Rəssam Tofiq Cavadovun
sirli dünyası
Tofiq Cavadov
XX əsr Azərbaycan
rəngkarlığının tanınmış nümayəndəsi,
yaradıcılığında milli təsviri sənətin bir sıra xarakterik xüsusiyyətlərinin vəhdətinə
və avanqard cərəyanının inkişaf
tendensiyalarını müəyyənləşdirməyə
nail olmuş istedadlı
sənətkardır.
O, 1925-ci ildə Bakıda dünyaya göz açmışdı. Təsviri
sənətə olan marağı onu 1948-ci ildə Əzim Əzimzadə adına
Azərbaycan Dövlət
Rəssamlıq Məktəbinə
gətirmiş, rəngkarlıq
fakültəsinə daxil
olmuşdu.
1950-ci illərin ikinci
yarısından etibarən
Tofiq Cavadov forma və məzmun axtarışlarında yeni
mərhələyə – sərt
və ekspressiv realizm və ya daha dəqiq,
neorealizm dövrünə
başlayır. Rəssam bu dövrdə yaratdığı sənaye
kompozisiyaları ilə,
fəhlə, dost və
yaxınlarının portretləri
ilə ilk növbədə
yeni forma və ifadə axtarışlarına
baş vurur, dövrünün təsviri
sənət kanonları
ilə barışmaz
ziddiyyət təşkil
edən kompozisiyalar yaradırdı.
Neorealizm mərhələsi neft və ağır sənayeyə həsr olunmuş tabloların və fəhlə obrazlarının timsalında
özünü daha qabarıq büruzə verir. Baş verənləri
dərindən, bilavasitə
içəridən hiss etmək
üçün Tofiq
Cavadov günlərlə
Bakı və Sumqayıtın zavod və fabriklərində gedən iş prosesini izləyir, çoxsaylı etüd və eskizlər edirdi. Bu dövrün məhsulu olan “Neftçilər” (“Növbədən
gələnlər”), “Sənaye
mənzərəsi”, “Operator qız”, “Neftçi”, “Poladəridən sexdə”,
“Poladəridənin portreti”
və bu sıradan olan digər monumental əsərlərin
kompozisiya quruluşlarının
dinamikliyi və ekspressivliyi xarakterik şəkil alır. “Neftçilər” əsərində sərtlik,
rənglərin kəskinliyi,
yaxmaları sanki bir-birini tamamlayır və rəssamın yaradıcı ruhundan xəbər verir.
Fəhlə obrazlarından fərqli olaraq, rəssamın sənaye motivli mənzərələri monumentallığına
və sərtliyinə
baxmayaraq, dramatik deyil. Əksinə, “Lökbatan” , “Sənaye mənzərəsi”, “Çənlər”,
“Sexdə” kimi bir sıra ekspressiv
əsərlərə romantik
ruh hakim kəsilmişdir.
Düzbucaqlı və dairəvi
xətlərin hegemon olduğu bu kubistik struktura malik mənzərələrdə
bir səmimilik və uşaq saflığı hökm sürür. Təəssüflər olsun ki, yaradıcılığına
həddən artıq
tənqidi yanaşan rəssamın bizə elə də çox əsəri gəlib çatmamışdır.
Bunun səbəblərindən biri,
həmkarı Rasim Babayevin dediyi kimi, Tofiq Cavadovun
çoxlu sayda əsərini öz əli ilə məhv etməsidir. O,
bəyənmədiyi, razı
qalmadığı əsərlərini
məhv edirdi. Ya hər şey,
ya da heç
nə! Bu, onun
sənət meyarı
idi.
Həyatını da bu prinsip
əsasında qurmuşdu. Yaradıcılıqdan kənar həyat onun üçün mümkünsüz idi.
Tofiq Cavadov milli rəssamlıq məktəbinin elə
nadir nümayəndələrindəndir ki, yaradıcılığında
həm Azərbaycan təsviri sənətini, həm də XX əsrin əvvəllərində
təşəkkül tapan
Avropa və rus avanqard incəsənətinin
inkişafını yüksək
peşəkarlıqla əks
etdirməyə çalışmışdır. Bütün yaradıcılığı
boyu yeni forma, üslub və kompozisiya axtarışlarında
oldu. O, rənglərin
tərkibi və kətan üzərindəki
qruntla müxtəlif eksperimentlər aparırdı.
Bu eksperimentlər rəssamın
istədiyi koloriti almaq və eləcə
də onun ifadə və gücünün rəngarəngliyinə
nail olmaq məqsədi
daşıyırdı.
Rasim Babayev xatırlayırdı ki, Tofiq Cavadov kimyəvi
tərkibinə görə
bir-birilə tərs mütənasiblik təşkil
edən rəngləri
qarışdırmaqla və
hətta kətanın
üzərini ənənəvi
qruntla deyil, ən adi diş
tozu ilə qrunt etməklə istədiyi effekti almağa çalışırdı.
Bununla da rənglərin
daxili gücünü
artırmaqla yanaşı,
yağlı boyanın
verdiyi xarici parlaqlıqdan qaçmağa
müvəffəq olurdu.
O, bu parlaqlığı
sevmirdi. Belə bir yanaşma,
həqiqətən də,
Tofiqsayağıdır.
Rəssamın ən məşhur əsərlərindən olan
“Külək” onun ən dramatik tablosudur. Əsərdə sərt Abşeron
küləyinə qarşı
hərəkət edən
bir qrup qadın təsvir olunub. Yıxılmamaq üçün ağac budaqlarından yapışan qadınları
külək yerdən
qoparıb uçurmaq
gücündədir. Sərt küləyə
qarşı gələn
və naməlum istiqamətdə hərəkət
edən qadınların
hərəkət təsviri
məna etibarilə çox dərindir. Bu, sanki, həyat
yükünün ağırlığını
çiyinlərində çəkən
bəşər övladının
simvolik təsviridir.
Rəssamın bu simvolu qadın obrazında verməsi heç də təsadüfi deyil. Axı qadın həm
həyat verib, onun intəhasız davamlılığını təmin
edən ananın, həm də bəşər övladının
sonuncu mənzili olan ana torpağın
təcəssümüdür. Məzmun etibarilə bu tablo rəssamın
öz həyatına yazdığı rekviyemdir...
Tofiq Cavadov
20 avqust 1963-cü ildə
Moskva-Serpuxov elektrik qatarında bədbəxt hadisə nəticəsində
həlak olmuşdur.
Günəş
ZAMANOVA
Azərbaycan
Dövlət Rəsm Qalereyasının əməkdaşı
Mədəniyyət.- 2019.- 8 mart.-
S.6.