Dünya teatr günündə şəhid aktyorun xatirəsi anılıb

 

 

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Yaradıcılıq evində 27 martDünya teatr gününə və Bəşir Səfəroğlu adına Xalq teatrının şəhid aktyorrejissoru Mahmud Hüseynovun xatirəsinə həsr olunmuş “Ayrılığın sonu yoxmuş” adlı ədəbi-bədii gecə keçirilib.

Şəhər Mədəniyyət mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev tədbiri açaraq əlamətdar gün barədə məlumat verib. Bildirilib ki, Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən, hər il martın 27-si Dünya teatr günü kimi qeyd olunur.

Tədbirdə millli teatr sənətinin inkişafından, ölkə başçısının bu sənətə qayğısından,  “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın həyata keçirilməsindən söz açılıb.

Yaradıcılıq evinin direktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Adıgözəlovanın hazırladığı ssenari əsasında tədbirdə daha sonra Yevlax şəhərində teatr sənətində mühüm xidmətləri olmuş Mahmud Hüseynovun həyat və fəaliyyətindən bəhs olunub, şəhid aktyorun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mahmud Hüseynovun sənət yoldaşları aktyor haqqında xatirələrini danışıblar.

Tədbirdə şəhid aktyorun ailə üzvləri, yaxın qohumları da iştirak edib.

 

Mədəniyyət.- 2019.- 29 mart.- S.5.