Saza sirdaş sənətkar
Ustad aşıq Ədalət Nəsibovun
80 illiyinə həsr olunan gecə
Martın
11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət
Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı
ilə Əməkdar incəsənət xadimi, ustad
aşıq Ədalət Nəsibovun (1939-2017) 80 illiyinə həsr
olunan “Sazın Ədaləti” adlı yubiley gecəsi
keçirildi.
Tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, mədəniyyət, ədəbiyyat xadimləri, saz-söz sənətinin nümayəndələri iştirak edirdi.
Tədbiri Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq bildirdi ki, bu gün böyük ustadın 80 illik yubileyinə yığışmışıq: “Bu yubileylə bağlı sənətkarla hələ sağlığında söhbət etmişdik. O, belə bir şərt kəsmişdi ki, 80 illik yubileyi keçirərik. Ancaq yubileyin aparıcısı sən olarsan. Mən də razılaşdım. Bu gün mən gəlmişəm, öz yerimdəyəm. Amma Ədalət Nəsibov aramızda yoxdur. O, dünyasını dəyişdi və haqq dünyasına qovuşdu”.
Qeyd olundu ki, aşıq Ədalət Qazax rayonunda dünyaya göz açıb. Ancaq onun kökləri Göyçə ellərinə, Dədə Ələsgər ocağına bağlı idi:
“Aşıq Ədalət ruhunda
Qazaxın ənənəvi saz-söz aləmini,
o bir tərəfdə
isə Göyçənin ruhunu gəzdirirdi.
Allahın verdiyi istedad
onu zaman içərisində
ayrı bir vətən tutmağa
yönəltdi. Bu gün
biz deyə bilmərik Ədalət Nəsibov
Qazaxın, Göyçənin, Gəncənin və Azərbaycanın
Ədalətidir. O, sazın Ədalətidir. Dədə Qorqudun qopuzu olduğu kimi... Sazın sirri, sözü nə
idisə, onu daşıyan bir
sənətkar idi. Yaxşı
xatırlayıram, ustadla 1979-cu ildə görüşdük. O zaman onun 40 yaşı
vardı. Amma 50-60 yaşında bir müdriki
xatırladırdı. Özünü
ağır tutmasında, danışığında xoş təsir bağışlayırdı.
Elə hiss edirdin ki, o, elə indicə Dədə
Qorqudun yanında olub,
onun sirr və sehrini daşıyıb özü
ilə gətirib. O,
zəngin repertuara malik idi. Sazı bağrına
basanda başqa bir aləm yaranırdı.
İfaları ilə başdan-başa
“Yanıq Kərəmi”
olurdu. Çünki
sənət aləminə
“Yanıq Kərəmi”
ilə gəlmişdi...”.
Məhərrəm Qasımlı sənətkarın
repertuarının vaxtında
yazıya alınmadığını
təəssüflə qeyd
etdi: “Hələ sağ ikən ona təklif etdim ki, gəl
sənin bütün ifalarını lentə köçürək. Bildirdi ki,
artıq gecdir. Bunu on il
qabaq etmək olardı. İndi barmaqlarım o çeviklikdə
deyil... İndi Ədalət Nəsibovdan
30-a yaxın saz havası qalıb. Aşıqlar Birliyinə gənc
aşıqlar gəlir.
Soruşuram müəllimin,
ustadın kim
olub. Deyirlər ki, aşıq
Ədalət. Onun ifalarını
dinləyir və öyrənirik. Bu o deməkdir ki, Ədalət Nəsibov ayrıca bir məktəbdir”.
Diqqətə çatdırıldı ki, Ədalət Nəsibovun sənəti, əməyi dövlətimiz
tərəfindən yüksək
qiymətləndirilib, Əməkdar
incəsənət xadimi
adına layiq görülüb, Prezident təqaüdçüsü
olub: “Fəxr ediləsi haldır ki, sənətinin səsi Azərbaycanın hüdudlarını aşaraq
Şərq və Avropa ölkələrinə
yayıldı. Onun ruhu
qarşısında baş
əyirik. Ruhu şad
olsun”.
Əməkdar mədəniyyət işçisi,
aşıq Mahmud Məmmədov
çıxışında qeyd etdi ki,
bir var, ustada xidmət edir və ondan
dərs alırsan. Bir də
var ki, dünyaya
sənətkar gəlirsən.
Aşıq Ədalət dünyaya
sənətkar gəlmişdi.
O, ecazkar solo-saz ifaları və özünəməxsus oxu
tərzi ilə yaddaşlarda əbədiləşib.
50-dən çox dastanı, onlarla aşıq şeirini sinəsində dəftər
etmişdi. Görkəmli sənətkar sazı nə qədər gözəl çalırdısa,
şeiri də o qədər gözəl oxuyurdu.
Xalq şairi
Nəriman Həsənzadə
sənətkarla bağlı
xatirələrini bölüşdü. Bildirdi ki,
Ədalət Nəsibov
mahir ifası ilə dinləyiciyə sevinc bəxş edirdi. Hara gedirdisə,
camaat ətrafını
sarır, onunla təmasda olmaq istəyirdi. O, XX əsrin
böyük sənətkarı
idi. Xalq şairi daha
sonra saza həsr etdiyi şeirini oxudu.
Azərbaycan Yazıçılar Birliyi
Qazax bölməsinin rəhbəri, Əməkdar
incəsənət xadimi,
şair Barat Vüsal aşıq Ədalət sənətinin özəlliklərindən
danışdı.
Çıxışlardan sonra bədii hissəyə keçildi. “Çeşmə” folklor qrupunun ifasında “Orta şəşəngi” səsləndi. Gecədə əməkdar mədəniyyət işçiləri Ədalət Dəlidağlı, Nemət Qasımlı, Əhliman Şirvanlı, Samirə Əliyeva, eləcə də Altay Məmmədli, Nəbi Nağıyev, Dəmir Vəliyev, İlham Aslanbəyli, Ramin Qarayev, Səlim Göyçəli, Əli Tapdıqoğlu, Roman Azaflı, Əli Pənahoğlu, Şirin Şahbuzlu, Əfsanə Kərimli, Ruhiyyə Zəngilanlı, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, gənc solo saz ifaçıları Elvin Axundov, Cavanşir Quliyev, Xətayi Kərimov, Şəhriyar Laçın, Fazil Ziyadxanoğlu çıxış etdilər. Proqramda “Yanıq Kərəmi”, “Orta sarıtel”, “Şirvan müxəmməsi”, “Təxmis”, “Göyçəgülü”, “Koroğlu dübeyti”, “Kərəm dübeyti”, “Mirzəcanı”, “Döymə Kərəmi”, “Cəlili”, “Aran gözəlləməsi”, “Osmanlı divanisi”, “Gözəlləmə”, “Naxçıvanı”, “Ruhani” havaları təqdim olundu. Çıxışlar alqışlarla qarşılandı.
Sonda görkəmli sənətkarın oğlu Hekayət Nəsibov ailələri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 13 mart.-
S.1;3.