Amansız müharibə və oğlunu tanımayan ana
(Esse)
...Çöldən gələn tükürpədici vahimə səsləri evi başına götürdü. Dəhşətli atışma başlamışdı, şəhər od içində yanırdı. Gənc ana beşikdə mışıl-mışıl yatan körpəsini qundağa büküb sinəsinə sıxdı. Alovlar içərisində özünü ora-bura çırpan insanlara qoşuldu.
Onların qarşısındakı sanki cəhənnəm idi, hər kəs bu cəhənnəmdən qurtarmağa can atırdı, amma hara gedirdilərsə düşmən onların yollarını kəsirdi. Ana isə “Yox, yox, mən səni heç kimə vermərəm”, – deyə qundağı var gücü ilə sinəsinə sıxırdı. Ana uzun bir yol keçərək bir küncdə gizləndi. Dodaqlarını qundağa yaxınlaşdıraraq “səs salmırsan körpəm, sanki bunları duyursan, anlayırsan, mənim balam” deyə-deyə qundağı sığallayırdı. Məsum ana elə düşünürdü ki, körpə balası bu dəhşətləri duyaraq ananı qoruyurdu... öz səssizliyi ilə, öz sakitliyi ilə!
Bir müddətdən sonra ara sakitləşdi.
Əlləri donmuş ana
qundağı açdı
ki, körpəsini rahatlasın... bələk
boş idi. Aman Tanrım, balam hanı ? – deyə
ana fəryad elədi, ana şivən qopardı. Ananın fəryadı bütün
ətrafa yayıldı,
dağı-dərəni lərzəyə
gətirərək titrətdi.
Amma səsinə bir səs verən
olmadı, səsi yalnız ətrafda dolanıb yenidən öz qəlbini paraladı... Od
tutdu, yandı ananın ürəyi, param-parça oldu, amma yenə də balasından bir səs, bir
xəbər eşitmədi...
Bu faciədən artıq 27 il keçir.
İndi bu ana hərbi
hissələrdən birində
işləyir. Hər bir
hərbçini öz
doğma balası, övladı kimi sevir. Onlarla birlikdə ön
cəbhəyə gedir,
onlara kömək edir, onların qeydinə qalır. Axşamlar isə 27 il qabaq
itirdiyi övladının
əzizlədiyi qundağını
sinəsinə sıxıb
öz qara səhərini belə açırdı. Elə bil
ki, itirdiyi körpəsinin ətri 27
ildir ki, bu qundaqda hopub
qalıb. Ana bu qundağı bağrına
basanda oğlunun sağ
olduğuna inanır, bu qundağı qucaqlayıb əzizlədikcə
sanki oğlunu əzizləyir, ona qayğı göstərir.
Bu istək, bu inam ananı 27 ildir ki, yaşadır...
İşlədiyi hərbi hissədə bütün insanların anası idi. Onlara ağbirçəklik
edirdi öz doğma balaları kimi. Hərbçilər də ananın
bu hörmətini, bu qayğısını daim yüksəkdə tutardı və hər kəs onu öz doğması
bilərdi.
Ana inanırdı... İnanırdı ki, oğlu sağdı və bir gün mütləq
tapacaq onu. Tez-tez kənarda
dayanıb bu cəngavər oğullara baxırdı və baxdıqca onların hər birində öz cizgilərini axtarar, oğlunu bəlkə də belə tapacağını düşünərdi.
Heç ağlına
da gətirməzdi ki, onunla üz-üzə
əyləşən, uşaq
evində böyüyən
bu gənc onun öz doğma
balası, 27 il
öncə itirdiyi ürəyinin parasıdı.
Amansız müharibə dəhşətləri
bu gəncin adını da dəyişmişdi, uşaq
evində kimliyindən
xəbəri olmadıqları
üçün ona başqa ad verilmişdi.
Onun düz gözlərinin qarşısında əyləşib, amma tanımadığı oğlu ananın xeyir-duası ilə ailə qurdu, ata oldu.
Anaya dedilər sən qoy bu körpənin adını. Ana kövrəldi, ana sevindi və oğlana 27 il bundan qabaq itirdiyi öz doğma balasının adını qoydu – Taleh. Nə ana, nə də onun qarşısında fərəhlə dayanan bu gənc ata axı haradan biləydi ki, ananın ad qoyduğu Taleh elə onun öz adıdır...
Müharibənin dəhşətinə bax, İlahi. Ana gözünün qabağındakı oğlunu, oğul da ananı tanımır. Ömrünün sonuna qədər oğul həsrəti ilə yaşayacaq bu məsum ana, övladının gözlərinə baxa-baxa, amma onu tanımaya-tanımaya!
Budur, amansız müharibənin insanlara vurduğu yaralardan ən böyüyü və sağalmazı...
Məryəm ƏLİYEVA
Kürdəmir rayon MKS-nin baş
biblioqrafı
Mədəniyyət.- 2019.- 13 mart.-
S.7.