Təzadlara bürünən tamlıq
X Beynəlxalq Rostropoviç
Festivalının son akkordları
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun (Rusiya) təşkilatçılığı ilə gerçəkləşən X Beynəlxalq Rostropoviç Festivalının sonuncu konserti aprelin 27-də Heydər Əliyev Sarayında keçirildi. Konsertdə dirijor Tomas Hefelenin idarəçiliyi ilə “MünchenKlang” orkestri (Almaniya) və xoru çıxış etdi.
Musiqi gecəsində mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdi.
Konsertin birinci hissəsində görkəmli Avstriya bəstəkarı Frans Şubertin “Tamamlanmamış” simfoniyası bu dəfə fərqli yanaşmada təqdim edildi. Xor və orkestrdən ibarət çoxistiqamətli qrup kimi tanınan kollektivin repertuarında müxtəlif irihəcmli klassik musiqi əsərləri yer alır.
Dünyanın bir çox böyük səhnələrində çıxış edən orkestr Heydər Əliyev Sarayında nəfəs kəsən bir sakitlik fonunda musiqinin həzin notlarını bütün saraya səpmək əzmini nümayiş etdirdi. Zalı dolduran tamaşaçıların diqqəti orkestrin ifasına hakim kəsilmişdi. Bu diqqət o dərəcədə yüksək idi ki, dinləyicilər sanki F.Şubertin 1822-ci ildə yazdığı məşhur əsərin yarımçıq qalma səbəblərinin axtarışına çıxmışdılar. Simfoniyanın cazibəsində duyğu və düşüncələr iki hissədən ibarət olan əsərin təzadlara rəğmən bir-birini mükəmməl tamamlamasına şahidlik edirdi. Musiqi öz cazibəsi ilə dünyanın iki üzünü - qaranlıq və işığı dinləyicilərin ruhuna hopdururdu.
Əsərin dramatik xarakterli sonluğu da adının əksini (bəlkə də tamamlanmış?) düşünməyə əsas verirdi. Qəmgin bir fonda özünəməxsus epiqrafla başlayan əsərdə bir-birini əvəzləyən qoboy, skripka, klarnetin düşündürücü melodiyası sona doğru parlaq, vals yönlü bir əhval yaradırdı. Orkestr özünü Bakı səhnəsində təsdiq edir. Budur, son və sürəkli alqışlar...
* * *
Konsertin ikinci hissəsində isə fransız bəstəkarı Qabriel Forenin “Rekviyem” op.48 əsəri təqdim edildi. Bu dəfə 7 hissəli əsəri ifa etmək üçün səhnəyə “MünchenKlang” orkestri ilə bərabər, xor və solistlər – Anna Karmazin (soprano) və Lüdviq Mittelhammer (bariton) də çıxır.
Q.Forenin “Rekviyem”i ölüm deyil, inam və sülh aşılayan əsərlərdəndir. Musiqişünasların fikrincə, bəstəkar bu əsərində bütün xalqların və zamanların arzu etdiyi yüksək fəlsəfəni nümayiş etdirmək arzusunda olub. Oğlanların xoru ilə başlayan əsərə daha sonra qadın xorunun qoşulması, soprano və baritonun parçalanmış bir ruha nəğmə oxuması istər-istəməz insanı düşüncələrə qərq edirdi. Fraqmentlərin fəlsəfi əhval-ruhiyyəsi yüksələn dalğalar üzrə hərəkət edir, tədricən həcmini və tempini azaldırdı. Bu məqamda güclü fəryadların (xorun) arxasında diqqət mərkəzində olmağa çalışan bir ruhun təzahürü baş verir. Bəstəkar ölümün qorxusunu deyil, sanki mükəmməl və xoşbəxt bir dünyanı təsvir edir...
Fransız bəstəkarın dərin, incə və ürəyəyatımlı notları X Beynəlxalq Rostropoviç Festivalının final sədalarına çevrilir. “MünchenKlang” orkestrinin peşəkar çıxışı ilə final notları insanları bir daha gələcəyə, sülhə inam və mədəniyyətlərin dialoquna səsləyir. Bakı tamaşaçısının orkestrin çıxışından aldığı zövqün qarşılığı isə salondan qopan alqış sədaları ilə təsdiqini tapır...
Aprelin 22-dən 27-dək davam edən X Beynəlxalq Rostropoviç Festivalı rəngarəng konsert proqramları ilə klassik musiqi həvəskarlarının görüşünə gəldi. Festivalda Rusiya, Fransa, İsveçrə, İspaniya və digər ölkələrdən dünya şöhrətli musiqiçilər və kollektivlər iştirak etdi. Hər festival bir bayramdır anlamında növbəti festivalları izləmək arzusu ilə
Lalə AZƏR
Mədəniyyət.- 2019.- 1 may.- S.5.