Onu hamı sevirdi...
“Həyat insana bir dəfə verilir. Onu gərək elə
yaşayasan ki, sonra ömür yoluna baxanda fəxr edəsən”.
Bu ibrətamiz sözlər görkəmli
sənətkar, Xalq artisti Hüseynağa Sadıqova məxsusdur.
Müdrik sənətkar ifadəsini
gəlişigözəl söz
kimi işlətmədim.
H.Sadıqov, sözün əsl
mənasında, kamil və ziyalı aktyor idi. Teatrda daha çox
uşaq tamaşalarında,
alleqorik personajların
yaradıcısı kimi,
kinoda isə bənzərsiz səs tembri və xarakterik sifət cizgilərinə görə
yaddaşlara həkk olunan aktyor zəngin
dünyagörüşü, həyat bilgisi sayəsində irili-xırdalı
rollarının təfsirində
xarakterləri incəliyinə
qədər cilalayar, səmimi, mehriban xüsusiyyətinə görə
də hamının sevimlisinə çevrilərdi...
Hüseynağa Ələsgər oğlu
Sadıqov 1914-cü il martın 21-də Bakıda anadan olub. Kiçik yaşlarında anası
onu teatra aparıb. Səhnənin ecazkar sehrinə
qapılaraq ilk gündən
teatra vurulub, tədricən bu sevgi peşə seçiminə çevrilib.
1930-cu ildə (16 yaşında) müsabiqə
yolu ilə Gənc Tamaşaçılar
Teatrının aktyor truppasına sınaq müddətinə işə
qəbul olunub. İti yaddaşa, tez qavrama qabiliyyətinə malik olduğuna görə isə qısa müddətdə
kollektivin rəğbətini
qazanıb. Bir il sonra
teatrda aktyor kimi işə düzəlib.
Gənc Tamaşaçılar Teatrında
müxtəlif obrazlar
oynayan aktyor yaradıcılığını realist prinsiplər əsasında
qurub, canlı, dolğun obrazların təfsirində sadəliklə
yanaşı, təbiilik
nümayiş etdirib. “Bəxtsiz
cavan”da Mirzə Qoşunəli, “Şirinbala
bal yığır”da Rəcəb,
“Anacan”da Səlim, “Hacı Qəmbər”də
Cəbi, “Ağa Kərim xan Ərdəbili”də Əhməd,
“Şamdan bəy”də
Şamdan bəy və onlarla digər dolğun rollarına görə tamaşaçıların rəğbətini
qazanıb.
Görkəmli dramaturq C.Cabbarlı
yazırdı: “Artist yaratdığı
obrazla yaşamalıdır.
O, obrazın daxili aləmini açıb bütün təfərrüatı
ilə tamaşaçıya
çatdırmalıdır. Səhnə sünilik sevmir”. Sənət aləmində
peşəkarlıq düsturu
sayıla biləcək
bu sözlər aktyor kimi minimum hərəkətlə maksimum
ifadəyə nail olan
Hüseynağa Sadıqovun
yaradıcılığında təsdiqini tapır.
Məşhur rejissor Aleksandr Tuqanov teatrı müqəddəs məkana
bənzədərək deyərdi
ki, “İncəsənət
bir məbəddir, ora qara fikirlə,
çirkli ayaqla girmək olmaz”. Hüseynağa Sadıqov da saf, incə qəlbi, xoşməramlı
düşüncələri ilə teatra ayaq basdığındandır
ki, səhnədə böyüklü-kiçikli hamının
ürəyini ovsunladı,
kiçikyaşlı tamaşaçıların
belə doğmasına
çevrildi. Aktyorun teatr
personajları, eyni zamanda televiziya və radio tamaşalarında
oynadığı müxtəlif
səpkili rolları, həmçinin Xoruz baba, Piri baba
obrazları uşaqların
dünyagörüşünün formalaşmasında, əxlaq
prinsiplərinin nizama salınmasında mühüm
rol oynayırdı.
Aktyorun qızı Tamilla xanım müsahibələrinin birində
deyir: “Atamla tez-tez gəzməyə gedirdik. Uşaqlar onu görən
kimi yanına qaçıb gəlirdilər.
