Ənənəni gələcəyə
daşıyanlar
Gözəllik, zəriflik və dəbdəbənin təcəssümü olan Azərbaycan milli geyimləri daim maraqla qarşılanıb. Əsrləri geridə qoyan, xalqın etnoqrafik xüsusiyyətləri, məişət və yaşam tərzini ən incə detalları ilə özündə təcəssüm etdirən bu geyimlər günümüzdə də rəqs, sərgi, səhnə geyimini aşıb gündəlik qarderobumuzda yer ala bilər...
Martın 15-də Muzey Mərkəzində keçirilən sərginin təşkilatçıları da bunu isbatlamaq istəyirdilər. Artıq 10 ili geridə qoyan Bakı Milli Geyim Evinin yubiley sərgisinə toplaşanlar da, o geyimləri nümayiş etdirənlər də bu fikri bir daha təsdiq etmiş oldular.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan Bakı Milli Geyim Evinin “Ənənədən gələcəyə” adlı yubiley dəfiləsində müxtəlif rəng və biçimlərdə hazırlanmış geyimlər, al-əlvan baş örtükləri, zəngin aksessuarlar göz oxşayırdı. Azərbaycanın bütün bölgələrinə xas olan 30-dan çox qadın, kişi və uşaq geyiminin hər biri əl işi olmaqla bir nüsxədir və geyim evinin kollektivi tərəfindən hazırlanıb.
Dəfilədə qız və oğlanlar milli geyimləri “Sarı gəlin”, “Azərbaycan maralı” və “Laçın” kimi məşhur xalq mahnılarının, Ü.Hacıbəylinin “Arazbarı” ritmik muğamı, Q.Qarayevin “Yeddi gözəl” baletindən valsın sədaları altında rəqs edərək nümayiş etdirdilər.
Gecədə Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr studiyasının balaca üzvləri də milli geyimlərdə səhnəyə çıxdılar. Bundan öncə də bu geyim evinin əlbəsələri ilə beynəlxalq festivala qatılan balacaların mahnı və rəqsləri baxımlı idi.
Tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, ziyalılar, sənətsevərlər və media nümayəndələrinin iştirak etdiyi dəfilədə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, modelyer-dizayner, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova çıxış edərək sərgi barədə xoş sözlər dedilər.
Sonda Bakı Milli Geyim Evinin direktoru, modelyer-dizayner Könül Vəlibəyli yubiley dəfiləsinə təşrif buyuran bütün qonaqlara təşəkkürünü bildirdi.
HƏMİDƏ
Mədəniyyət.- 2019.- 20 mart.-
S.5.