Eksperimental tamaşalar festivalından son qeydlər
Səhnədə dolğunluq olarsa…
Martın ilk günündən Azərbaycan
teatr cameəsinin gündəmini zəbt etmiş “Boş məkanın dolğunluğu
2” Eksperimental tamaşalar
festivalı sona çatdı. Festival qaliblərinin
adlarını sonuncu tamaşa oynanılan gün yox, ta
ertəsi gün, 10
mart – Milli teatr günündə, milli sənət dünyamızın
ilk peşəkar bayramında
bildik. Bu barədə bir qədər sonra. Hələliksə, ötən saylarımızda
başladığımız festival icmalına davam edirik.
* * *
Martın 7-də Bakı Uşaq Teatrının “Sevgi şimşəyi” tamaşası
nümayiş olundu. Bu tamaşaya təməl olmuş Rövşən Ağayevin “Bir gecənin nağılı”
pyesi “iki aktyorun teatrı” olaraq çox maraqlı səhnə quruluşuna imkan verir. Düzdür, biz bu tamaşanın
premyerasında iştirak
etmişdik, yazı da (“Mədəniyyət” qəzeti, 11.01.2019) yazmışdıq.
Amma teatrın eksperimentləri bitməz ki!.. Gülər
Ləzgiyeva, Mehman Dilqəmoğlu və Ədalət Ağaverdizadənin
ifasında gördüyümüz
ilk tamaşa hara,
festival çərçivəsində baxdığımız tamaşa
hara! Tamaşanın quruluşçu rejissoru (Əməkdar artist İntiqam
Soltan) təkcə Gülər xanımı digər aktrisa əvəz etmədi, həm də səhnədəki iki əsas qəhrəmanı
4 aktyorun - Mehman Dilqəmoğlu, Rauf Hüseynli, Nərmin Məhərrəmova və
Gülnarə Abbasovanın
ifasında təqdim etdi. Bəli, festival təkcə bütün kollektivin deyil, həm də tək-tək aktyorların sənət tanıtımıdır fikrindən
çıxış etsək,
teatr rəhbərliyi uğurlu yol seçmişdi.
…Həmin günün axşamı Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində
Ç.Aytmatovun “Gün
var əsrə bərabər” romanı əsasında hazırlanan
“Manqurt” tamaşası
oynanıldı. Ötən
teatr mövsümündən
repertuarda olan bu tamaşa da qəzetimizin (11.07.2018) diqqətindən yayınmayıb...
Martın 8-də yenidən festivalın əsas məkanında – Teatr Xadimləri İttifaqındayıq. Şuşa Dövlət
Musiqili Dram Teatrının
aktyorları – Əməkdar
artist Nazir Rüstəmov
və Bahar Abdullayeva Miro Harvanın əsəri əsasında “Aktyor əbədiyyətə qovuşanda”
tamaşası ilə
çıxış edirlər.
Tamaşanın quruluşçu rejissoru da elə
Nazir müəllimdir.
Bu tamaşa da zamanında diqqətimizdən
yayınmayıb: qəzetimizin
18 aprel 2018-ci il tarixli sayında “Arzulanmayan aktyor taleyi səhnəyə
çıxanda” deyərək
onun seyrindən duyduqlarımızı oxucularla
paylaşmışıq.
Axşam
isə Vaqif İbrahimoğlunun 70 illik
yubileyinə həsr olunmuş “Boş məkanın dolğunluğu
2” Eksperimental tamaşalar
festivalının tək
qonağı, həm də festivalın müsabiqədənkənar iştirakçısı
– L.Mesxişvili adına
Kutaisi Dövlət Professional Dram Teatrı “Duplet” tamaşası
ilə qonağımızdır.
Gürcü teatrı ilə
hər görüşün
sənət bayramı
olduğunu, üstəlik,
bu tamaşanın qadınlar bayramında oynanıldığını nəzərə
alsaq, “Duplet” tamaşasını
teatrsevər xanımlara
hədiyyə olaraq da qəbul edə
bilərik. Rejissor K.Abaşidze
V.Havelin “Etiraz” və H.Pinterin “Yola çıxmazdan öncə” adlı iki birhissəli, yəni əslində struktur və məna baxımına görə oxşar pyeslərini birləşdirərək
“Duplet” adlı tamaşa
qurub. İki aktyor D.Roinişvili
və Z.Svanadze müstəntiq və müttəhim olaraq antraktda yerlərini dəyişirlər. Gerçəkdən,
kimin kimi nəyə görə ittiham etməkdə haqlı olduğunu öncədən kim bilir ki?