Mən atamı onlara qısqanırdım. Bir
dəfə atama sən məni çox istəmirsən dedim. O isə məni kənara çəkib dedi ki, sən mənim
qızımsan. Təbii ki,
səni çox istəyirəm, amma onlar da sənin
kimi balalardır, onlara da vaxt
ayırmalıyam.
Evimizə çox sayda məktub gəlirdi. Biz Bakıxanov küçəsində
yerləşən 8 mərtəbəli
binada yaşayırdıq.
O vaxt lift yox idi. Poçtalyon pilləkənləri qalxaraq məktubları çatdırmağa məcbur
olurdu. Hər dəfə də
deyirdi ki, mən yoruluram, nə qədər məktub olar. Atamsa deyirdi ki, o məktubları
uşaqlar məni sevdiklərinə, inandıqlarına
görə yazıblar,
onların hamısını
oxumalıyam. O, tamaşalardan
sonra evə qayıdanda həmin məktubları bir-bir oxuyurdu, verilişlərində
də səsləndirirdi.
Rayonlara tez-tez gedirdi. Onu bölgələrdə tamaşa
verməyə və yaxud tədbirlərdə iştirak etməyə çağıranda o heç
vaxt yorğunluğunu
bəhanə gətirib
dəvətlərdən imtina
etmirdi. İş qrafikini elə
qururdu ki, həmin tədbirlərdə
iştirak etsin.
O, daim insanların arasında olurdu. Çox pozitiv insan idi.
Öz sevincini də həmişə insanlarla bölürdü”.
Bəli, H.Sadıqovun nə qədər həyatsevər və insanpərvər olduğunu rollarından da görmək mümkündür. O, kinoya 1955-ci ildə gəlib. Kinorejissor Lətif Səfərovun çəkdiyi “Bəxtiyar” filmində Yusif obrazını (uşaq vaxtı) səsləndirib. Bənzərsiz səs tembrinə malik olduğuna, prototiplərin xarakterlərini səsi ilə dəqiq çatdırdığına görə də “Mosfilm” və M.Qorki adına studiyaların filmlərinin, eyni zamanda “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərin səsləndirilməsinə tez-tez dəvət alıb. Dramatik və komik səpkili rolları məharətlə səsləndirdiyinə görə də çox vaxt səsin ona yox, məhz filmdəki obraza məxsus olduğunu zənn edir, dublyaj aktyorunun ifaçı qədər peşəkarlığının fərqinə varır, alqışlayırıq. Nadir istedadı ilə dublyaj sənətinin vacibliyini vurğulayan sənətkar “Qara daşlar” filmində Teymur, “Böyük dayaq”da Nəcəf, “Əhməd haradadır?”da Ramiz, “Yeddi oğlu istərəm”də Bayraqdar və başqa personajları qüsursuz və obrazlı səsləndirib. İstedadlı aktyor “Mozalan” kinosüjetlərinin səsləndirilməsində də yaxından iştirak edib.
Gənc Tamaşaçılar Teatrının səhnəsində fərqli xarakterlər yaradan aktyor sənət texnikasının mahir bilicisi kimi kiçik planlı kino obrazlarına da böyük uğur qazandırıb. Görkəmli sənətkar Adil İsgəndərov epizodik rolun vacibliyi haqqında fikrini belə ifadə edib: “Balaca rolları oynamaq daha çətindir. Aktyorda böyük istedad, məharət gərəkdir ki, epizodik ifadələr əsərə “yamaq” olmasın”. H.Sadıqovun kiçik planlı rollarının məhdud çərçivədə belə həyat mövqeyinin açılma səbəbi də aktyorun mütaliəsinin, sənət bilgisinin və həyat müşahidəsinin zənginliyindən irəli gəlir. Kinorejissorlar görkəmli sənətkara kiçik planlı rol həvalə edəndə rolun mahiyyətinin açılacağına, filmlərinə uğur gətirəcəyinə əmin idilər. Aktyorun kino obrazlarına nəzər salaq: “Ad günü” filmində Əlinin atası, “Yenilməz batalyon”da Feldfebel, “Şərikli çörək”də Paşa və başqa obrazları kiçikhəcmli və ya epizod rollar olsa da, personajların daxili aləminin, həyat mövqeyinin tanıdılması baxımından yaddaqalandır.
