Opera səhnəmizin Koroğlusundan Vaqifinədək

 

 

 

Bu günlərdə fəlsəfə doktoru İmran AxundovunAdil Məlikov” adlı monoqrafiyası ilə tanış oldum. Monoqrafiya Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti, görkəmli vokalist, lirik-dramatik tenor, Əməkdar artist mərhum Adil İbrahim oğlu Məlikovun (1933-2009) ifa etdiyi partiyaların tədqiqinə həsr edilib. Kitab  dahi vokalist, SSRİ Xalq artisti  Bülbülün əziz xatirəsinə ithaf olunub.

İki fəsildən ibarət monoqrafiyada ilkin olaraq Azərbaycanda opera sənətinin tarixinə nəzər salınır. Birinci fəsildə Adil Məlikovun böyük məharətlə yaratdığı Koroğlu obrazı haqqında söhbət açılır. Müəllif onun ifasını böyük Bülbülün yaratdığı Koroğlu obrazı ilə müqayisə edir və A.Məlikovun Bülbülün yaratdığı obrazdan bəhrələndiyi qənaətinə gəlir.

Daha sonra İmran Axundov A.Məlikovun ömür yolu haqqında yazır, uşaqlıq illərinin çox əziyyətli keçdiyini, altı yaşı olanda atasının dünyasını dəyişdiyini qeyd edir. O zaman kimsənin ağlına gəlməzdi ki, bu gəncin qarşısında iki cığır açılacaq: biri futbolçu, digəri isə aktyorluq. A.Məlikov bir müddət futbola həvəs göstərsə də, onu daha çox teatr sənəti maraqlandırırdı. O, əvvəlcə A.Zeynallı adına Musiqi Məktəbində Firudin Mehdiyevin sinfində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün sinfində təhsil alır. Müəllif A.Məlikovun xatirələrindən örnək verir: “Bülbül səsimə qulaq asdı və xoşuna gəldi. Sevincimin həddi-hüdudu yox idi. Belə bir sənətkarın sinfində oxumaq böyük xoşbəxtlik idi. Bülbül səsimi dinlədikdən sonra dedi ki, səndən Koroğlu hazırlayacağam. Təxminən bir il ərzində o məni Koroğluya hazırladı. Hətta Polad (Polad Bülbüloğlured.) mənə danışdı ki, onda atam evə sevinə-sevinə gələrdi. Səbəbini soruşduqda deyirdi ki, sinfinə bir rayonlu oğlan gəlib, onu Koroğlu kimi səhnəyə çıxaracağam. Sonra qismət elə gətirdi ki, bir il sonra Bülbül dünyasını dəyişdi. Mənimlə Şövkət Məmmədova məşğul oldu. İnstitutu qurtarıb təyinatımı opera teatrına aldım”. 

İ.Axundov monoqrafiyadaKoroğlu” operası və vokalçının ifası haqqında yazır: “Tamaşaçılara təqdim olunanKoroğlu” hər zaman olduğu kimi yenə də Azərbaycan operasını yeni zirvələrə qaldırdı. Bu opera böyük həyat və sənət təcrübəsi keçmiş, neçə onilliklər davam edən bir yaradıcı şəxsiyyətin təfəkkürünün məhsulu idi. Əsərin süjet xətti xalqın keçmişindən götürülmüşdürsə, ruhu və əsas ideyası müasir zamanla səsləşirdi. Muğam kökü üstə bəstələnmiş bu operada xalqın azadlığı, səadəti, qəhrəmanlığı yüksək bədii səviyyədə tərənnüm edilirdi. Əməkdar artist A.Məlikovun ifasında artıq birinci pərdədəki “Səni gördümariozosunda Koroğlu sevən aşiq kimi canlandırılır”.

