Ankarada “Aşıq Veysəl ilinin açılışı keçirilib

 

 

Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY 2019-cu ili türk dünyasının görkəmli söz ustadları – böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi və Türkiyənin məşhur el sənətkarı Aşıq Veysəlin anadan olmasının 125-ci ildönümü şərəfinə xatirə ili elan edib.

Mart ayında Ankarada TÜRKSOY-un “Nəsimi ilinin açılışı olmuşdu. Aprelin 28-də Ankara şəhərində, Prezident Administrasiyasının Simfonik Orkestrinin konsert salonunda Türkiyənin görkəmli el sənətkarı Aşıq Veysəlin (1894-1973) xatirə ilinin açılış mərasimi keçirildi. Mərasim çərçivəsində “Rənglərdəki işıq - Aşıq Veysəl” adlı rəsm sərgisi də təşkil olunmuşdu.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY-un və “TRT Avaz”ın birgə təşkilatçılığı ilə keçirilən mərasimdə rəsmilər, türk dünyasının tanınmış simaları, elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov tədbiri açaraq Aşıq Veysəlin həyat yolundan danışdı. Vurğuladı ki, el sənətkarı və söz ustadı “Uzun ince bir yoldayım, gidiyorum gündüz, gece” deyərək yaradıcılığı ilə gənc nəsillərə bir yol xəritəsi qeyd edib. Bildirdi ki, 2019-cu ildə təşkil olunacaq tədbirlər çərçivəsində Aşıq Veysəl şəxsiyyəti türk dünyasına daha geniş tanıtdırılacaq.

Daha sonra bədii proqram təqdim edildi. Türk dünyasını təmsil edən ayrı-ayrı ölkələrdən gələn musiqi qruplarının rəngarəng çıxışları maraqla qarşılandı. Proqramda Azərbaycandan Vüqar İsmayılov musiqi qrupu, həmçinin tanınmış vokalçı, Əməkdar artist İlham Nəzərov çıxış etdi. Konsertdə Aşıq Veysəlin şeirlərinə bəstələnmiş mahnılar ilk dəfə səsləndirildi.

Konsertdə, həmçinin Azərbaycanın Xalq artisti Elnarə Kərimovanın dirijorluğu ilə TRT Ankara radiosunun kamera xoru çıxış etdi.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2019.- 1 may.- S.8.