Novruz bayramı təranələri

 

 

 

Novruz bayramı Azərbaycan xalqının milli düşüncə və milli ruhunu özündə əks etdirir. Bu bayramda icra olunan ayinlər daim musiqi sədaları altında rəqslərlə müşayiət olunub, xalq arasında Novruz günləri ilə bağlı çoxlu bayatı, mahnı, rəqs kimi fərqli fərdi və kütləvi sənət nümunələri yaranıb. Aşıqlar, xanəndələr, xalq musiqisi ifaçıları, hətta adi insanlar da bu bayramı mahnı və rəqslərin müşayiətində keçiriblər. Bir sıra bəstəkarlar tərəfindən bahar mövzulu əsərlər yaranıb, bu əsərlərdə Novruz ruhu yaşadılıb.

Tədqiqatçı İradə  Köçərli “Azərbaycan bəstəkarlarının yaradıcılığında Novruz mövzusu” məqaləsində Üzeyir Hacıbəylinin ötən əsrin əvvəllərində yazdığı və Novruza həsr olunmuşBahar nəğməsi” əsərindən bəhs edir. Bildirir ki, görkəmli dirijor Niyazinin arxivindən tapılmış əsər bəstəkar Sərdar Fərəcov tərəfindən bir neçə redaksiyada (xororkestr, simli kvartet, simli orkestr, xorxalq çalğı alətləri orkestri üçün) işlənib və dəfələrlə ifa olunub. Bundan əlavə, bəstəkar Məmməd Quliyev “Aldanmış ulduzlar” operasına Novruz bayramı ilə bağlı zurna və nağaranın da iştirakı ilə xalq səhnələri daxil edib.

Bu mövzudakı irihəcmli əsərlər sırasında Vasif Adıgözəlovun dördhissəli “Novruzum” kantatasını da qeyd etməliyik. “Azərbaycan”, “Səməni”, “Kosa”, “Novruzum” hissələrindən ibarət əsər solist, xorsimfonik orkestr üçün yazılıb.

Elnarə Dadaşovanın kamera orkestrisoprano üçün yazdığı “İlk bahar” əsəri də maraqlı nümunələrdəndir. Bəstəkarın Abdulla Şaiqin sözlərinə yazdığı “Uşaq albomu” mahnı silsiləsində də Novruz mövzusunda nəğmələr var. Müəllifin səs və kamera orkestri üçün bəstələdiyi “Bahar şərqisi” də bu mövzudadır.

Oqtay Kazıminin bahar bayramı ilə bağlı fərqli illərdə bir neçə şairin sözlərinə bəstələdiyi “Böyük bayram”, “Bayramınız mübarək”, “Bayram olsun”, “Bahar çağı”, “Bahar təranəsi”, “Bakının baharı” adlı silsilə mahnılar da musiqisevərlərə tanışdır. Bu sırada Ramiz Heydərin “Bahar bayramı” rədifli şeirinə bəstələnən musiqi xüsusilə məşhurdur.

Novruzun musiqi əsərlərimizdə inikasına nəzər saldıqda daha çox mahnı janrında yaranan nümunələrlə rastlaşırıq. Bu mənada Fikrət Əmirovun uzun illərdir dillər əzbərinə çevrilən “Gülür ellər” (söz: T.Elçin) mahnısı əvəzolunmaz nümunələrdəndir. Ramiz MirişlininBayram axşamlarında” (söz: Fikrət Qoca) mahnısı da illərdir ki, sevilərək oxunur. Cavanşir QuliyevinNovruz gəlir, yaz gəlir” (söz: Ramiz Rövşən) kimi mahnısı populyar nəğmələr arasındadır.

Bəhs olunan mövzuda fundamental araşdırma aparanonun nəticələrini “Azərbaycan musiqisində bahar mövzusuNovruz motivlərinin izləri” kitabında toplayan Türkiyənin Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru İlqar İmamverdiyevin maraqlı mülahizələri var.