* * *
Nəhayət, son gün. Günorta Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrının kiçik
səhnəsində V.Lyusun
“Zelda” əsəri əsasında
“İstədiyim kimi yaşayıram” (quruluşçu
rejissor - Xalq artisti Ağakişi Kazımov, ifaçı -
Əməkdar artist Mehriban
Abdullayeva) monotamaşasını
seyr edirik, axşam yenə Akademik Milli Dram Teatrındayıq. Kamal Abdullanın
«Bir, iki - bizimki!” tamaşasını
izləyirik. Əlif
Cahangirlinin bu tamaşasında Əməkdar
artist Ayşad Məmmədov,
aktyorlar İlahə Həsənova, Ziya Ağayev, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edirlər.
Festivalın sonuncu tamaşalarına baxmaqla onların barəsində ötən il
qəzetimizdə iki dəfə (30.03.2018 və
22.06.2018) bölüşdüyümüz
təəssüratları təzələyirik.
* * *
Festival yekunlaşır. Artıq ekspert
olaraq bizim də bəyəndiklərimiz
var. Düzdür, festivalın
öz münsiflər
heyəti var deyə, bizim rəyimiz həlledici deyil, amma hər
halda hər kəs öz bəyəndiyini qaliblər
sırasında görmək
istəyir. Seçilənlər Milli teatr günündə
məlum olacaq.
* * *
…Neçə illərdir ki, Milli teatr
gününün Aktyor
evinin böyük salonunda keçirildiyi yadıma gəlmir. Amma budəfəki bayram şöləni həmişəkinə
bənzəməz. Necə
olsa, festival iştirakçıları
da buradadır, hələ desəniz, ittifaqın keçirdiyi ən yaxşı afişa və plakat müsabiqəsi qalibləri də, onları dəstəkləmək
üçün gələnlər
də, dəvətli qonaqlar da…
Azərbaycan Teatr Xadimləri
İttifaqının sədri,
Xalq artisti, professor Azər Paşa Nemətov hamını əlamətdar gün münasibətilə təbrik
edir, bu günün tarixindən, Azərbaycan teatrını
qarşıda gözləyən
perspektivdən danışır.
Sədr müavini, Xalq artisti Hacı İsmayılovun aparıcılığı
ilə keçən təltif mərasimi ürəkaçan perspektivlərin
işartıları duyulan
təbrik dolu nitqin maraqlı davamı olur.
Ənənəvi olaraq, öncə ittifaqın fəxri fərmanları və “Sənətkar” medalı builki sahiblərini tapırlar.
Şuşa Dövlət Musiqili
Dram Teatrının baş
rejissoru, Əməkdar
artist Loğman Kərimov,
Akademik Milli Dram Teatrının rejissor assistenti Dilbər İsmayılova, Gəncə
Dövlət Dram Teatrının
aktyoru, Xalq artisti Məmmədəli Balayev, Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi
Sevinc Mikayılova, Mədəniyyət və
İncəsənət Universitetinin
dosenti, Əməkdar
artist Azad Şükürov, “Musiqi dünyası” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi Tariyel Məmmədov və Milli Dram Teatrının aktyoru, Əməkdar artist Aslan Şirinov fəxri fərmanla, xalq artistləri Firəngiz Mütəllimova, Qabil Quliyev və Valeh Kərimov, Əməkdar artist İntiqam
Soltan, tanınmış
bəstəkar Azər
Rzayev (vəfatından
sonra) “Sənətkar”
medalı ilə təltif edilirlər.
Teatr Xadimləri
İttifaqının katibi,
Xalq artisti Rafiq Əliyev afişa və plakat müsabiqəsi barədə danışarkən
qeyd edir ki, münsiflər heyəti bütün gənc rəssamları iştiraka görə diplomla təltif etsə də, onlardan üçünü
mükafata layiq bilib. Beləcə, Rizvan Ələsgər
III yerə, Elvin Şirinov
II yerə, Reyhan Aslanova da I yerə
layiq görülüblər.
