Lənkəran teatrında ”Şənbə
axşamı”
Lənkəran Dövlət Dram Teatrında Qırğızıstanın Xalq yazıçısı Mar Bayciyevin “Şənbə axşamı” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Səhnə əsərində hadisələr bizim günlərdə cərəyan edir. Kənd məktəbinin müəllimi Kuruçbəyin Moskvada ali məktəbdə təhsil alan oğlu Esen evə gəlin gətirir. Xeyir-dua almaqdan ötrü Kuruçbəy arvadı ilə birlikdə təzə qohumlarının evinə gedir. Burada onlar gözlənilməz vəziyyətlə üzləşirlər. Belə ki, Aselin anası Kukuş Kuruçbəydən başlıq tələb edir. Toy çoxlu sayda qonaqların iştirakı ilə təmtəraqlı keçməli, orada qohum-əqrəbaya da bahalı hədiyyələr verilməlidir. Bəs bütün bunlar üçün pulu haradan tapmalı? Kuruçbəyin oğlu Esen atasına avtomobilini satmağı təklif edir.
Kuruçbəy müharibə əlili kimi ona bağışlanan maşını satacaqsa, bəs sonra necə yaşayacaq? Əgər bu təklifdən imtina etsə, onda toy baş tutmayacaq, halbuki toy şənbə axşamına təyin olunub...
Böyük maraqla izlənilən tamaşanın quruluşçu rejissoru
Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı
Miranda Qurbanovadır. Rolları Xalq artisti Qabil
Quliyev, əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev,
aktyorlar Şahrud Mehdiyeva, Qızılgül Quliyeva,
Sayad Əliyev, Təranə Fərəcova
ifa ediblər.
Mədəniyyət.- 2019.- 1 may.- S.5.