O, Azərbaycanın musiqi irsinə nəzər salaraq qeyd edir ki, baharya Novruz bayramı ilə bağlı musiqilər əsasən üç yöndən özünü göstərməkdədir. Bunları Azərbaycan xalq musiqisi,  professional bəstəkar yaradıcılığı və Azərbaycan xalq rəqsləri üzrə qruplaşdıran araşdırmaçı əsas etibarilə xalq musiqimizdəki nümunələrə diqqət çəkib. Azərbaycan bəstəkarlarının yaradıcılığında Novruza həsr olunmuş musiqi əsərlərini də iki qrupa ayıran müəllif professional bəstəkarlarımızın bahar, Novruz bayramına həsr olunmuş əsərlərini müsbət hal kimi dəyərləndirib.

Aşıq yaradıcılığında Novruza aid saysız bayatı, qoşma, gəraylı, həmçinin dastanlardan parçaları diqqətə çatdıran müəllif bu gün də müxtəlif adlarlaya xalq mahnısı kimi xatırlanan və musiqi məclislərinin bəzəyinə çevrilən nümunələrdən danışır.

Musiqişünaslar Şərq xalqlarının klassik muğam sənətində “Novruz-bayatı”, “Novruz-büzürg”, “Novruz-kiçik”, “Novruz-səba”, “Novruz-xara” adlı muğam şöbələrinin olduğunu qeyd edirlər. Bu nümunələr sırasında kütləvi tamaşaçının ölməz sənətkar Bülbülün, xanəndə Qəndab Quliyevanın ifasında sevib dinlədiyi “Bağçada güllər” mahnısı daha məşhurdur. Həmçinin mərhum xanəndələrdən Yaqub Məmmədovun şaqraq səsində ruhumuzu dilləndirən “Gül açılanda yaz olur, Səxavət Məmmədovun ifasında “Gül açdı, bahar oldu...” mahnıları da bu qəbildən unudulmaz nəğmələr sırasındadır.

Baharın ilıq nəfəsinin duyulduğu ölməz əsərlər sırasında Tofiq Quliyevin (söz: Z.Cabbarzadə) Şövkət Ələkbərovanın ifasında ölməzlik qazananİlk bahar”, Cahangir CahangirovunBahar nəğməsi” (söz: Ə.Əlibəyli) mahnıları insanların bahar sevincini ifadə etmək baxımından dəyərli nümunələrdir. Ramiz Mirişlinin  Bayram axşamlarında” (söz: F.Qoca) mahnısı Novruz axşamları hər kəsin zümzümə etdiyi, qol qaldırıb oynadığı ifalardandır.

Novruz bayramının mahnı nümunələri sırasında Ağabacı Rzayevanın, Hökumə Nəcəfovanın, Oqtay Zülfüqarovun, Tofiq Əhmədovun, Bəxtiyar Kərimovun da imzası olan əsərlər çoxdur. Bəstəkar Mehriban Əhmədovanın Fikrət Qocanın sözlərinə yazdığı “Bahar nəğməsi” və yaBu gün şən bayramıdır ellərin” mahnısını bilməyən az adam tapılar.

Novruz motivi professional bəstəkarlarla yanaşı, həvəskar musiqiçilər və tanınmış müğənnilərin də yaradıcılığında önəmli yer tutur. Bu mənada sözləri və musiqisi Ramiz Paşayevə aidNovruz bayramınız mübarək olsun” əksər müğənni və musiqi kollektivlərinin repertuarını bəzəməkdədir. Eləcə də İlqar Cəmiloğlunun “Novruz gələndə”, “Novruz bayramı, xoş gəldin”, “Novruzum, gəl” mahnılar silsiləsi diqqətəlayiq örnəklərdəndir.

Yəqin bu qədər mahnı və ifaçıların adını oxuduqca sevilən mahnıların yaradıcısı və usta ifaçısı mərhum Məmmədbağır Bağırzadənin də ismini axtardınız. Bəli, onun saysız-hesabsız sevilən ritmik mahnıları sırasında Novruz günlərimizi xoş ovqata kökləyən “Bahar gəlir”, “Bayram şamları”, “Yurdumuza yaz gəlir” mahnıları öz ifasında könülləri oxşayırdı. Bu mahnılar bu gün də neçə-neçə müğənninin repertuarını rəngarəng edir...

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2019.- 20 mart.- S.7.