“Arazın o tayında”n “Mərdlik nəğməsi”nə

 

 

 

1921-ci ildə Bakının “qara qızıl”ı ilə nəinki Azərbaycanda, hətta dünyada tanınan Balaxanı kəndində Şirgəşt Cahangirovun ailəsində bir uşaq dünyaya göz açır. Adını Cahangir qoyurlar...

Sonralar bəstələdiyi musiqilərlə şöhrəti ölkəmizin hüdudlarını aşacaq Cahangir Cahangirov sənətə uşaq vaxtlarından maraq göstərir, Balaxanı məktəbində təhsil alarkən özfəaliyyət dərnəyinə üzv yazılır, xorda oxuyur, tarla maraqlanır. Bu maraq onu Asəf Zeynallı adına Musiqi Məktəbinə gətirir. 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olan Cahangir Cahangirov dahi Üzeyir Hacıbəylinin və professor Boris Zeydmanın siniflərində bəstəkarlıq sənətinin sirlərinə yiyələnir.

Onun geniş dinləyici kütləsi arasında tanınması isə 1949-cu ilə təsadüf edir. Həmin il Azərbaycan bəstəkarlarının yaradıcılığına baxış keçirilir. Baxışda iştirak edən C.Cahangirovun “Arazın o tayında” vokal-simfonik poeması diqqəti cəlb edir. Cənubi Azərbaycandan olan şairlər Mədinə Gülgün və Əli Tudənin sözlərinə bəstələnən, xalqımızın azadlıq mübarizəsini tərənnüm edən əsər Moskvada, İttifaqlar Evinin sütunlu salonunda ifa olunur, ümumittifaq radiosunda lentə yazılır və müəllif Dövlət mükafatına layiq görülür.

Gənc ikən tanınan və sevilən bəstəkar bir neçə xalq mahnısını xor üçün işləyir. Tələbəlik illərində qazanılan təcrübə sonralar xor və səhnə üçün yazdığı çoxsaylı əsərlərində parlaq əksini tapır. Onun bu sahədə yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə hesab edilir. Bəstəkar on ilə yaxın Azərbaycan Radiosunun nəzdində xor kollektivinə rəhbərlik edir. Yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənir. O, eyni zamanda Azərbaycan Dövlət Filarmoniyası nəzdində mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsində çalışır.

Mütəxəssislər bildirirlər ki, bəstəkarın mahnılarında rəqs təranələri də güclüdür. Əksər mahnılarının ahəngində böyük plastiklik, incə oynaqlıq duyulur. Müraciət etdiyi müxtəlif musiqi janrlarında uğur qazanmasının əsas səbəbi xalq musiqisinə, eləcə də muğamlara bağlı olması idi. Bəstəkarın “Mərdlik nəğməsi” mahnısında aşıq havalarının bulaq kimi çağlayan ruhu duyulur. “Füzuli”, “Nəsimi” kantataları, “Sabir”, “Hüseyn Cavid-59”, “Böyük Qələbə” oratoriyaları, “Azad”, “Xanəndənin taleyi” operaları bəstəkarın yaradıcılığında mühüm yer tutur. Dahi Füzulinin vəfatının 400 illiyi ilə bağlı bəstələnən eyniadlı kantata istər musiqi, kompozisiya, istərsə də mətndən istifadə nöqteyi-nəzərindən C.Cahangirovun istedadının parlaq nümunələrindəndir. Müəllifin Cənubi Azərbaycan həyatından bəhs edən “Xanəndənin taleyi” operasında məşhur xanəndə Seyid Mirbabayevin keşməkeşli həyatı təsvir edilib. Musiqişünasların fikrincə, muğam operalarında ən çətin klassik opera ilə muğam parçalarının ahəngdar uyğunlaşmasını təmin etməkdir. Ü.Hacıbəyli məktəbinin layiqli davamçısı olan C.Cahangirov bu çətin vəzifənin öhdəsindən məharətlə gəlib. Əsər OperaBalet Teatrının səhnəsində böyük müvəffəqiyyətlə səhnəyə qoyulub.

C.Cahangirovun yaradıcılığında mahnı janrı da xüsusi yer tutur. O, istər xor, istərsə də solo ifa üçün unudulmaz mahnılar bəstələyib. Bunların sırasında Nizaminin qəzəlinə yazılan “Gül camalın” qəzəl-romansını, Xaqaninin “Nazənin”, Molla Pənah VaqifinDurnalar”, İslam Səfərlinin “Ana”, “Zərif gülüşlüm”, “Buludlar”, “ şanı, Qara şanı”, Rəfiq Zəka Xəndanın “Məhsul nəğməsi” və s. əsərlərə yazdığı mahnıları göstərmək olar.

Bəstəkarın filmlərə yazdığı mahnılar da öz bənzərsizliyi ilə seçilir. O, “Dağlarda döyüş”, “Dəli Kür”, “Evlənmək istəyirəm”, “Qatır Məmməd”, “Yenilməz batalyonkimi filmlərdə səslənən mahnıların müəllifidir.

Bəstəkar uzun illər Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA)  Xor dirijorluğu kafedrasına rəhbərlik edib, gənclərə xor musiqisinin incəliklərini öyrədib. Xalq artisti Cahangir Cahangirov 1992-ci il martın 25-də dünyasını dəyişib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 29 mart.- S.5.