“Birpərdəli pyeslər” müsabiqəsinin
qalibləri mükafatlandırıldı
Aprelin 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirdə çıxış edərək son illər ölkəmizdə teatr sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışdı. Vurğuladı ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” qanun qəbul edilib. 2007-ci ildə dövlət başçısı “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalayıb.
Prezidentin sərəncamı ilə təsdiq edilən “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” teatr sənətimizin zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması kimi geniş spektri əhatə edir.
Ölkəmizdə hər zaman mədəniyyət xadimlərinə diqqət və qayğı göstərildiyini söyləyən Vaqif Əliyev bu ilin martında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünü ölkəmizin ictimai həyatında böyük əks-səda doğuran mühüm hadisələrdən biri kimi qiymətləndirdi. Bildirdi ki, Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında ölkə başçısının müvafiq sərəncamları ilə bütün dövlət teatrlarına vəsait ayrılıb. Eyni zamanda Azərbaycan Dövlət Musiqili və Azərbaycan Dövlət Rus Dram teatrlarına “akademik” statusu verilib.
Mədəniyyət Nazirliyi tərəfindən 2018-ci ilin sentyabrında elan edilən “Birpərdəli pyeslər” müsabiqəsi barədə məlumat verən Vaqif Əliyev qeyd etdi ki, müsabiqənin təşkilində məqsəd xalq teatrlarının repertuarlarını kiçik həcmli tamaşalarla zənginləşdirmək, ədəbi-bədii və mövzu baxımından yüksək dəyərə malik dram əsərlərinin yazılmasına stimul vermək, yeni nəsil dramaturqların yaradıcılığını dəstəkləməkdir. Müsabiqəyə təqdim edilən pyeslərin mövzusu vətənpərvərlik, 2016-cı ilin Aprel döyüşləri, multikulturalizm, mənəvi dəyərlər, dövrümüzün sosial-əxlaqi problemləri, sosial şəbəkələrin cəmiyyətə təsiri, dini radikalizmin fəsadları və digər aktual məsələləri əhatə edib.
Diqqətə çatdırıldı ki, müsabiqəyə təqdim olunmuş 29 pyes tanınmış mədəniyyət xadimlərindən ibarət müsabiqə komissiyası tərəfindən mövzu, bədii və teatral baxımından dəyərləndirilib.
Müsabiqə komissiyasının gəldiyi ümumi nəticəyə müvafiq olaraq I yeri “Payız meşəsində vals” pyesi ilə Firuz Mustafa, II yeri “Ölümə gedən” pyesinə görə Cavid Zeynallı tutub. “Al çobanyastığı ləçəkləri” pyesinə görə Sevinc Nuruqızı III olub. I yer üzrə qalibə 2000 (iki min), II yerin sahibinə 1500 (bir min beş yüz) və III yerin qalibinə isə 1000 (bir min) manat məbləğində pul mükafatı nəzərdə tutulub.
Daha sonra Vaqif Əliyev qaliblərə mükafatları və Mədəniyyət Nazirliyinin diplomlarını təqdim etdi, onlara yeni yaradıcılıq uğurları arzuladı. Qeyd edildi ki, müsabiqədə uğur qazanmış əsərlər toplu şəklində çap olunacaq və xalq teatrlarında səhnələşdiriləcək.
Mərasimdə çıxış edən münsiflər heyətinin üzvü – sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Vidadi Qafarlı müsabiqənin müasir teatr prosesi, yeni dram əsərlərinin səhnə həllindəki rəngarənglik baxımından önəmli olduğunu dedi. O, müsabiqənin təşkilinə, yeni yazarlara stimul verdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkür etdi.
Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov da teatrların repertuar zənginliyinin yeni və maraqlı pyeslərdən asılı olduğunu vurğuladı, gənc qələmlərin axtarışlar etməsini və bu kimi müsabiqələrə qatılmasını vacib saydı.
Qalib müəlliflər də çıxış edərək müsabiqənin təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını bildirdilər.
HƏMİDƏ
Mədəniyyət.- 2019.- 1 may.- S.2.