“Günahın o
tayında” kim qaldı?...
Artıq 10-cu dəfə paytaxtımızın ev sahibliyi etdiyi Beynəlxalq Rostropoviç Festivalı yenə ruhunun dərinliyində klassik musiqini yaşadan və onu mənəvi qidasına çevirən dinləyici-tamaşaçı kütləsinə əsl bayram yaşatdı. Festival proqramının ən maraqlı sənət təqdimatlarından biri aprelin 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oldu.
Həmin gün teatrsevərlər musiqinin “bədən dili” ilə ilahi hikmətə qovuşduğu əsərə, musiqi, xoreoqrafiya və insan hislərinin unikal ecaz həllini tapdığı balet nümunələrindən birinə tamaşa etdilər. Mübaliğəsiz demək olar ki, bu, sadəcə nümayiş yox, səhnə ilə tamaşaçı zalının harmoniyası idi. Səhnədəkilər nəinki Rusiya, ümumilikdə dünya balet sənətində yeni cığır açan ustad xoreoqrafın yetirmələri idi.
Boris Eyfmanın Balet Teatrının (Sankt-Peterburq) gənc, amma yüksək peşəkar truppası “Günahın o tayında” balet tamaşasını nümayiş etdirirdi.
Müəllifi və xoreoqrafı Boris Eyfman olan səhnə əsəri Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanının motivləri əsasında ərsəyə gəlib. Sergey Raxmaninov, Rixard Vaqner və Modest Musorqskinin musiqiləri əsasında həllini tapan tamaşanın dekorasiya və geyim üzrə rəssamı Vyaçeslav Okunevdir.
Boris Eyfmanın teatrı
1977-ci ildə yaradılıb. Onun əsas
hədəfi kollektivi
bir növ təcrübi laboratoriyaya,
tək xoreoqraflı balet teatrına çevirmək idi. Eyfmanın səhnələşdirdiyi
tamaşaların məzmun
və musiqi seçiminə yenilikçi
yanaşması və
cəsarətli “bədən
dili” ona “xoreoqrafiyanın dissidenti” ünvanını
qazandırıb. Bu gün
dünyanın ən aparıcı balet teatrları ilə müqayisədə geniş
və həm də müxtəlif tamaşaçı auditoriyası
ilə öyünən
Eyfman teatrının tamaşaları
heyranlıqla izlənməkdədir.
Dostoyevski
yaradıcılığının xülasəsi, nəhəng
zəkasının həyatı
boyu apardığı
fəlsəfi axtarışının
kulminasiya nöqtəsi
kimi xarakterizə olunan “Karamazov qardaşları”
əsasında hazırlanan
“Günahın o tayında”
daim çağdaş
olan insan problemlərinin musiqi və bədən dili ilə mükəmməl
ifadəsidir. 2013-cü ildə
səhnəyə qoyulan
və Rusiyadan kənarda da dəfələrlə oynanılan
balet tamaşaçıya
bir aydın həqiqət pıçıldayır:
sən ruhunun əsiri olduqdan sonra heç bir inqilab sənə
azadlıq bəxş
etməz...
Balet Dostoyevskinin
araşdırdığı dağıdıcı ehtirasın
dözülməz yükü
və şərin yayğınlığı kimi
şüuru zəbt edən məqamların xoreoqrafik həllini nümayiş etdirir. Tamaşa Karamazovların
mənəvi tənəzzülünün
əsaslarını aşkar
etmək və Tanrı ilə şeytanın mübarizə
meydanı olan insan qəlbinin sirrini izhara cəhddir. Elə buna görə
də biz bu ikipərdəli baletdə
əsərdəki təsvirlərdən
çox daxili ziddiyyətlərə əsir
düşmüş qəhrəmanların
mənəvi dünyalarının,
hislərinin alt qatındakı
məqamların xoreoqrafik
təsvirini görürük.
Balet müəllifi
birinci pərdədə
tamaşaçını əsərin
əsas ideyasına –
“Tanrının olmadığı
yerdə hər şey qanunauyğundur” fəlsəfəsinə uyarlılığa
səsləyir. Bir neçə taktdan
sonra, aralarındakı
fikir uçurumuna baxmayaraq, Dmitri, İvan və Alyoşa Karamazov arasındakı görünməz
bağları duya bilirik. Axı onları ataları
Fyodor Karamazovun (İqor
Polyakov) günahkar qanı birləşdirir.
Ona görə zavallı Alyoşanın (Daniel Rubin) rahibi
də bu ehtiraslar düyününü
açmaqda acizdir.
Alyoşa atasının və
Dmitrinin (Oleq Qabısşev) Qruşenka
(Lyubov Andreyeva) üstündə apardığı
amansız rəqabətin,
hər kəsi şəhvət günahına
batırmağa hazır
atasının saysız
sərxoş gecələrinin
şahididir.
Ard-arda baş verən qalmaqallar bəzən sülh anları ilə əvəz olunur. Bu zaman qardaşların qəlbi analarının güclü obrazı ilə işıqlanır.
Lakin sonra yenidən qardaşlar arasında düşmənçilik daha
da güclənir.
Alyoşa nəinki kömək
edir, əksinə, getdikcə ailəsinin əsarətində çapaladığını
hiss edir. İvan Karamazov (Oleq Markov) bəzən ona daha inamlı
təsir bağışlasa
da, vəhşi arzular bütün dəyərlərin önünü
qılınclayır.
Günahkarlar çarpışması ölümlə
bitir və atanın qətlində oğul günahlandırılır.
Olduqca gərgin,
dərin psixoloji məqamlarla yüklü
ilk pərdədə ümumi
ağırlığı yüngülləşdirən
kazino, qutsal ruhun xilası kimi kilsə, kütləvi səhnələrlə
ümumi konsepsiyaya xidmət edən keçid rəqslər mükəmməl idi. Xüsusən hər kütləvi səhnədə əsas qəhrəmanlardan əlavə
20 artisti hərəkət
etdirən və onların hər birinə kiçik qruplar şəklində tapşırıqlar verən
quruluşçunun yer
bölgüsü, musiqi
məqamlarına uyğun
dalğavarı gəzişməsi
də qüsursuz alınmışdı.
Tamaşaçı bu səhnəyə hakimliyi ikinci pərdədə daha aydın sezdi. Çünki İvan və Alyoşa mövcudluğun
mahiyyəti, insan qəlbi haqqında durmadan mübahisə edirlər. Burada ilahi hikmət, insanın daxili azadlığı, onu qazanmaq üçün verəcəyin qurbanlar – ümumilikdə mənəvi
qatdakı əsas məqamları bədən
və musiqi dili ilə ustalıqla
çatdırdılar.
Balet müəllifi
istifadə etdiyi üç bəstəkarın
– tam fərqli sənət,
yolu olan musiqi yazarının bir-birinə zidd, aşkar əks axınlı musiqilərinin
xoreoqrafik həllini verərkən çox yəqin ki, bir detal – hərəkətin
hakimiyyətində musiqinin
onsuz da bənzərsiz olması məqamı üzərində
dayanıb. Yəqin elə bu əsəri
“Günahın o tayında”
qılan da, çirkab dolu həqiqətləri bu qədər zərif süzərək izah edən də haqlı idi...
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2019.- 1 may.- S.1;5.