Aşıq Şəmşirə həsr olunmuş saz-söz
bayramı
Azərbaycan Aşıqlar Birliyi, Kəlbəcər Rayon İcra Hakimiyyəti və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə saz-söz sənətimizin görkəmli nümayəndəsi Aşıq Şəmşirin anadan olmasının 126-cı ildönümü münasibətilə Gəncə şəhərində tədbir keçirilib.
“Dədə Şəmşir – saz-söz bayramı” adlı tədbirin iştirakçıları əvvəlcə sənətkarın Göygöl rayonundakı büstünü ziyarət ediblər.
Sonra Göygöl şəhərində ustad sənətkarın adını daşıyan musiqi məktəbində yeniyetmə aşıqların müsabiqəsi keçirilib. Mədəniyyət Nazirliyi, Aşıqlar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən 50-dən çox ifaçı qatılıb.
Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Əməkdar mədəniyyət işçisi Mais Gəncəli, Fətulla Göyçəli, Əhliman Kəlbəcərli və digər sənətkarların münsiflik etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb.
Sonra tədbir Gəncə şəhərində yerləşən Kəlbəcər rayon Mədəniyyət evində davam etdirilib. Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxış edərək Dədə Şəmşirin yaradıcılığı haqqında danışıb. Vurğulayıb ki, Dədə Şəmşirin söz-sənət məktəbi aşıq sənətinə təsir göstərməklə yanaşı, Bəhmən Vətənoğlu, Ənvər Rza, Məmməd Aslan, Sücaət kimi görkəmli şairlərin yetişməsinə də zəmin yaradıb.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov bu cür tədbirlərin əhəmiyyətindən bəhs edərək, dövlətimizin mədəniyyətin digər sahələri kimi, aşıq sənətinə də diqqət və qayğı göstərdiyini deyib.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbir iştirakçılarını salamlayaraq ötən illərdə Dədə Şəmşirin yubileylərinin, o cümlədən ötən il 125 illiyinin geniş qeyd edildiyini, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncam imzaladığını bildirib.
Tədbir daha sonra musiqi proqramı ilə
davam etdirilib, kəlbəcərli
aşıqlar görkəmli sənətkarın şeirlərini
saz havaları üstündə oxuyublar.
Mədəniyyət.- 2019.- 29 mart.- S.4.