr aləmi
üçün tanınmış
isim vacib məqamdır. Səni şəxsən tanıyanların həm də sənin yaradıcılığına marağı
böyükdürsə, bu,
daha vacib, üstəlik, məsuliyyətli
məqamdır. Martın 6-da festival çərçivəsində müstəqil “Safat” teatrının çıxışı
bu fikirləri bir daha təsdiqlədi.
Teatr Xadimləri İttifaqının böyük səhnəsində tanınmış teatr və kino rejissoru İlqar Safatın İdo Netanyahunun “Məna axtarışında” əsəri əsasında hazırladığı tamaşa oynanıldı. Həmin vaxta kimi festival günlərində oynanılmış tamaşaların arasında məhz “Məna axtarışında” əsəri eksperimental tamaşa festivalının adına - “Boş məkanın dolğunluğu” isminə tam yaraşdı. Səhnədəki dolğunluqla yanaşı salon da dolu idi.
Əsər də, əsəri Azərbaycanda ilk dəfə oynanılan müəllif İdo Netanyahunun adı da, mövzu da, iştirakçılar da tamaşaçılar üçün maraqlı idi. Bu tamaşanın baş qəhrəmanı konkret tarixi şəxsiyyət – Viktor Frankl (1905-1997) psixologiya elmində həyatın mənasını tapmaq vasitəsilə psixoloji yardım göstərən loqoterapiyanın – ekzistensial psixologiyanın əsasını qoyub. Digər tərəfdən 92 il ömür sürmüş bu insan 4 dəfə nasist həbs düşərgəsinə düşüb, lakin həyatın mənasını tapa bildiyi üçün bütün iztirablara qatlaşmağı, həyat eşqini qorumağı, müharibədən sonra isə psixologiya elmində uğur qazanmağı bacarmış şəxsiyyətdir. Tamaşada xalq artistləri Lüdmila Duxovnaya və Məbud Məhərrəmov, gənc aktyorlar Azər Aydəmir və Rumiyə Ağayeva çıxış edirdilər.
* * *
“Boş məkanın dolğunluğu” 2-ci Eksperimental tamaşalar festivalı artıq sona yaxınlaşır. Festivalın son iki günü və yekunları haqqında növbəti sayımızda.
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 8 mart.-
S.4.