Türk dünyası ədəbi-mədəni mühitindən daha bir ziya

 

 

 

Türk dünyasında maarif və mədəniyyətin inkişafında mühüm rol oynamış ziyalılar arasında tanınmış özbək şairi, yazıçı, pedaqoq, naşir Abdulla Avlaninin xüsusi yeri var.

Abdulla Miravlan oğlu Avlani 12 iyul 1878-ci ildə Daşkənd şəhərində anadan olub. Atası toxuculuqla məşğul olsa da, dünyaya açıq gözlə baxan, mütərəqqi fikirli insan idi. Övladlarına ata-baba sənətini öyrətməklə yanaşı, təhsil almalarına da şərait yaradır. Abdulla mədrəsədə oxuyarkən xalq yaradıcılığına, poeziyaya maraq göstərir, ilk şeirlərini qələmə alır.

Abdulla Avlani mədrəsə təhsilini müvəffəqiyyətlə başa vurur və “Yenilikçilər” hərəkatına qoşulur. 1904-cü ildə yeni tipli məktəb açır. Burada dini elmlərlə bərabər dünyəvi elmlər də tədris olunur. Uşaqlara Şərq dilləri ilə yanaşı, Avropa dillərini də öyrənmək üçün şərait yaradılır. Türküstanda ilk dəfə tərtib etdiyi proqram əsasında şagirdlərin imtahan verərək sinifdən-sinfə keçməsini təşkil edir.

Xalqın savadsızlığı, ağır güzəranı A.Avlanini rahat buraxmır. 1907-ci ildə o, özbək dilində “Şöhrət” adlı qəzetin nəşrinə icazə alır. Qəzetdə müxtəlif təxəllüslərlə şeir və məqalələri dərc olunur. Ətrafına millətsevər ziyalılar toplaşır. “Şöhrət” qəzetinin cəmi 10 sayı işıq üzü gördükdən sonra çar məmurlarının təzyiqi ilə fəaliyyəti dayandırılır. Buna baxmayaraq, bu ziyalılar öz məqsədlərindən geri çəkilmirlər. 1909-cu ildə A.Avlaninin rəhbərliyi ilə xeyriyyə cəmiyyəti qurulur. Folklorşünas Əli Şamil araşdırmasında yazır ki, xeyriyyə cəmiyyəti fikir və məqsədlərini xalqa çatdırmaq üçün müəyyən yollar arayır. Azərbaycan ziyalılarının təcrübəsindən istifadə edilərək A.AvlaniMahmudxoca Behbudinin rəhbərliyi altında “Turan” adlı teatr truppası yaradırlar. Abdulla Qədiri, Həmzə Həkimzadə Niyazi və başqaları da onlara qoşulur. Truppa üzvlərinin tamaşaya qoyduqları ilk əsər M.BehbudininPadarkuş” faciəsi idi. Tamaşa Daşkənddə maraqla qarşılanır.

A.Avlani ölkədə maarifçilik fəaliyyətini genişləndirir. Yeni tipli məktəblər üçün 1909-1916-cı illərdə “Birinci müəllim”, “İkinci müəllim”, “Türkü Gülüstan, yaxud əxlaq”, “Məktəb gülüstanı” və s. kitablarını nəşr etdirir. Qələmə aldığı “Toy”, “Leyli və Məcnun”, “İki məhəbbət”, “Bizsiz”, “Tufan”, “Portuqaliya inqilabı” və başqa pyesləri uzun müddət teatrların repertuarında yer alır. O, həmçinin “Vətən”, “Məktəb”, “Boğça”, “Millətə xitab”, “Toxlardan bir mənzərə” və başqa poemaları, hekayə və təmsillərin müəllifi kimi tanınır.

Tanınmış ədib 1913-cü ildən nəşr olunanTuran” qəzeti, “Sadoi Türkiston” və “İştirakiyun” qəzetləri ilə sıx əməkdaşlıq edir. Köhnə quruluşun dəyişməsi üçün  çox böyük səy göstərir. Özbəkistanda sovet hökuməti qurulduqdan sonra uğrunda mübarizə apardığı ideallarla (milli dövlət) yeni rejim arasında kəskin fərqlərin olduğunu görür. Bir müddət vətəndən uzaqda yaşayan A.Avlani Əfqanıstanda maarif naziriRusiya Sovet Federativ Sosialist Respublikasının konsulu işləyir.

Bolşeviklər Türküstanda möhkəmlənir və bundan sonra ədibi Daşkəndə çağırırlar. Onların yalan vədinə aldanan ziyalı vətənə dönürsosializmin fəal qurucularına çevrilmək istəyir... Daşkənddəki Ölkə Özbək Məktəbində, 1923-cü ildə Daşkənd Xatın-Qızlar Məktəbində, 1924-cü ildə Daşkənd Hərbi Məktəbində dərs deyir. 1925-1930-cu illərdə Orta Asiya Dövlət Universitetində işləyir. Universitetdə dərs deyərkən onun təşəbbüsü ilə burada Fəhlə fakültəsi açılır. Özbək gənclərinin ali təhsil alması üçün bir qrup yaradır və dərslərin özbək dilində keçirilməsinə nail olur. Ömrünün sonunadək Orta Asiya Dövlət Universitetində Dil və ədəbiyyat kafedrasının müdiri işləyir.

Abdulla Avlani 1934-cü ildə dünyasını dəyişir. Bundan sonra əsərlərinin təkrar nəşri və təbliği qadağan olunur. Bu qadağa Özbəkistan öz müstəqilliyinə qovuşana qədər davam edir...

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 15 mart.- S.6.