Mədəniyyət naziri
Parisdə UNESCO-nun baş
direktoru ilə görüşüb
Ölkəmizlə təşkilat
arasında əlaqələr müzakirə olunub
Mədəniyyət
naziri Əbülfəs Qarayev Parisə səfəri zamanı
UNESCO-nun baş direktoru Odri Azule ilə görüşüb.
Görüşdə Azərbaycanla UNESCO arasında əlaqələrin hazırkı vəziyyəti, mayın 2-3-də UNESCO-nun əsas tərəfdaşlığı ilə Bakıda keçiriləcək 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun – 10 iyul tarixlərində paytaxtımızda təşkil olunacaq UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq və digər birgə layihə və proqramlarla bağlı fikir mübadiləsi aparılıb.
Əbülfəs Qarayev ölkəmizin UNESCO ilə əməkdaşlığı inkişaf etdirməyə, dünyada təşkilatın ideallarının yayılmasına daima sadiq olduğunu vurğulayıb və təşkilat ilə çoxsaylı birgə layihələrin bundan sonra da davam edəcəyini bildirib.
Təşkilatın baş direktoru Azərbaycan ilə əməkdaşlığın səviyyəsindən razılığını qeyd edərək ölkəmizdə keçiriləcək mühüm beynəlxalq tədbirlərin bilavasitə UNESCO ilə bağlı olduğunu və təşkilatın bu prosesdə fəal rol oynayacağını diqqətə çatdırıb.
Nazir UNESCO-nun Dünya irsi və Qeyri-maddi mədəni irs siyahılarına daxil edilmiş Azərbaycanın mədəniyyət və irs nümunələri barədə xanım O.Azuleyə məlumat verib, həmçinin Dünya İrs Komitəsinin sədri kimi ölkəmizin dünyada münaqişə ərazilərində və təbii fəlakətlər vəziyyətində mədəni irsin qorunması məsələsinin aktuallığını diqqətdə saxlayacağını qeyd edib.
Odri Azule
qeyd edilən məsələlərin
UNESCO üçün də ciddi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, cari ilin noyabr
ayında təşkilatın qərargahında keçiriləcək
mədəniyyət nazirlərinin konfransı və aprelin 25-26-da Cenevrədə reallaşacaq
hərbi münaqişələr zamanı mədəni
mülkiyyətin qorunmasına dair konvensiya ilə bağlı tədbir çərçivəsində
reallaşacaq nazirlər paneli
barədə məlumat verərək, Əbülfəs Qarayevi həmin tədbirlərə dəvət
edib.
Mədəniyyət.- 2019.- 29 mart.-
S.2.