Mahir kino bilicisi
Tofiq Tağızadə-10
“Mənim istirahətim də, həyatımın mənası da çəkdiyim əsərlərdir. Öz əlinlə, öz alın tərinlə yaratdığın filmə ekranda baxmağı heç bir şeylə müqayisə etmək mümkün deyil...”
Bu sözlər Azərbaycan kinematoqrafiyasında özünəməxsus yaradıcılığı ilə seçilən görkəmli rejissor, Xalq artisti, bu il 100 illiyini qeyd etdiyimiz unudulmaz Tofiq Tağızadəyə (1919-1998) məxsusdur. Sənətkarın fikir və duyğularını ifadə edən sözlər onun həyat amalının əksidir. Tofiq Tağızadə ekranlaşdırdığı ilk bədii filmindən (“Görüş”) tamaşaçı rəğbətini qazanmağı, müraciət etdiyi ədəbi əsərlərin mahiyyətini ekran təhkiyəsinə çevirməyi bacardı. Onun quruluş verdiyi filmlər xarakterlər toplusudur. Bunu isə rejissorun həyat müşahidəsinin və sənət təcrübəsinin zənginliyi ilə əlaqələndirmək olar.
Onun sənətdə özünü tapmasına səbəb yaradan amillərdən biri də məsləyini həyatının mənasına çevirməsi idi. Əməkdar incəsənət xadimi, kino tənqidçisi Aydın Kazımzadənin sənətkar haqqında məqaləsində oxuyuruq: “Tağızadənin dediyinə görə, ümumiyyətlə, onun müəllimi həyatın özü olub. Həyat ona yaşamağı da, bərkdən-boşdan çıxmağı da, işləməyi də öyrədib. İstər müharibə, istərsə də sonrakı dinc quruculuq illərində aldığı həyat dərsləri sənətdə həmişə karına gəlib, Tofiqə doğru-düzgün yol göstərib”.
“Ən böyük tərbiyəçi çətinlikdir” deyirlər. Bəlkə erkən yaşlarından həyatın çətinlikləri ilə üzləşdiyindən, heç də asan olmayan, dolanbac yollarından keçdiyindəndir ki, Tofiq müəllim filmlərindəki hər bir personajı zəngin təfəkkürünün məhsulu olaraq təqdim edib, onların həyat amalına, düşüncə tərzinə şəxsi prizmadan yanaşıb. Filmlərindəki bir çox müsbət qəhrəmanlar həyata baxışından, düşüncəsindən pay alıb.
14 tammetrajlı, 1 qısametrajlı bədii filmə quruluş verən Tofiq Tağızadənin ekran əsərlərinin bir çoxu Azərbaycan kinosunun qızıl fonduna daxil edilib. Tarixi-inqilabi (“Yeddi oğul istərəm”), film-dastan (“Dədə Qorqud”), qəhrəmanlıq-macəra (“Uzaq sahillərdə”), hərbi (“Mən ki, gözəl deyildim” – A.Quliyev, R.Əsgərovla birgə) və digər dramatik janrlı filmlərin rejissoru kimi tanınan Tağızadə bir neçə filmində (“Görüş”, “Arşın mal alan” (1965), “Babamızın babasının babası” və s.) incə yumor hissinə malik olduğunu, ədəbi materialdan qaynaqlanan, real və ya düşünülmüş hadisələri ekranda məntiqli şəkildə vəziyyət komediyasına çevirməyi bacardığını da göstərib. Ümumi yaradıcılıq atmosferində isə hadisələrə müdrikcəsinə yanaşmasını, cəmiyyətə ötürdüyü mesajların ibrətamiz olduğunu görürük.
Tağızadənin kinoda rejissor kimi debütü “Görüş” kinokomediyası (1955) oldu. Filmin süjet xəttini Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğu, əmək yarışması, bilik və bacarıqlarının bölüşməsi təşkil etsə də, əsas ideya zəhmətkeş insanların sağlam rəqabəti, əməksevər gəncliyin nümunəvi obrazlarının təfsilatıdır. Tağızadənin rejissor peşəkarlığını, sənət biliciliyini sübut edən amillərdən ən vacibi də filmlərində etik normaların labüdlüyünü qabarıq şəkildə əks etdirməsidir. Bu fakt rejissorun həyatda görmək istədiyi vacib nüanslardandır.
