Kinematoqrafiyanın inkişafı ilə
bağlı beynəlxalq təcrübə öyrənilir
Ölkə Prezidentinin 2019-cu il 1 mart tarixli “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamının icrası ilə əlaqədar yaradılmış İşçi qrup çalışmaları davam etdirir.
Sərəncamda Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsini hazırlamaq tapşırılıb. İşçi qrupun üzvləri – Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini – Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov, Kinematoqrafiya şöbəsinin sektor müdiri Aydın Hüseynov, “Azərbaycanfilm” kinostudiyasının direktor müavini Azər Quliyev və “Ultra production” şirkətinin rəhbəri Pərviz Məmmədov beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bu dəfə Gürcüstanda səfərdə olub.
Səfər zamanı Gürcüstanın kinematoqrafiya sənayesinin iştirakçıları ilə görüşlər keçirilib, bu sahədə olan vergi, gömrük və digər imtiyazlarla bağlı təcrübələr təhlil edilib.
Qeyd edək ki, indiyədək təşkil
edilən müzakirələrdə “Azərbaycanfilm”, “Narimanfilm”, “Salnaməfilm”, Bakı Media Mərkəzi, “Ultra production”, Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqı, “Sinema”
Gənc Kinematoqrafçılar Mərkəzi və s. dövlət və özəl kino müəssisələrinin, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların,
eləcə də müstəqil kino
mütəxəssislərinin təklifləri dinlənilib, film sənayesinin yenidən qurulması, bu sahənin inkişafı ilə bağlı
məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Mədəniyyət.- 2019.- 1 may.- S.5.