Kinorejissor Əlisəttar Atakişiyevin çəkdiyi “Sehrli xalat” (1964) və Rusiya rejissoru Boris Rıtsarevin quruluş verdiyi “Ələddinin sehrli çırağı” (1966) filmi bu gün də tamaşaçıların maraqla baxdığı ekran əsərləridir. “Sehrli xalat” filmində vəzir, “Ələddinin sehrli çırağı” ekran əsərində isə baş vəzir obrazlarının insanlara biganə, xudbin münasibətləri, yalnız öz mənafeyini güdən cahil və qeyri-normal mövqeyi aktyorun ifasında dəqiq xarakterizə olunub, hər iki nağıl filmində aktyor peşəkarlığı rejissor ideyasını təsdiqləyib. İllərini böyük həvəslə məsləyinə sərf edən, sənətdə saçını ağardan Hüseynağa Sadıqovun “Babamızın babasının babası” filmində yaratdığı Əziz baba, “Alma almaya bənzər” filmindəki Nadir baba obrazları ilə həyat mövqeyi arasında sanki bir uyğunluq var. O, bu filmlərdə biliyə, elmə can atan, insanları sevgisinə sahib çıxmağa, düzlüyə, bir-birinə hörmət etməyə çağıran, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu tövsiyə edən obrazlar yaradıb. Bəlkə də obrazların ibrətamiz daxili bənzərliyi olduğuna görədir ki, həmin filmlər ideya-məzmun baxımından bu gün də geniş tamaşaçı auditoriyasının diqqətindədir.
Novruz soraqlı bir yaz günündə dünyaya göz açan sənətkarın həyat missiyası sanki insanlarda xoş əhval-ruhiyyə aşılamağa, onlarda həyat eşqi yaratmağa hesablanmışdı. Sənətkarın qızı Tamilla xanımın xatirələrindən: “Novruz bayramına atamın doğum gününü ilə birlikdə hazırlaşırdıq. Atam isə həmişəki kimi bayram günü də işdə olurdu. O, çox çalışırdı. Hesab edirdi ki, onun sənəti ictimaiyyətlə bağlı bir sənətdir və insanların ona ehtiyacı var. Atamın dostları çox idi. Qapımız qohumlarımızın, eləcə də atamın dostlarının üzünə həmişə açıq idi. Biz Moskvaya tez-tez gedirdik. Tanınmış Rusiya aktyorları Sergey Filippov, Vasili Merkurev, Yuri Nikulin Bakıya gələndə bizə də qonaq gəlirdilər. Evimiz həmişə qonaqlı-qaralı olurdu. Mən fəxr edirəm ki, mənim belə atam var.
Atamın kinoda sonuncu rolu “Babamızın babasının babası” (1981) filmində oldu. Həmin vaxtda ürək ağrıları başlamışdı. Deyirdi ki, mən sənətimi Xoruz baba, Piri baba rolları ilə başlamışam. Amma, deyəsən, Əziz baba rolu ilə bitirəcəm”.
Sənətkar haqlı idi. Əziz baba, təəssüf ki, onun tamaşaçılarla vidalaşdığı ekran obrazı oldu. O, pozitiv, zəhmətkeş, sevgisinə sadiq, mehriban xasiyyətli Əziz baba rolu ilə insanlara olan ürək sözünü çatdırdı və ağsaqqal nəsihətini verdi. 1983-cü il fevralın 23-də dünyasını dəyişdi.
Həyatın çətinliklərindən alnıaçıq çıxan, kələ-kötür yollarında yorulmayan, büdrədikdə şax durmağı bacaran Hüseynağa Sadıqov müdrik sənətkar idi. Sevib-seçdiyi sənətini ömrünün sonuna qədər ali səviyyədə, ustalıqla, məntiqli formada təqdim etdi. Ustad sənətkarın həyat eşqi sənətində, sənət missiyası həyatında əksini tapdı. Səmimi, yaşarı yaradıcılığa zəmin yaradan bu kimi vacib prinsiplər isə tamaşaçı diqqətindən yayınmadı. Sənətkar əzəmətini qəlbində, düşüncələrində sevə-sevə yaşatdı, ucaltdı, unutmadı.
Şəhla ƏMİRLİ, kinoşünas
Mədəniyyət.- 2019.- 29 mart.- S.6.