“Görüş”də komik hadisələrin məntiqini cilalayan amillərdən biri də meşşan xarakterli tipajların ifşa olunduqda həyat mövqelərinin və şəxsiyyətlərinin cılız görünməsi, bunun fonunda sağlam əqidəli personajların (Münəvvər, Bilqeyis, Lala və b.) yüksək mənəvi cəhətlərinin vurğulanmasıdır. Düzgün seçilmiş aktyor heyəti və rejissor traktovkası filmin mahiyyətini komik nüanslarla məntiqli ekran təhkiyəsinə çevirir, baxımlı və sevimli edir. Bu mənada Tağızadənin quruluş verdiyi filmlərin yaşı çoxaldıqca (ekran hadisələrinin kamilliyi zəminində) dəyəri də artır.
Rejissorun yaradıcılığının şah damarını təşkil edən “Uzaq sahillərdə” (1958) filmi milli kinomuzun ən uğurlu ekran əsərlərindəndir. Xronometrajı 89 dəqiqə olan filmin hər bir kadrının məna çalarını riyazi hesablama qədər cilalayan rejissor hadisələrin qayəsini yaddaşlara həkk oluna biləcək tərzdə vizual ədəbiyyata çevirib. Vətənə sevgi, dostluğa sadiqlik, mərdlik, igidlik, ailəyə, valideynə hörmət, sevgiyə dəyər filmin leytmotividir.
Tağızadə bu filmin məsuliyyəti haqqında olan fikirlərini (A.Kazımzadənin məqaləsində) belə izah edir: “M.Hüseynzadə haqqında film çəkmək həm şərəfli, həm də çətin idi. Biz bunu hələ rejissor ssenarisini hazırlamağa başladığımız vaxt hiss etmişdik”.
Bəli, Tofiq müəllim ssenarini əlinə alanda artıq işin ciddiliyinin mahiyyətinə varır, əsəri dərindən qavrayır, obrazların daxili məninə sirayət edir, onları özününküləşdirir, fikir və düşüncələrində hadisələrin iştirakçısına, dövrün müasirinə çevrilirdi. Yalnız bundan sonra o, əsərin ekran təfsilatını tamaşaçıya inandırıcı və peşəkarlıqla təqdim edirdi. T.Tağızadə özü xarakterlər ustası idi. Belə olmasaydı, filmlərində düzgün mizan verdiyi onlarla obrazın yaşarı və reallığına bizləri inandıra bilməzdi. Bu mənada onu həyatı kinolaşdıran və kinonu həyatiləşdirən rejissor adlandıra bilərik.
Cəmiyyətin tərəqqisi və sülhün bərqərar olması üçün aparılan mübarizələr həmişə ideallarla bağlı olub. İdeal mövzusu peşəkarların yaradıcılığında yüksək estetik kateqoriyada təqdim edilib, tərəqqipərvərliyə, maariflənməyə təkan verən, ictimai həyata təsir göstərən fəal qüvvəyə çevrilib. İbrətamiz obrazların məcmusu Tağızadə yaradıcılığında zəngindir. Rejissorun düşüncələrindən qidalanan personajlar aydın təsəvvürə malik (Mehdi, Fərman, Qazan xan, Beyrək, Bəxtiyar, Cəlal və s.) konkret prototiplərdir. Biz təfəkkür və davranış baxımından yüksəkdə duran obrazları estetik ideal kimi qəbul edirik. Estetik ideallar isə kamil insan haqqındakı təsəvvürlərimizin (ekran) obrazı və nümunəsidir. Bəs görəsən, Tağızadənin təfəkkür aləmindən yaranan ekran qəhrəmanları cəmiyyətə təsir edə bildimi?
Hər bir insan real həyatda özünün estetik idealını axtarır. İstər ədəbiyyatda,
istərsə də filmlərdə müdrik, mərd, cəsur obrazlar ideal insan hesab olunur. Kinoda isə xəyal və arzular dünyasının təcəssümündən
yaranan (müsbət xarakterli) personajlar həm ədəbiyyatdan, həm təxəyyüldən,
həm də reallıqdan qidalanır.
