Azərbaycan-Fransa münasibətlərində
mədəni əlaqələr daim diqqət
mərkəzindədir
Birinci vitse-prezident
Mehriban Əliyeva Fransanın mədəniyyət
naziri ilə Parisdəki Orsey
muzeyini ziyarət edib
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
Fransaya səfəri zamanı martın 12-də bu ölkənin
mədəniyyət naziri Frank Riyesterin müşayiəti ilə
Parisin Orsey muzeyini ziyarət edib.
Orsey muzeyi ilə tanışlıq zamanı Azərbaycanın Birinci vitse-prezidentinə məlumat verilib ki, Fransa paytaxtının ən yaraşıqlı binalarından olan və əvvəllər Paris-Orlean marşrutu üzrə işləyən qatarların stansiyası kimi fəaliyyət göstərən bu bina 1986-cı il muzeyə çevrilib. Parisin, həmçinin Avropanın ən çox ziyarət edilən mədəniyyət ocaqlarından olan Orsey muzeyi Sena çayının sahilindədir və 1898-1900-cü illərdə inşa edilib. Paris arxitekturasının ən gözəl nümunələrindən olan Orsey muzeyi 1978-ci ildən tarix-memarlıq abidəsi kimi qorunur. Ümumiyyətlə, bu muzey şöhrətinə görə Parisdə ilk üçlükdə, dünya üzrə isə 10-luqda qərarlaşıb.
Qeyd olunub ki, əsasən impressionist və postimpressionist kolleksiyalardan tərtib olunan muzeydə il ərzində müxtəlif tədbirlər – konsertlər, tamaşalar, dəyirmi masalar təşkil olunur. Muzeyi il ərzində 4 milyona yaxın insan ziyarət edir. Əsasən fransız və Avropa sənətkarlığına dair nadir incəsənət nümunələrinin toplandığı muzey 1848-1915-ci illərdə ərsəyə gələn heykəltəraşlıq, rəsm, mebel və fotolardan ibarət məşhur kolleksiyalara sahibdir. Orsey muzeyində dünya şöhrətli rəssamlardan Monenin, Deqanın, Renuarın əsərlərinin kolleksiyası ziyarətçilərin diqqətini daha çox çəkir. Onların əsərlərində XIX əsr Avropa həyatının müxtəlif çalarları əks olunub. Bu əsərləri maraqlı edən ən mühüm məqam da elə budur. Avropa cəmiyyətlərinin inikası olan bu sənət nümunələrində o dövr üçün nadir sayılacaq rəssamlıq texnikalarına da rast gəlinir.
Qeyd edək ki,
Azərbaycan ilə Fransa arasında mədəniyyət
sahəsində əlaqələrin inkişafı daim diqqət mərkəzindədir və ikitərəfli
münasibətlərdə mühüm
istiqamət təşkil edir. Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz
arasında mədəni əməkdaşlığın
inkişafında hər zaman müstəsna
rol oynayıb. Onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun
bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyət
proqramı nəticəsində dünya mədəni
irsinin Fransadakı ən gözəl
nümunələri bərpa olunub. Buna misal olaraq
Parisdə Versal sarayının
parkındakı ümumbəşəri abidələrin, Strasburqda XV əsrə aid
katedralın beş vitrininin
bərpasını, Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılmasını göstərmək
olar. Bu abidələr məhz Azərbaycanın səyləri
nəticəsində yenidən dünya mədəni
xəzinəsinə daxil olub.
Ölkəmizin, xüsusilə də Heydər Əliyev Fondunun fəaliyyəti xaricdə, həmçinin
Fransada hər zaman rəğbətlə
qarşılanıb.
Mədəniyyət.- 2019.- 15 mart.-
S.2.