“Babamızın babasının babası”nı xatırladıq

 

 

Martın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun (1914-1983) anadan olmasının 105 illiyi qeyd edildi.

Ola bilsin ki, bir qədər gənc sənətsevərlərə bu unudulmaz aktyoru tanıtmaq üçün onun çəkildiyi bədii filmləri xatırlatmaq lazımdır, nisbətən daha stajlılar isə onu televiziyadakı aparıcısı olduğu uşaq verilişlərindəki Xoruz baba, Piri baba kimi obrazları ilə də xatırlayır, ömrünü həsr etdiyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrındakı əvəzsiz Cəbi (“Hacı Qənbər”), Hacı Murad (“Tamahkar”), Bobçinski (“Müfəttiş”) və adı nəinki bir yazıya, hətta bir qəzet səhifəsinə sığmayacaq qədər rollarını yada salırlar. Lakin “Yenilməz batalyon”, “Alma almaya bənzər”, “Babamızın babasının babası” və digər filmlərin adını çəkmək kifayətdir ki, xarakterik rollar ustası Hüseynağa Sadıqovun bütün nəsillərin sevimli aktyoru olduğu bilinsin.

Elə sənət ocağında düzənlənən mərasimdə nümayiş etdirilən videoçarx da aktyorun həyat və yaradıcılığı barədə geniş məlumat verir, onun yalnız xoş təəssüratla xatırladığımız rollarını yadımıza salırdı. Ssenari müəllifi, uzun illər görkəmli aktyor ilə eyni səhnəni paylaşmış Xalq artisti Ağaxan Salmanlı tədbirin planını elə qurmuşdu ki, maraqlı çıxışların arasında nümayiş etdirilən tamaşa və filmlərdən fraqmentlər Hüseynağa Sadıqovun yaddaşlara hopmuş irili-xırdalı sevimli obrazlarına nə qədər diqqət və məsuliyyətlə yanaşdığını, böyük aktyorun öz sənəti ilə tamaşaçılara nə qədər böyük zövq yaşatdığını vurğulayırdı.

Tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, xalq artistləri İlham Namiq Kamal, Şamil Süleymanov, Sabir Məmmədov, əməkdar artistlər Suğra Bağırzadə, Şəfəq Əliyeva, aktrisa Sona Babayevabaşqa çıxış edənlər Hüseynağa Sadıqovla bağlı xatirələrini bölüşdülər, onun yaradıcılığının  ayrı-ayrı məqamlarını təhlil etdilər. Yeniyetməlik çağlarından qəlbini teatr sənətinə vermiş, bütün ömrünü aktyor sənətinə, gənc nəslin mənəvi tərbiyəsinə həsr etmiş aktyorun yüzlərlə tamaşada rol aldığı, 40-dək filmə çəkildiyi qeyd olundu. Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın teatr fədailərinə həsr etdiyi “Mən aktyoram” mahnısını ifa edən teatrın  istedadlı cavanları – Əməkdar artist Səidə Şərifəliyeva, aktyorlar GültacHüseyn Əlili yubiley tədbirinə musiqi töhfələri ilə rəng qatdılar.

Sonda sənətkarın qızı Tamilla Sadıqova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq etdi.

 

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 20 mart.- S.1;4.