Cahana sığmayan dahi
İmadəddin Nəsiminin 650 illik yubileyi müxtəlif
ölkələrdə qeyd edilir
Qazaxıstanda “Nəsimi ili”nin açılışı
Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Beynəlxalq Avrasiya Kitab Sərgisi 2019” çərçivəsində “Nəsimi ili”nin açılışı olub. Mərasimdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstanın mədəniyyət və elm xadimləri iştirak edib.
Akademiyanın prezidenti, professor Darxan Kıdırali tədbirdə çıxış edərək bildirib ki, böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi şərəfinə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi bütün türk dünyasında böyük məmnunluqla qarşılanıb. Vurğulanıb ki, Nəsimi öz yaradıcılığının miqyası ilə yalnız Azərbaycan xalqına məxsus olmaqdan çıxıb və bəşəriyyətin böyük dəyərinə çevrilib. Bütün bunları nəzərə alaraq Beynəlxalq Türk Akademiyası Qazaxıstanda “Nəsimi ili”nin açılışını etməklə yanaşı, onun seçilmiş şeirlərini qazax dilində nəşr edib. D.Kıdırali bildirib ki, Nəsiminin əsərləri ilk dəfədir qazax dilinə çevrilib. Həmçinin qazax dilində çap olunun “Azərbaycan ədəbiyyatı antologiyası”nda da şairin yaradıcılığına yer verilib. Bu, qazax oxucularının böyük söz ustadının mənəvi irsini mənimsəməsi baxımından unikal imkan olacaq.
Ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov Nəsiminin yaradıcılığından söz açaraq şairin 600 illik yubileyinin 1973-cü ildə Azərbaycanın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə UNESCO səviyyəsində qeyd olunduğunu xatırladıb. Diplomat bildirib ki, Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə bu il mayın 15-də Parisdə UNESCO ilə birlikdə dünyanın müxtəlif ölkələrindən alimlərin iştirakı ilə təşkil olunacaq beynəlxalq forumda dahi şairin anadan olmasının 650 illik yubileyi bu mötəbər beynəlxalq təşkilatla birlikdə qeyd ediləcək.
Milli Məclisin deputatı Musa Quliyev ədəbiyyat və mədəniyyətin xalqlarımızı yaxınlaşdırdığını, bunun üçün də qazax ədiblərinin əsərlərinin də Azərbaycan dilinə çevrilməsinin vacib olduğunu qeyd edib.
Qazaxıstanın Avrasiya Milli Universitetinin professoru, tərcüməçi, türkoloq Amantay Şarip isə bildirib ki, Nəsimi öz əsərlərində milli dilin zənginliyinə baş vuraraq, Orta əsrlərin mürəkkəb ədəbi mühitində türk dilini təzyiqlərdən qoruyub və özündən sonra Xətai, Füzuli, Vaqif kimi böyük şairlərin söz meydanında daha çox parlamasına zəmin yaradıb.
Tədbirdə Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilində çap olunun “Azərbaycan ədəbiyyatı antologiyası” və Nəsiminin şeirlərindən ibarət “Mən aləmə sığmazam” kitabları təqdim olunub, Azərbaycan, qazax və rus dillərində Nəsiminin şeirlərindən parçalar səsləndirilib.
Minskdə yubiley tədbiri
Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən Minskdəki “Dostluq evi”ndə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii-musiqili tədbir keçirilib. Tədbirdə Belarusda akkreditə olunmuş Tacikistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Rumıniya, Liviya, Fələstin və Moldova səfirliklərinin nümayəndələri, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin, Belarus Dövlət Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Belarus Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr və informasiya təminatı idarəsinin rəisi Viktoriya Ratabılskaya yubiley tədbirinin iki ölkə arasında mövcud olan mədəni və tarixi əlaqələrin daha da güclənməsinə və hər iki xalqın daha da yaxınlaşmasına xidmət etdiyini söyləyib. O, Nəsiminin yaradıcılığının bu gün də insanların mənəvi-əxlaqi cəhətdən kamilləşməsinə xidmət etdiyini bildirib.
Səfir Lətif Qəndilov qeyd edib ki, keçən il Belarusda Hüseyn Cavidin 135 illiyinin, bu il isə Nəsiminin 650 illik yubileyinin keçirilməsi iki ölkə arasında, bütün sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişaf etdiyinin və xalqlarımızın bir-birinin mədəniyyətinə böyük maraq göstərməsinin əyani sübutudur. Diplomat müasir dünyada İ.Nəsiminin bir çox ideyalarının aktual olduğunu bir daha diqqətə çatdırıb.
Tədbirdə Belarus Milli Elmlər Akademiyası Ədəbiyyatşünaslıq İnstitutunun kiçik elmi işçisi Tatyana Borisyuk və Belarus Dövlət Universitetinin müəllimi Valeriya Leşenko İ.Nəsiminin həyat və yaradıcılığına dair məruzə ilə çıxış ediblər.
Tələbələr tərəfindən Nəsiminin şeirlərindən parçalar oxunub və xüsusilə də “Sığmazam” qəzəli böyük maraq doğurub. Azərbaycan rəqsləri ifa olunub, “Sarı gəlin”, “Getmə, getmə gəl” mahnıları səsləndirilib və alqışlarla qarşılanıb.
Nəsiminin söz aləmi fin dilində
Helsinki şəhərində də İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş ədəbi-bədii konfrans keçirilib. Tədbir Finlandiyada fəaliyyət göstərən diaspor təşkilatlarının birgə layihəsi olaraq – Finlandiya Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlının təşəbbüsü, Azərbaycanlı Qadınlar Cəmiyyətinin, Finlandiya Azərbaycan Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Konfransda Finlandiya Xarici İşlər Nazirliyinin Qafqaz ölkələri üzrə nümayəndəsi Max Hatvala, digər rəsmilər iştirak ediblər.
Məlumat verilib
ki, Finlandiyada Avropa Ədəbi Tərcüməçilər
İttifaqının (SİETL) üzvü
Tahirə Cəfərovanın təşəbbüsü və
redaktorluğu ilə “Gövhəri-laməkan
mənəm” adlı Azərbaycan poeziya
antologiyası fin dilinə tərcümə
olunaraq çap edilib. Antologiyada
Əfzələddin Xaqanidən dövrümüzə qədər
Azərbaycan şairlərinin yaradıcılığı əksini
tapıb. Topluya daxil edilən poetik
əsərləri Finlandiyanın tanınmış şairləri
– “Finlandiya” mükafatı laureatı Xannu Myakelya, Ömər Xəyyamın
əsərlərinin tərcüməçisi kimi tanınan Leyevu Lehto, həmçinin Yukka
Malnilen, Timo Malmi və Tahirə Cəfərova tərcümə
ediblər.
Mədəniyyət.- 2019.- 1 may.- S.8.