Florensiya Beynəlxalq Əl İşləri Sərgisi davam edir

 

 

 

İtaliyanın Florensiya şəhərində keçirilən 83-cü Beynəlxalq Əl İşləri Sərgisində Azərbaycanın nümayəndə heyəti təmsil olunur. Festivalda ölkəmizin mədəni sənaye məhsullarının stendi təşkil edilib.

Ölkəmizin xalq dekorativ-tətbiqi və təsviri sənət məhsulları, həmçinin milli-mədəni irsimiz barədə təbliğat materiallarından təşkil olunmuş Azərbaycan stendi ziyarətçilərin böyük marağına səbəb olub. Ziyarətçilərə ölkəmizin ecazkar təbiəti, teatr-tamaşakonsert zalları, qeyri-maddi mədəni irsimiz, Azərbaycanın qoşulduğu mədəni marşrutlar barədə məlumat verilib.

Festival çərçivəsində  digər  iştirakçı ölkələrin təmsilçiləri ilə mədəni sənayenin inkişafı, xalq tətbiqi sənət nümunələrinin ixrac potensialı barədə təcrübə mübadiləsi aparılıb.

Ölkəmizin sənətkarlıq məhsullarının özünəməxsusluğu bu sahədə fəaliyyət göstərən şirkətlərin də marağına səbəb olub. Müxtəlif ölkələrin nümayəndələri xalq yaradıcılığı sahəsində əməkdaşlıq arzusunda olduqlarını ifadə edib, media nümayəndələri, bloqerlər Azərbaycan mədəniyyəti barədə yazılar, materiallar hazırlayacaqlarını bildiriblər.

83-cü Florensiya Beynəlxalq Əl İşləri Sərgisi 2 may tarixinədək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 1 may.- S.2.