Musiqişünas alim Elmira Abbasovanın
xatirəsi anılıb
Azərbaycan Milli Konservatoriyasında (AMK) 27 mart – Elm günü münasibətilə görkəmli musiqişünas alim, Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
“Elm, yaradıcılıq, axtarış və zəhmət” – E.Abbasovanın həyatını əks etdirən bu ifadə konfransın devizi olaraq qeyd olunub.
Konfransı AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova açaraq Elm günü münasibətilə iştirakçıları təbrik edib və Elmira Abbasovanın yaradıcılıq yolundan söhbət açıb.
Sonra Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, E.Abbasovanın qızı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Kamina Məmmədova və başqalarının məruzələri dinlənilib. Məruzəçilər professorun həyat və yaradıcılıq yolundan bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.
Tədbirdə AMK-nın müəllim və tələbə heyəti tərəfindən musiqi nömrələri də təqdim olunub.
Xatırladaq ki, 27 mart 1945-ci il tarixində Azərbaycan SSR Elmlər
Akademiyası fəaliyyətə başlayıb. Prezident İlham
Əliyevin 2018-ci ildə imzaladığı sərəncama əsasən
27 mart ölkəmizdə Elm
günü kimi qeyd edilir.
Mədəniyyət.- 2019.- 29 mart.-
S.3.