Puşkinin şeirlərinə bəstələnmiş romanslar səslənib

 

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “A.S.Puşkin muzeyləri dünya xəritəsində” layihəsi çərçivəsində ilk tədbir baş tutub. Layihə Rusiya səfirliyi və ölkəmizdəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilir.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq böyük şairin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Puşkinin adı dünya ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılıb, əsərləri bir çox dillərə tərcümə olunub. Azərbaycanda da Puşkinin ədəbi irsinə böyük maraq göstərilir.

A.Bayramova vurğulayıb ki, dahi şairin yaradıcılığı musiqidə də təcəssümünü tapıb, əsərləri əsasında romanslar, operalar yazılıb. Qara Qarayev, Soltan Hacıbəyov, Ağabacı Rzayeva, Ədilə Hüseynzadə və digər görkəmli Azərbaycan bəstəkarları Puşkinin şeirlərinə musiqi bəstələyiblər.

Tədbir konsert proqramı ilə davam etdirilib. Bakı Musiqi Akademiyası məzunlarının ifasında dahi şairin şeirlərinə bəstələnmiş romanslar səslənib.

 

Mədəniyyət.- 2019.- 15 mart.- S.3.