Nəticə etibarilə də
etiket qaydaların daşıyıcısı olan,
arzulanan keyfiyyətlər
ictimai xarakter alır. Bunu isə təkcə
rejissorun yox, ümumən kinonun uğuru adlandırmaq olar.
Təsadüfi deyil ki, 1960-1970-ci illəri Azərbaycan kinosunun intibah dövrü adlandırırlar. Çünki həmin illərdə çəkilən filmlərdə,
o cümlədən Tağızadənin
ekran əsərlərində
müasir cəmiyyəti
izləyən, eyni zamanda müxtəlif dövrlərin tarixi hadisələrinin ideyalarından
doğan ideallar təqdim olunurdu. Tarixi və müasir mövzulu filmlərdəki
(müsbət) personajlara
istinad, mənəvi dəyərlərin aliliyini
sübut edir, bütün dövrlərdə
perspektivliyin vacibliyini
vurğulayır, həyatın
gözəlliyinin sirrini
təhlil edirdi. Deməli, hər hansı bir sahədə çalışan (zəhmətkeş,
kamil) insanın mənəvi yüksəlişinin
kinodakı təcəssümü
özü-özlüyündə ictimai davranış normalarını tənzimləyir.
Tofiq Tağızadə
kinonun təbliğat-təşviqat
xarakterli olduğunu yaxşı bilirdi. Buna görə də çəkdiyi filmlərdə
arzu və istəklərini ekranlara köçürür, kinonun
təsir vasitələrindən
istifadə edərək
zamanın mədəni
sıçrayışını (məsləyində) təmin
edirdi. Bu mənada filmlərini etiket qaydalarının vacib nüansları ilə zənginləşdirən
rejissorun yaradıcılığı
tamaşaçıların və mütəxəssislərin
həmişə diqqət
mərkəzində olub.
Görkəmli kinorejissor yaxşıların
üstünlük təşkil
etdiyi və qalib gəldiyi ekran əsərlərində
bizlərə mesajını
ötürməyi bacarıb. Eyni zamanda
özü də aktyor kimi müxtəlif
personajların xarakterlərinin
tanıdılması üçün
kamera qarşısına
keçib, həmkarlarının
çəkdiyi filmlərdə
epizodik və kiçikplanlı rollarda oynayıb. “Ac həriflər”
televiziya tamaşasında
Mirzə Mahmud, “Anlamaq
istəyirəm” filmində
Oqtay Mamedoviç, “Bəxt üzüyü”ndə
turist, “Qaladan tapılan mücrü”də
professor, “Qanlı zəmi”də
şikayətçi kəndli,
“Qəribə adam”da sərxoş, “Zirzəmi”də
pianoçu rollarında
çəkilib. Aktyorluq sahəsində
olan peşəkarlığını
da istedad və bacarığına,
sənətə olan sonsuz sevgisinə ünvanlayıb.
Zəngin kino bilgisinə malik sənətkarın yaradıcılığı ona doğru pillə-pillə yanaşmağımıza və sənətinə diqqətlə nəzər salmağımıza rəvac verir. Çünki dolğun ekran əsərləri insanlığı azad və xoşbəxt görmək ideyaları ilə zəngindir. Bu isə onun insanlara olan sevgisinin və hörmətinin bariz nümunəsidir.
T.Tağızadə respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. O, uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi işləyib. Kino işinin təşkilində və milli kino kadrlarının hazırlanmasında əmək sərf edib. Sənətkarın milli kinomuzda xidmətləri yüksək qiymətləndirilib, “Oktyabr inqilabı” (1971), “Şərəf nişanı” (1959), “Şöhrət” (1998) ordenləri ilə təltif edilib, respublikanın Xalq artisti fəxri adına (1976) layiq görülüb.
Sənəti fonunda şəxsiyyətini, peşəkarlığı sayəsində isə sənətini xatırladan rejissorun ən böyük mükafatı isə günü-gündən çoxalan tamaşaçı sevgisini qazanması və unudulmamasıdır.
Şəhla
ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.- 2019.- 1 mart.-
S.6.