“Məhəbbətim mənim, kədərim
mənim”
Moskvada Əjdər İbrahimova
həsr edilmiş yubiley
axşamı
Rusiya
paytaxtının Mərkəzi Ədiblər Evindəki
Yazıçılar Klubunda görkəmli azərbaycanlı
kinorejissor, SSRİ Xalq artisti Əjdər İbrahimovun
(1919-1993) 100 illiyinə həsr olunmuş “Məhəbbətim
mənim, kədərim mənim” adlı yubiley axşamı
keçirilib.
Rusiya Kinematoqrafçılar İttifaqının, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin, Azərbaycan, Türkiyə, Vyetnamın Moskvadakı səfirliklərinin təşkilatçılığı ilə keçirilən tədbiri kinoşünas Aleksandr Şpagin aparıb.
Yubiley axşamını açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Əjdər İbrahimovla bağlı xatirələrini bölüşüb. Bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev Əjdər İbrahimova böyük hörmətlə yanaşırdı, ona çox dəyər verirdi. 1993-cü ildə Əjdər İbrahimovun Moskvada dünyasını dəyişməsindən sonra Heydər Əliyevin göstərişi ilə o, Bakıda – Fəxri xiyabanda dəfn edildi.
P.Bülbüloğlu kinorejissorun yaradıcı gənclərə xüsusi münasibətindən də bəhs edib: “İstər səhnəyə yeni çıxan aktyor və aktrisa, istərsə də bəstəkar və ya rəssam. O, dinləməyi və qulaq asdıqlarından ən yaxşılarını seçməyi bacarırdı. Yəqin ki, ona görə onun ekran əsərlərinin əsas qayəsi ətrafdakı hər şeyə insani münasibətdir, onun filmlərinin ana xətti məhz budur. Əjdər İbrahimov dünya şöhrətli bəstəkarlarla işləyib. Mənim müəllimim, dünya şöhrətli bəstəkar Qara Qarayev, böyük bəstəkar Arif Məlikov onun filmlərinə musiqi bəstələyiblər”.
Diplomat rejissorun həyat yoldaşı, jurnalist və ssenarist Marqarita Maleyevanın Ə.İbrahimovun xatirəsinin və irsinin qorunub saxlanılmasında müstəsna rolunu qeyd edib.
Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov nazir Əbülfəs Qarayevin məktubunu oxuyub. Məktubda qeyd olunub ki, Əjdər İbrahimov Böyük Vətən müharibəsində cəbhədən qayıtdıqdan sonra dərhal Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alan kinorejissorların görkəmli nəslinin nümayəndəsidir. Karyerasına Azərbaycanda başlayan rejissor 1962-ci ildən Moskvada fəaliyyət göstərib. Postsovet məkanında onun gözəl filmlərini xatırlayan kino tamaşaçıları az deyil. “Əjdər İbrahimov şəxsiyyəti həm də ona görə bizim üçün əzizdir ki, onun timsalında Rusiya-Azərbaycan mədəni əlaqələrini möhkəmləndirən parlaq nümunəni görürük”, - deyə məktubda vurğulanır.
Yubiley axşamı Emil Qədirov, Anastasiya Çernovolos və digər müğənnilərin çıxışları ilə davam edib.
Əjdər İbrahimov “26 Bakı komissarı”, “Məhəbbətim mənim, kədərim mənim”, “Ürək əhvalatları”, “Narahat adam”, “Ulduzlar sönmür” və başqa ekran əsərlərini lentə alıb. O, SSRİ hökumətinin tapşırığı ilə Vyetnamda bədii kinematoqraf və kino məktəbi (hazırda Hanoy Kinematoqrafiya İnstitutu) yaradıb. Rejissor özünün vyetnamlı tələbələri ilə 1959-1962-ci illərdə beynəlxalq kinofestivallarda mükafatlara layiq görülmüş üç bədii filmi lentə alıb.
Əjdər İbrahimov
böyük türk şairi və dramaturqu Nazim Hikmətin əsərləri əsasında
dörd bədii film
lentə almış yeganə kinorejissordur.
İndi də Türkiyədə şairin xatirəsinə həsr olunmuş tədbirlərdə, Türkiyədə
Rusiya mədəniyyəti günlərində
onun “Bir məhəllədən
iki nəfər” və ilk
sovet-türk filmi “Məhəbbətim
mənim, kədərim mənim” ekran əsərləri
nümayiş etdirilir.
Mədəniyyət.- 2019.- 1 may.- S.8.