Türksoylu xalqların musiqi
mədəniyyətinin tədqiqi
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başladı.
2002-ci ildə təməli qoyulmuş konfrans bu il 18-ci dəfə keçirilir. Məqsəd türkologiya sahəsində aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və elmi informasiya mübadiləsidir. Hər il yaxın-uzaq ölkələrin müxtəlif tədris və elm ocaqlarında çalışan neçə-neçə mütəxəssis Bakıda bir növ ötən ilin elmi hesabatını verir. Budəfəki konfransda azərbaycanlı tədqiqatçılarla yanaşı, 6 ölkədən – Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan alimlərin əlliyədək məruzəsi dinləniləcək.
Konfransın iştirakçılarını və qonaqlarını dirijor Mustafa Aşurovun idarəsilə universitetin Xalq çalğı alətləri orkestri qarşıladı.
Plenar iclasda universitetin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru Ceyran Mahmudova açaraq konfrans iştirakçılarını salamladı.
Akademiklər – AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynovun təbrik nitqlərindən sonra AMEA-nın müxbir üzvü Rəna Məmmədova “Türk xalqları musiqisinin araşdırılmasının bəzi məsələləri”, Macarıstandan gəlmiş etnomusiqişünas Şando Sabo “Musiqi və dini təcrübə”, Türkiyə təmsilçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahirə Kərimova “Əhməd bəy Ağaoğlu: haqqın yenilməz cəngavəri” mövzusunda çıxışlar etdilər.
Plenar iclas başa çatınca konfrans iştirakçıları maraqlı bir sürprizlə qarşılaşdılar. Universitetin Rəssamlıq fakültəsində geyim dizaynı ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı “Türkün səsi. Yeni üfüqlər” dəb kolleksiyasının teatrlaşdırılmış təqdimatı oldu.
Fasilədən sonra konfrans öz işini üç bölmə üzrə davam etdirdi. “Türk xalqlarının musiqi mədəniyyəti: ənənə və müasirlik”, “Türksoylu xalqların bədii mədəniyyəti müasir mərhələdə: problemlər və perspektivlər”, “Əhməd bəy Ağaoğlu və türkçülük məfkurəsi” bölmələri üzrə məruzələr dinlənildi.
“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans martın 13-də işini iki bölmədə davam etdirəcək.
G.MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 13 mart.-
S.3.