Azərbaycan-UNESCO münasibətləri məmnunluq
doğurur
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva martın 20-də UNESCO-nun mənzil-qərargahında təşkilatın baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Ramirez ilə görüşüb.
Görüş Novruz bayramına təsadüf etdiyindən nazir müavini Azərbaycan xalqı üçün bu bayramın əhəmiyyətindən danışıb, Novruzun 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salındığını qeyd edib. Bu əlamətdar hadisənin 10 illiyi münasibətilə UNESCO-nun qərargahında görkəmli muğam ustası Alim Qasımovun iştirakı ilə konsertin keçiriləcəyini qeyd edən nazir müavini Azərbaycan muğam sənətinin, eləcə də muğam üçlüyünə daxil olan Azərbaycanın qədim musiqi alətlərinin – tar və kamançanın UNESCO-da Qeyri-maddi mədəni irs nümunəsi kimi tanındığını vurğulayıb.
Sevda Məmmədəliyeva Azərbaycan-UNESCO əməkdaşlığı barədə danışaraq bu münasibətlərin son illər ərzində daha da dərinləşməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd edib.
Sonra nazir müavini bu ilin 30 iyun – 10 iyul tarixlərində UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyası ilə bağlı hazırlıq işləri barədə məlumat verib və sessiyanın ən yüksək səviyyədə təşkil ediləcəyini vurğulayıb.
Baş direktorun müavini
E.Ramirez Azərbaycanla UNESCO arasında
münasibətlərin yüksək səviyyədə
olmasından, ölkəmizin təşkilatın işində
yaxından iştirak etməsindən və
UNESCO dəyərlərinin təşviqində mühüm rol
oynamasından məmnunluğunu ifadə edib
və ölkəmizə təşəkkürünü
bildirib. Azərbaycanın sədrliyi ilə
keçəcək Dünya İrs Komitəsinin iclasının uğurla təşkil ediləcəyinə əminliyini
bildirən E.Ramirez bu mühüm tədbirdə şəxsən iştirak etməkdən məmnun
olacağını bildirib.
Görüşdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov və Dünya
İrs Mərkəzinin direktoru
Mextild Rossler iştirak edib.
Mədəniyyət.- 2019.- 29 mart.- S.4.