Qoçaq Əsgərov Bəhreyndə səhnəyə çıxıb

 

 

 

Tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov Bəhreyndə konsert proqramı ilə çıxış edib.

Bu barədə təəssüratlarını bölüşən xanəndə deyib ki, konsert zamanı onu tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edib.

Konserti Fransada yaşayan əlcəzairli Naila əl-Xaleq təşkil etmişdi. Bu xanımla bizim müqaviləmiz var, o, bizim Türkiyə, İran və ərəb ölkələrindəki konsertlərimizin təşkilatçılığını üzərinə götürüb. Bəhreyndəki konsertdə “Mahur” muğamını, “Şur” kompozisiyasını, “Bayatı-Şiraz” təsniflərini ifa etdik. Düşünürəm ki, konsertimiz insanlar tərəfindən bəyənildi”, - deyə Q.Əsgərov söyləyib.

Aprel ayında növbəti qastrol konsertlərinin nəzərdə tutulduğunu deyən xanəndə bildirib ki, Fransa, Türkiyə, Livan və digər ölkələrə səfəri planlaşdırılır.

Xatırladaq ki, xanəndə bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə konsert verib. Konsertdə xanəndənin “Şur” muğamını ifa etməsi zalda böyük coşqu ilə qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 13 mart.- S.8.