“Bölgələrdən bölgələrə”
yaradıcılıq festivalı
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, nazirliyin regional mədəniyyət idarələrinin iştirakı ilə ölkəmizdə ikinci dəfə “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçirilir.
Layihəyə martın 28-də Gəncə şəhərində start verilib. Gəncə Dövlət Filarmoniyasında “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının açılış mərasimi keçirilib. Festivalın növbəti tədbiri martın 29-da Ağstafa şəhərində təşkil olunacaq.
Festival Azərbaycanın bütün regionlarının bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağına imkan yaradacaq. Eyni zamanda, layihənin məqsədi bölgələr arasında mədəni mübadilənin gücləndirilməsidir.
Festivalın tədbirlərində Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və s. əl işləri nümayiş etdiriləcək, hər bir regional idarə üzrə folklor qruplarının, incəsənət və bədii özfəaliyyət kollektivlərinin çıxışları olacaq. Bundan başqa, sənətkarlıq nümunələrinin satış yarmarkası da təşkil olunacaq.
Qeyd edək ki, 2018-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” ilk yaradıcılıq festivalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdu. “100 illik tariximiz” başlığı altında iki ay davam edən festival böyük maraqla qarşılanmışdı.
Builki festival da
iki ay davam edəcək. Festival tədbirlərinin
Gəncə və Ağstafadan sonra aprel ayında Kürdəmir, Ağdaş,
Saatlı, Neftçala,
Bərdə, Ağcabədi,
Abşeron, Xaçmaz
rayonlarında, may ayında
isə Lerik, Masallı, Şəmkir, Balakən və Şamaxıda keçirilməsi
planlaşdırılır.
Mədəniyyət.- 2019.- 29 mart.-
S.1.