İdman yarışları ilə
bağlı “əsas məsələ qələbə
yox, iştirakdır” deyimi teatr festivalının
iştirakçıları üçün də keçərlidir. Belə ki, festivala qatılmış 18 tamaşanın
hamısının yaradıcı
kollektivi fəxri fərmanla təltif edilir. Salon isə
nominasiyalar üzrə
qaliblərin adlarını
eşitmək üçün
səbirsizlənir.
Əməkdar artist Gülşad Baxşıyeva,
xalq artistləri Məbud Məhərrəmov
və Lüdmila Duxovnaya “Fəxri iştirakçı” kimi fərqləndirilirlər. “Tələbə
tamaşasında ən
yaxşı aktyor ifası”na görə
ADMİU-nun tələbəsi Rəhimə Abdinova (K.Abdulla: “Unutmağa kimsə yox” (Əntər), kurs rəhbəri – Yaqut Paşazadə), tələbələrin
“Qara oyun”u (kurs rəhbəri – Məmmədsəfa Həsənov)
«Ən yaxşı tələbə tamaşası»,
aktyor Azər Aydəmirov (İ.Netanyahu:
“Məna axtarışında”
tamaşası) uğurlu
debütünə görə
“Debüt” diplomlarına
layiq görüldülər.
Ən yaxşı aktyor olaraq isə
münsiflər üç
aktyorun ifasını dəyərləndirdilər: “Yuğ”
teatrından Qasım Nağı “Quş dili” tamaşasındakı
Bağban, Qurban Məsimov müstəqil təqdim edilmiş “Açıq dənizdə”
tamaşasındakı Gonbul
və Əməkdar
artist Mehriban Xanlarova Milli Dram Teatrının “Manqurt” tamaşasındakı
Nayman ana rollarına görə.
Ən vacib məqam, təbii ki, qalib tamaşaların adlarının açıqlanması
idi: münsiflərin qərarı ilə III yerə iki tamaşa
– “Səmavi” və “Qara adam” monotamaşaları,
II yerə müstəqil
“Açıq dənizdə”
tamaşası, I yerə
isə Milli Dram Teatrının “Bir, iki - bizimki!” tamaşası layiq görüldü.
Beləcə, Azərbaycan peşəkar
milli teatrı 146 yaşını alqışlar,
sevinc nidaları, təbriklər, əlbəttə
ki, gələcəyə
xoş ümidlər və ruh yüksəkliyi
notları ilə qeyd etdi.
* * *
Yazıya P.S. sayıla biləcək bu qeydləri deməyə də bilərdik. Lakin “Boş məkanın dolğunluğu 2” Eksperimental tamaşalar festivalının ekspert qrupunun üzvü kimi növbəti festivalı, ya da tamam başqa məramlı festivalı necə görmək istədiyimizi yazmağa ehtiyac duydum. Əslində, onların bəzisini bu festivalda da gerçəkləşdirmək olardı. Tam on gün teatrşünasları və teatr yazarlarını bir araya gətirərək, müzakirələr keçirən teatrşünas Vidadi Qafarovun bağlanış mərasimində səhnəyə çıxaraq söz deməsini, bundan əvvəl isə hörmətli münsiflərin öz qərarlarını dəqiqləşdirərkən ekspertlərin də rəyinin nəzərə alınmasını. Nəzərə almaq demişkən, festival günlərində tamaşalararası fasilələrin uzunluğu yorucu idi.
Onsuz da teatrşünaslar da, festivalı izləyən jurnalistlər də günün ikinci yarısını festivala ayırmışdılar. Odur ki, tamaşalararası vaxtı qısaltmaqla, müzakirələrin müddətini uzatmaq və beləliklə də, zamanı iştirakçılar üçün daha faydalı keçirmək mümkün olardı.
İkinci festival artıq dünəndə
qalıb. Üzümüz də, yolumuz
da sabaha doğrudur. Gələcək
festivallara gəlincə,
onları ölkənin
iş adamlarının,
böyük şirkətlərinin
dəstəklədiyini görmək,
keçirildiyi şəhərin
küçələrində, telekanallarında bolluca reklamına şahid olmaq istərdik!..
Bax, o zaman adının nə olması fərq etmədən nəinki festival, hətta gündəlik həyatını
yaşayan teatrlarımızın
salonu hər zaman dolu olacaq...
Milli teatrın dolğun həyatını seyr etmək istəyilə
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 13 mart.-
S.1;5.