“İmadəddin Nəsimi və özbək ədəbiyyatı”

 

 

Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi

 

Martın 28-də Beynəlxalq Mətbuat Mərkəzində “İmadəddin Nəsimi və özbək ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Kaspi” qəzeti, eyniadlı təhsil şirkəti və Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə layihəsi olaraq təşkil edilən konfrans mütəfəkkir şairin 650 illik yubileyinə və “Nəsimi ili”nə həsr olunmuşdu.

Tədbiri giriş sözü ilə “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva açaraq Özbəkistan ziyalıları ilə birgə ədəbiyyat sahəsində görülən işlər barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin tarixi çox qədimdir: “Biz bu gün həmin ənənəni davam etdiririk. Bizim Hüseyn Cavidlə, Məmməd Arazla bağlı layihələrimiz Türk dünyasının bir çox bölgələrini əhatə edib. “İmadəddin Nəsimi və özbək ədəbiyyatı” mövzusunda konfrans da həmin layihələrin davamıdır. Mən inanıram ki, bu layihələrin arası kəsilməyəcək. İllərlə bu əlaqələri kəsməyə çalışsalar da, heç kəs buna nail ola bilməyib”.

Sona Vəliyeva İmadəddin Nəsiminin Türk dünyasına və ümumiyyətlə, Şərq ədəbiyyatına təsirindən danışdı. Bildirdi ki, “Haqq mənəm, haqq məndə təzahür edir” deyərək haqq aşiqi olan Nəsimi həm də ilahi eşq uğrunda ikinci bir şəhid şairdir: “Nəsiminin Əlişir Nəvai yaradıcılığına təsiri olub. Onun əxlaqi, estetik kateqoriyalara münasibəti də ilahidən gələn idi. O, insanın təkcə üz gözəlliyini nəzərdə tutmayıb. Həm də insanın daxilizahirinin vəhdətdə gözəl olması fikrini irəli sürüb. Bu fikir zaman ötdükcə başqa xalqların yaradıcılığına keçib”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Azərbaycan ədəbi dilinin inkişafında İmadəddin Nəsiminin rolumövzusunda məruzə etdi. Diqqətə çatdırdı ki, Nəsimi kimi şairlər Türk dünyasını birləşdirən bağlardır. Şair ana dilimizlə yanaşı, fars və ərəb dillərində də şeirlər yazıb. Nəsimi təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının ən böyük söz ustalarından biridir. Türkdilli xalqlar onu seviröz şairləri hesab edirlər.

Tərcüməçi, alim Tahir Qahhar “İmadəddin Nəsimi əsərlərinin özbək dilinə tərcüməsi” mövzusunda məruzəsində qeyd etdi ki, tədqiqatçılar bu mövzuda maraqlı araşdırmalar aparsalar da, bu istiqamətdə hələ görüləcək işlər var. Çünki minillik yazılı özbək ədəbiyyatında hürufilikdən yazan şairlər olub. Ancaq yaradıcılığında Nəsimi qədər hürufiliyə geniş yer verən şair olmayıb.

Konfransda daha sonra AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “İmadəddin Nəsimi yaradıcılığında insan konsepsiyası”, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev ”İmadəddin Nəsimi və folklor”, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva “XV əsr özbək ədəbiyyatında Nəsimidən bəhrələnmələr”, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Azərbaycan-Özbəkistan ədəbi əlaqələri İmadəddin Nəsimi yaradıcılığı kontekstində”, tarixçi, publisist Şuxrat Salamov “İmadəddin Nəsimi və özbək ədəbiyyatı”, AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli “İmadəddin Nəsimi fəlsəfəsi” adlı məruzələrlə çıxış etdilər.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxışında Nəsimi yaradıcılığının spesifik xüsusiyyətlərindən söz açdı.

Çıxışlardan sonra Azərbaycan həqiqətlərini Özbəkistanda, eləcə də dünyada tanıtdığına görə tarixçi-publisist Şuxrat SalamovaKaspi” qəzetinin və Azərbaycan Mətbuat Şurasının mükafatı, özbək nümayəndə heyətinin digər üzvlərinə isə diplomlar təqdim olundu.

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 29 mart.- S.3.