Milli teatr
günündə Ər və arvad nümayiş olunub
Peşəkar milli teatrımızın yaranmasının 146-cı ildönümü münasibətilə Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin Ər və arvad musiqili komediyası təqdim olunub.
Tamaşanın nümayişindən öncə çıxış edən teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı sənət ocağının yaradıcı fəaliyyəti, yeni tamaşalar haqqında məlumat verib. Vurğulanıb ki, Azərbaycanda musiqili teatrın əsası 1910-cu ildə böyük Üzeyir Hacıbəylinin Ər və arvad ikihissəli musiqili komediyası ilə qoyulub. Milli teatr günündə bu səhnə əsəri bir daha sənətsevərlərə təqdim olunur.
T.Pənahqızı Milli teatr günü ərəfəsində Dövlət Musiqili Teatrına akademik statusun verilməsinə görə dövlət başçısına dərin təşəkkürünü bildirib.
Sonra Ər və arvad musiqili komediyası nümayiş olunub. Tamaşada rolları xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Hüseyn Əlili ifa edib.
Maraqla qarşılanan tamaşanı mədəniyyət naziri Əbülfəs Qarayev də izləyib.
Sonda nazir
yaradıcı kollektivin üzvləri ilə
görüşüb, onları həm bu əlamətdar gün
münasibətilə, həm də sənət ocağına
yeni akademik statusun verilməsi münasibətilə təbrik
edib. Nazir teatr sahəsində görülən işlər
və yeniliklərdən danışıb: Azərbaycanda peşəkar
milli teatrın yaranmasından 146 il ötür. Eyni zamanda musiqili
teatr sənətimiz 110 illik
yubileyi ərəfəsindədir. Teatra Prezidentin müvafiq sərəncamı ilə akademik statusu verilib. Bu, kollektivin
üzərinə böyük məsuliyyət
qoyur. Ərsəyə gələn tamaşalar, həyata keçirilən layihələr
mahiyyət və keyfiyyətcə tamaşaçıların
zövqünə uyğun və yüksək
səviyyədə qurulmalıdır.
Mədəniyyət.- 2019.- 13 mart.-
S.5.