Sənətkar sözü

 

 

Tar sənətinin tədrisi, tar ifaçılığı və alətdə bəzi islahatların aparılması ilə bağlı narahatlıq doğuran məqamlar haqqında

 

Xalqımızın milli mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan muğam sənətimizin qorunub saxlanması, öyrənilməsi, dünyaya tanıdılması üçün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı cəmiyyətdə böyük razılıq hissi ilə qarşılanır, beynəlxalq təşkilatlarda, dünyanın bir sıra ölkələrində geniş maraq doğurur.

Qürur hissi duyuruq ki, dünya musiqi alətləri içərisində ilk dəfə olaraq məhz Azərbaycan tarı UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib, tarımızın səsi dünya səhnələrindən gəlir, böyük orkestrlərdə səslənir.

Bu gün tar sənətinin tədrisində, alətin ifaçılığında və onunla bağlı bəzi islahatların aparılmasında yaranmış bir sıra məsələlər uzun illər ömrünü bu sahəyə həsr edən pedaqoq və peşəkar ifaçı kimi məni narahat etməyə bilməz. O səbəbdən ki, tarın tədrisinin bugünkü keyfiyyəti məni o qədər də qane etmir.

İlk səbəblərdən biri odur ki, tədris proqramında tar üçün orijinal əsərlər kifayət qədər deyildir. Bu istiqamətdə skripka, fortepiano üçün yazılmış əsərlərdən, eləcə də vokal əsərlərdən edilmiş köçürmələr əksəriyyət təşkil edir. Təbii ki, belə halda da qeyri-milli alətlər üçün yazılmış musiqi əsərləri tarı milli dildə, özünəməxsusluqla danışdıra, səsləndirə bilmir. Konsertdə ifa etməyə, eləcə də dərs keçməyə tar üçün orijinal əsərlər barmaqla sayılan qədərdir. XX əsrdən sonra peşəkar bəstəkarlarımız tərəfindən böyük həcmli əsərlər konsert, rapsodiya, fantaziya, süita, oratoriya, kiçik həcmli pyeslər yazılmayıb və bu, tar ifaçılığı üçün ciddi problemdir.

İkinci problem tarın formasına, kökünə, açarına yersiz müdaxilələrdən ibarətdir. Elə başa düşülməsin ki, mən yeniliyin tərəfdarı deyiləm. Mən o yeniliyin tərəfdarıyam ki, o, ənənə üzərində qurulsun, onu məhv etməsin. Tarın daimi ənənəvi kökü varbu kök alətin fiziki-akustik məzmunu və intonasiyası ilə şərtlənir. Ənənəvi kök tarın və muğamların boyuna hesablanıb və imkan verir ki, hər bir muğam öz tarixi kökündə çalınsın, oxunsun.

Yeri gəlmişkən, burada bir məqama toxunmaq vacibdir: bəzi xanəndələr (təəssüf ki, bu qarşısıalınmaz çox böyük bir bəladır!) ifa zamanı tarın mövcud pərdələrindən kənara çıxaraq yeri gəldi-gəlmədi İran, ərəb və türk oxuyanlarına məxsus boğazlar işlədir, yad xallar, zəngulələr vurur, dinləyicilərin zövqünü korlayırlar. Ali musiqi təhsili almış bir çox instrumental ifaçılar isə yuxarıda göstərdiyimiz və milli musiqimizə yabançı olan ifalardan əsasən özəl televiziya kanallarında gen-bol istifadə edirlər.

Tarın ənənəvi kökü azərbaycanlıların musiqi təfəkkürünə uyğun qurulub. Bəzi dırnaqarası tarzənlər tarın kökünə, açar sisteminə, formasına qarşı əllaməlik sərgiləyir, tarın kəllə hissəsindəki taxta aşıqlardan imtina edərək onları vint qurğular ilə əvəz edir, “yeni çalğı” üsulları “yaradır”, tarın qolunu genişləndirir, əsassız olaraq alətin diapazonunu 2.5 oktavadan 4 oktavaya “yüksəldir”, tarı ayaq üstə çalır, bu aləti skripka, violonçellə müqayisə etməkdən çəkinmir, onun kaman açarında çalınmasına səy göstərirlər. Onların tara “Qərb donu” geyindirmələri və forma modifikasiyasına uymaları zərərli nəticələrə gətirib çıxarır.

Bunların hamısı əbəs cəhddir! Bu “mütəxəssislər” unudurlar ki, tarı Azərbaycan mədəniyyətinin milli vüqarına çevirən ustad sənətkarların heç birinin tarın nə formasından, nə kökündən, nə də açarından gileyi olmayıb. Əgər lazım olsaydı, onlar da islahatlar aparardılar, halbuki buna mənəvi haqları da çatıb, ustalıqları da. Ən mükəmməl tar Mirzə Sadığın tarıdır, müasir tardır.

Bəli, tar dünyanın ən mükəmməl alətlərindəndir, texniki-bədii imkanlarına görə heçskripka və violonçeldən geri qalmır. Xalq çalğı alətlərinin ən mükəmməl açar sistemini isə dahi Üzeyir bəy işləyib. O, metso-soprano açarını elmi uzaqgörənliklə seçibbu açar praktik cəhətdən özünü tam mənası ilə doğruldur. Tarın xarici görünüşü, formasının özü elə mükəmməl və gözəldir ki, onun milli məzmununa tam uyğundur.

Növbəti, digər bir problem isə onun ifaçılığında olan əsas şərtlərin pozulmasıdır. Sənətkar olmaq istəyən gərək əvvəlcə peşəkar olsun. Yəni böyük sənətin bir yolu var, o da peşəkarlıqdır, professionallıqdır. Tar ifaçısı olmaq istəyən adam dərk etməlidir ki, çalğı aləti xalqın mənəvi simasıdır. O, tarı fanatikcəsinə sevməli, yalnız zəhmətkeş, peşəkar yox, həm də qeyrətli vətəndaş olmalıdır! Tarzəndə bu keyfiyyətlər yoxdursa, təbii ki, o, tarı sevmədən, istənilən musiqi aləti, hətta balalayka, mandolina, gitara kimi ifa edəcəkdir. Təəssüf ki, bu, hazırda tar ifaçılığında geniş yayılıbdır.

Yaxşı olardı ki, xalq çalğı alətlərini tədris edən qabaqcıl musiqi müəllimlərinin tez-tez elmi-metodik konfransları keçiriləydi, yaranmış böhranlar müzakirə olunaydı, real əməli təkliflər veriləydi. Şəxsən mən, muğamların klassik not əsərlərinin metodik cəhətdən dərin, hərtərəfli əsaslandırılmış tədrisinin tərəfdarıyam. Solo muğam ifaçılığı, trio ifaçılığı bir fənn kimi ali musiqi tədrisi ocaqlarında mütləq keçilməlidir.

Yuxarıda dediklərim mənim bir pedaqoqtar ifaçısı kimi tarın gələcəyi üçün keçirdiyim narahatlığımdır.

 

Ramiz QULİYEV

Xalq artisti, Dövlət mükafatı laureatı, professor

 

Mədəniyyət.- 2019.- 1 may.- S.7.