Müəllif sonra A.Məlikovun Vaqif partiyası (bəstəkar Ramiz Mustafayevin eyniadlı operası – red.)  üzərində böyük əzmkarlıqla çalışmasından söhbət açır. Onun ifasında böyük mütəfəkkir şairin həyatındakı çətinlikləri dolğun göstərməyə müvəffəq olduğunu vurğulayır: “A.Məlikovun ifasında Vaqif təbiətə və gözəlliyə vurğun, düşmənə isə amansız olan dövlət xadimi idi. Vaqif - Adil Məlikovun uvertüradan sonra təbiətin qoynunda “Mən cahan mülkündə mütləq doğru halət görmədim” başlığı ilə ifa etdiyi şikayətnaməsində haqsızlığı qamçılayır. Səhnədə baş verən hadisələrin dinamikası musiqi sədaları altında pik nöqtəyə çatır. Vaqif onun yaradıcılığında yeni bir səhnə qəhrəmanı idi. O da Koroğlu kimi xalqını düşünür. Lakin bu düşüncələrdə fərq vardır. Koroğlu zülmə qalib gəlməyi, silahda, Vaqif isə elmdə görürdü...”.

Monoqrafiyanın ikinci fəsli “Aktyor, vokalist və müxtəlif xarakterli partiyalar” adlanır. Tədqiqatçı qeyd edir ki, A.Məlikov Azərbaycan operalarında (Koroğlu, Vaqif, Balaşb.) daha uğurlu addımlar atıb. Onun bir vokalist kimi yüksək peşəkarlığı bu operalarda daha aydın nəzərə çarpırdı: “O, hər zaman Bülbül məktəbinin layiqli davamçısı olduğunu ifası ilə hiss etdirirdi. Böyük novator Bülbülün ifaçılıq üslubunu, oxuma texnikasını, təcrübəsini, musiqini milli koloritlə bəzəmə ustalığını, bütün bunları vəhdətdə birləşdirməyi öyrənmişdi və öz ifasında bacarıqla istifadə edirdi”.

Müəllif monoqrafiyada səhnəyə qoyulan operaların və aktyor ifasının dolğun şəkildə oxucuya çatdırılmasına nail ola bilib. Onu da qeyd edək ki, A.Məlikov 1965-ci ildə konservatoriyanı bitirən zaman dövlət imtahanında Fikrət Əmirovun “Sevil” operasından Balaşın partiyasını uğurla ifa edibona OperaBalet Teatrına təyinat verilib.

İ.Axundov tədqiqatın sonunda A.Məlikovun yaradıcılığı haqqında mülahizələrini ümumiləşdirərək yazır: “A.Məlikov təkcə böyük partiyaları deyil, kiçik həcmli, zəngin xarakterli partiyaları da böyük həvəslə ifa edirdi. Və zəhmət hesabına bu kiçik obrazları da bitkin rollar səviyyəsinə qaldıra bilirdi. O, oxumadığı, susduğu səhnələrdə belə özünün səhnə plastikası ilə tamaşaçıları düşündürürdü. A.Məlikov Azərbaycan, RusiyaAvropa operalarında müxtəlif xarakterli partiyalar ifa edib. Onun yaradıcılıq imkanlarının əhatəsi geniş və zəngin idi. Belə bir səviyyədə ifaçı olmaq A.Məlikovun vokal sənətinin mürəkkəb texnikasına mükəmməl sahib olmasını göstərirdi”.  

Görkəmli rus teatr rejissoru, pedaqoq K.S.Stanislavski yazır: “Operalarda təkcə yaxşı xanəndə deyil, həm də yaxşı aktyor olmaq lazımdır. Burada dramatikvokal-musiqi uyğunluğu zəruridir”. Ömrünün böyük bir hissəsini Azərbaycan opera sənətinə həsr edən istedadlı aktyor, Əməkdar artist A.Məlikov da bu silsilə yaradıcı şəxslər siyahısına daxildir. Fəlsəfə doktoru İmran Axundovun ərsəyə gətirdiyi “Adil Məlikov” monoqrafiyası sənətkarın səhnə fəaliyyətinin daha dərindən öyrənilməsi və növbəti tədqiqat işlərinin aparılması baxımından daha təqdirəlayiq mənbədir.

 

Anar BURCƏLİYEV

Teatrşünas

 

Mədəniyyət.- 2019.- 8 mart.- S.6.