Şaqraq səsi yaddaşlarda
yaşayır
Martın 30-da görkəmli xanəndə, opera müğənnisi, yüksək səhnə mədəniyyəti ilə milli ifaçılıq sənətində iz qoymuş Xalq artisti Səfa Qəhrəmanovun anadan olmasının 70 ili tamam olur. 11 il öncə dünyasını dəyişmiş sənətkar şaqraq səsi, özünəməxsus ifası ilə yaddaşlarda yaşayır...
Səfa Hüseyn oğlu Qəhrəmanov 1949-cu il martın 30-da Ağcabədi rayonunun Minaxorlu kəndində doğulub. Uşaqlıqdan musiqiyə həvəs göstərib, sonralar Tibb Texnikumunda təhsil alarkən respublika üzrə keçirilən musiqi müsabiqələrində iştirak edib. 1970-ci ildə Yaşıl Teatrda keçirilən “Qızıl payız” muğam festivalının iştirakçısı olub, Xan Şuşinski, Əhməd Bakıxanov, Sahib Şükürov, İslam Rzayev, Adil Gəray kimi sənətkarların qarşısında çıxış edərək müsabiqədə qalib gəlib. Bundan sonra Əhməd Bakıxanovun ansamblına dəvət alıb, bir müddət sonra isə hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra peşəkar sənət təhsili almaq qərarına gəlir, 1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun Xanəndəlik şöbəsini bitirir. Muğam ustası Nəriman Əliyevin tələbəsi olub.
Hələ Musiqi Texnikumunda təhsil alarkən səhnə fəaliyyətinə başlayan Səfa Qəhrəmanov milli muğamlarımızı, xalq və bəstəkar mahnılarını məharətlə ifa edib. 1975-ci ildə ilk dəfə peşəkar xanəndə kimi Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı ilə televiziyada “Mirzə Hüseyn” segahını ifa edib.
Səfa Qəhrəmanov 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Mədəni-maarif işi fakültəsini bitirib. 1992-ci ildən xanəndəlik fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Qəndab Quliyevanın tərəf-müqabili olaraq Məcnun rolunda çıxış edib. Teatrda on altı illik fəaliyyəti ərzində “Leyli və Məcnun”da İbn Səlam, Məcnunun atası rollarını da oynayıb, M.Maqomayevin “Şah İsmayıl” operasında Şah İsmayıl, Z.Hacıbəylinin “Aşıq Qərib” operasında Şeyx, V.Adıgözəlovun “Natəvan” operasında Qarabağ xanəndəsi, R.Mustafayevin “Vaqif”ində xanəndə obrazlarını yaradıb. Bu illər ərzində onun ifasında xalq mahnıları və muğamlar lentə alınaraq televiziyanın “qızıl fond”una daxil edilib.
Səfa Qəhrəmanov sənətin
sirlərini gənclərə də həvəslə öyrədib.
1999-cu ildən A.İsgəndərov adına Mədəniyyət
sarayında muğam sinfində dərs deyib, Azərbaycan
Dövlət İncəsənət İnstitutunun
müəllimi olub. 2000-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə isə Xalq artisti fəxri
adlarına layiq görülüb.
Görkəmli xanəndə 2008-ci il
mayın 5-də vəfat edib.
Mədəniyyət.- 2019.- 29 mart.- S.7.