Milli Kitabxanada növbəti sərgi

 

 

 

Martın 28-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair və tərcüməçi, ictimai xadim Teymur Elçinin (1924-1992) anadan olmasının 95 illiyi münasibətilə kitab sərgisi açılıb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək milli uşaq ədəbiyyatına böyük töhfələr vermiş Teymur Elçinin həyat və yaradıcılığı, zəngin ədəbi irsi, yüksək mənəvi-əxlaqi keyfiyyətlərindən danışıb. Direktor 5 il öncə Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından şairin həyat və yaradıcılığı haqqında “Teymur Elçin” adlı ilk fundamental biblioqrafiyanın tərtib olunduğunu və eyniadlı elektron məlumat bazasının hazırlandığını diqqətə çatdırıb.

Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə Teymur Elçinin müxtəlif dillərdə çap olunmuş əsərləri, ədib haqqında yazılmış 300-dən çox ədəbiyyat nümayiş olunur.

 

Mədəniyyət.- 2019.- 29 mart.- S.2.