“Budəfəki görüşümüz xüsusi əhəmiyyət daşıyır”

 

 

Mədəniyyət naziri vətəndaşların növbəti qəbulunu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirib

 

Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd klubunda gerçəkləşdi.

Qəbuldan öncə mədəniyyət naziri Əbülfəs Qarayev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 2016-cı il Aprel döyüşləri şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etdilər. Abidənin önünə tər çiçək dəstələri düzüldü.

Sonra nazir Cocuq Mərcanlı kəndində Şuşadakı məşhur Gövhər ağa məscidinin bənzəri olaraq inşa edilən məscidi ziyarət etdi, “Qayıdış” parkında yaradılan şəraitlə tanış oldu. Əbülfəs Qarayev həmçinin kənd klubunda yerləşən Cocuq Mərcanlı kənd kitabxanasının fəaliyyəti ilə tanış olaraq, tapşırıq və tövsiyələrini verdi.

Qəbulda Beyləqan, Cəbrayıl, İmişli, Füzuli və Xocavənd rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənildi.

Beyləqandan qəbula yazılmış sakinlər rayon Tarix-diyarşünaslıq muzeyinin açıq səma altında olan eksponatlarının bərpası, Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Gənclik” xalq teatrının heyəti üçün ustad dərslərinin keçirilməsi, teatra səhnə dekorasiyasının, səhnə geyimlərinin verilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırdılar.

Cəbrayıl rayonundan olan vətəndaşların müraciətləri Cocuq Mərcanlı kənd klubunun səsgücləndirici və səsyayıcı avadanlıqlarla təchizatı, kənddə multimedia informasiya mərkəzinin yaradılması, cəbhə bölgəsində işləyən işçilərə əlavə imtiyazların verilməsi barədə idi.

Füzuli rayonundan olan vətəndaşlar istedadlı gənc rəssam Ceyhun Ənvərzadənin əsərlərinin respublikamızda və xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş olunması, ümummilli lider Heydər Əliyevin 1976 və 1982-ci illərdə Füzuli rayonuna səfərləri ilə bağlı çəkiliş lentlərinin əldə olunmasına köməklik göstərilməsi və digər məsələlər barədə xahişlərini bildirdilər.

İmişli rayonundan qəbula gələn sakinlər rayondakı Rəsm qalereyasında ekspozisiyanın yenilənməsi və sərgilənən əsərlərin mübadilə edilməsi, Uşaq incəsənət məktəbinə musiqi alətlərinin verilməsi, rayon Tarix-diyarşünaslıq muzeyində ekspozisiya işlərinin görülməsinə köməklik göstərilməsi barədə müraciət etdilər.

Xocavənd rayonundakı Nərgiztəpə arxeoloji abidəsinin bərpa olunması barədə təklif də diqqətə çatdırıldı.

Qəbulda müraciətlərin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verildi.

 

Ön cəbhədəki hərbçilərimizləbir arada

 

Nazir Əbülfəs Qarayev qəbuldan sonra Azərbaycan Ordusu hissələrinin Cocuq Mərcanlı kəndindəki döyüş postuna baş çəkdi. Nazir əsgərlərin xidmət şəraiti ilə tanış oldu, əsgər kazarmasında, yeməkxanada oldu.

General-mayor Mayis Bərxudarov hərbçilərimizin yüksək döyüş hazırlığı haqqında məlumat verdi. Vurğulandı ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu hissələrimizin təchizatı ilə bağlı bütün məsələlər yüksək səviyyədə həll olunur, hərbçilərimiz işğal altındakı torpaqları azad etmək üçün veriləcək əmri yerinə yeritməyə hazırdır.

Nazir Əbülfəs Qarayev ön cəbhədə, düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizi salamlayaraq bu görüşdən böyük məmnunluq duyduğunu vurğuladı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr, o cümlədən ordu quruculuğu uğurla inkişaf edir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsinə, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatına daim xüsusi diqqət göstərilir.  Bu diqqət və qayğı sayəsində Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malikdir. Qəhrəman hərbçilərimiz 2016-cı ilin aprelində düşmənin ön cəbhədəki təxribatına layiqincə cavab verməklə bunu bir daha nümayiş etdirdilər. Məhz həmin zəfər sayəsində işğal altındakı torpaqlarımızın bir hissəsi, Lələtəpə yüksəkliyi, digər strateji yüksəkliklər düşməndən azad edildi, Cocuq Mərcanlı kəndinin sakinləri doğma yurduna qayıtdı. Vurğulandı ki, yenidən qurulan Cocuq Mərcanlı Qarabağ müharibəsində gələcək zəfərlərimizin müjdəsidir.

Nazir qeyd etdi ki, bu gün biz bütün sahələrdə, bütün cəbhələrdə düşmənlə mübarizə aparırıq. İşğalçı Ermənistan təkcə torpaqlarımızı deyil, tariximizi, mədəniyyətimizi, musiqimizi, milli mətbəximizi də hədəf alıb. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Bu gün mədəniyyət sahəsində çalışan insanlarımız da düşmənin irsimizə, tariximizə qarşı bəd əməllərinə, düşmənin məkrinə qarşı mübarizə aparırlar. Tarixi-mədəni irsimizi, mədəni dəyərlərimizi düşməndən qorumaq keçmişimizə və gələcəyimizə sahib çıxmaq deməkdir.

Nazir hərbçilərimizə yeni zəfərlər arzulayaraq Ali Baş Komandanın rəhbərliyi ilə, əsgər və zabitlərimizin əzmi, qəhrəmanlığı sayəsində bütün torpaqlarımızın düşməndən azad olunacağına inamını ifadə etdi.

Sonda hərbçilərə kitablar, film izləmək üçün ləvazimatlar, milli filmlərin diskləri hədiyyə olundu.

Hərbi hissənin komandanlığı adından nazir Əbülfəs Qarayevə xatirə hədiyyəsi təqdim olundu.

Nazir mətbuata açıqlamasında Cocuq Mərcanlı kəndində keçirilən qəbulun, eləcə də ön cəbhədəki hərbçilərimizlə görüşün əhəmiyyətini vurğuladı.

Yerlərdə vətəndaşlarla bu cür görüşlərin mədəniyyət sahəsinin inkişaf etdirilməsində önəmindən bəhs edən nazir bildirdi ki, budəfəki görüş xüsusi əhəmiyyət daşıyır. Çünki bu görüş 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun zəfərindən sonra yenidən qurulan Cocuq Mərcanlı kəndində keçirilirdi. Bu kəndin sakinləri doğma torpağına qayıdıb, ölkə başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində kənd yenidən qurulub. Fədakar vətəndaşlarımız bu gün öz doğma torpağında təhlükəsiz şəraitdə yaşayır.

Vurğulandı ki, qəbulda sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib: “Mədəniyyət sahəsində işin təkmilləşdirilməsi, mədəni irs abidələrinin qorunması və digər məsələlərlə bağlı müraciətlər oldu. Burada qaldırılan bütün məsələlər öz həllini tapacaq”.

Nazir onu da bildirdi ki, Cocuq Mərcanlıda keçirilən müxtəlif tədbirlərdə mədəniyyət işçiləri yaxından iştirak edir və martın 12-də Novruz bayramı münasibətilə təşkil ediləcək mərasim də buna nümunə olacaq.

 

F.HÜSEYNOV

 

Mədəniyyət.- 2019.- 13 mart.- S.3.