Strasburqda “Azərbaycan ədəbiyyatı antologiyası”nın təqdimatı

 

 

 

Fransanın Strasburq şəhərində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi “Azərbaycan ədəbiyyatı antologiyası” kitabının fransızca nəşrinin təqdimat mərasimi keçirilib. Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği məqsədilə hazırlanan kitab Fransada fəaliyyət göstərən “Kapaz” nəşriyyat evi tərəfindən tərcümə və çap edilib.

Strasburqdakı “Kleberkitab evində təşkil olunan tədbirdə ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri səfir Fəxrəddin İsmayılov çıxış edərək “Azərbaycan ədəbiyyatı antologiyası” kitabının Fransada nəşrinin Avropada xalqımızın zəngin mədəniyyətinə açılan bir pəncərə kimi qiymətləndirib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzi idarə heyətinin sədri Afaq Məsud qurumun fəaliyyəti haqqında qısa məlumat verərək, ədəbiyyatın ali missiyasından – müxtəlif xalqların, əslində, eyni ağrılarının və sevgilərinin daşıyıcısı olmasından, tarix boyu bu əzəli doğmalığı dünya fikir müstəvisində yaşatmasından söz açıb.

Sonra Strasburq Universitetinin Türk araşdırmaları departamentinin direktoru, professor Stefan Tapia Azərbaycanın yerləşdiyi coğrafi ərazi, tarixi, mədəniyyəti haqqında məlumat verib.

Strasburq Universitetinin Dillər fakültəsinin dekanı, professor Jan-Pol Meyer kitaba daxil edilmiş əsərlər barədə fikirlərini bölüşüb, Mir Cəlalın “Dissertasiya” hekayəsindən bir parça oxuyub. Fransız yazıçı Mişel Kop isə A.Məsudun “Dovşanın ölümü” hekayəsini auditoriya üçün səsləndirib.

Fransada fəaliyyət göstərən “Kapaz” nəşriyyat evi adından çıxış edən Nicat Kazımov, Dilbadi Qasımov, Jan Emmanuel Medina, nəşriyyatın rəhbəri Albert Vak fəaliyyətləri və gələcək planları barədə danışıblar.

Qeyd edək ki, XIX əsrdən günümüzədək müxtəlif müəlliflərin hekayələrinin yer aldığı “Azərbaycan ədəbiyyatı antologiyası” kitabını tezliklə Fransanın regionlarındakı kitabxanalarda, eləcə də internet vasitəsilə əldə etmək mümkün olacaq.

 

Mədəniyyət.- 2019.- 29 mart.- S.7.