Qətər Milli Muzeyinin yeni
binasının açılış mərasimi keçirilib
Martın 27-də Qətər Dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Əl-Saninin himayəsi altında Doha şəhərində Qətər Milli Muzeyinin yeni binasının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə ölkəmizi mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva təmsil edib.
Mərasimdə Şeyx Təmin bin Həməd Əl-Sani çıxış edərək Qətərin tarixi, mədəniyyəti və irsi haqqında qısa məlumat verib.
Sonra tədbir iştirakçıları Qətər Milli Muzeyinin möhtəşəm arxitekturası, gözoxşayan interyeri, ekspozisiya və sərgi zalları, nümayiş olunan eksponatlar və onların tarixləri, habelə muzeyin gələcək fəaliyyəti ilə yaxından tanış edilib. Muzeydə Qətərin qədim məişət əşyaları, xalça və tikmə məmulatları, silah növləri, dünya incəsənəti nümunələri və müasir əl işləri nümayiş etdirilir. Məşhur fransız memarı Jan Nuvel tərəfindən modernləşdirilmiş muzeyin yeni binasında ən son müasir texniki avadanlıqlardan və avtomatlaşdırma vasitələrindən istifadə olunub.
Muzeylə tanışlıqdan sonra Qətər Əmirinin adından qonaqların şərəfinə ziyafət verilib.
Ziyafətin sonunda Şeyx Təmin bin Həməd Əl-Sani ilə görüşən nazir müavini Sevda Məmmədəliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını, möhtəşəm layihə münasibətilə təbrik sözlərini ona çatdırıb. Qətər Əmiri isə öz növbəsində xalqının önəmli günündə Azərbaycan nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib və ölkə rəhbərliyinə öz dərin təşəkkürünü bildirib.
Daha sonra nazir müavini Qətərin birinci xanımı Şeyxa Moza bint Nasir Əl-Misnəd, Qətər Milli Muzeyinin direktoru Şeyx Əl Mayassa bint Həməd bin Xəlifə Əl-Sani, Qətər Təhsil, Elm və İcma İnkişafı Fondunun sədr müavini və icraçı direktoru Şeyxa Hind bint Həməd bin Xəlifə Əl-Tani ilə görüşərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın salamlarını çatdırıb və muzeyin açılışı münasibətilə öz xoş təəssüratlarını bölüşüb.
Sevda Məmmədəliyeva Qətər Milli Muzeyinin direktoru ilə görüşü zamanı Azərbaycan muzeyləri ilə Qətər Milli Muzeyi arasında əməkdaşlığın qurulması haqqında söhbət açıb və Azərbaycan Milli İncəsənət Muzeyinin fondundan “Azərbaycan el sənəti”, habelə ölkəmizin xalçaçılıq sənətinə aid “Stars of Caucasus” kitablarını ona hədiyyə edib.
Qətər Milli Muzeyinin direktoru Şeyxa Əl Mayassa bint Həməd bin Xəlifə Əl-Sani Azərbaycan və Qətər arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılmasını, iki ölkənin muzeyləri arasında əməkdaşlığın qurulması üçün zəruri tədbirlərin görüləcəyini qeyd edib və Azərbaycan tərəfinin Qətər Milli Muzeyinin açılış tədbirində iştirakı ilə bağlı öz minnətdarlığını bildirib.
Tədbirlərdə Azərbaycan
Respublikasının Qətərdəki səfiri Rəşad
İsmayılov da iştirak
edib.
Mədəniyyət.- 2019.- 29 mart.-
S.3.