Bölgələrdən bölgələrə
festivalı davam edir
Mədəniyyət
Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin
iştirakı ilə keçirilən Bölgələrdən
bölgələrə yaradıcılıq
festivalının daha iki tədbiri aprelin 25-də
Xaçmazda, aprelin 26-da isə Abşeron rayonunun Xırdalan
şəhərində gerçəkləşib.
Xaçmaz
şəhərindəki Heydər Əliyev adına parkda
nazirliyin regional mədəniyyət idarələri üzrə
nümayəndələrinin iştirakı ilə keçirilən
festival sakinlər tərəfindən böyük coşqu ilə
qarşılanıb.
Tədbir iştirakçıları Qusar Dövlət Ləzgi Dram Teatrının Diyar nənələr qrupunun təqdimatında cəhrədə yun əyirmək, xalça toxumaq, səhənglə su daşımaq və başqa bu kimi ənənəvi məişət işlərini əks etdirən təqdimatları izləyiblər. Xaçmaz və Şabran xalq teatrlarının hazırladığı ədəbi-bədii kompozisiyalar festivalın zəngin proqramına əlavə rəng qatıb. Xınayaxdı folklor kollektivinin ifasında rəqs nümunələri mədəniyyət bayramında iştirak edənlərin zövqünü oxşayıb.
Heydər Əliyev adına parkda regional mədəniyyət idarələrinin çadır-guşələri qurulub, şəhər və rayonların mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənət nümunələri təqdim olunub.
Festivalın ikinci hissəsində regional idarələr üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bölgələrimizin mədəni irsi Abşeronda nümayiş olundu
Bölgələrdən bölgələrə yaradıcılıq festivalının növbəti tədbiri Abşeron rayonunun Xırdalan şəhərində (Sumqayıt Regional Mədəniyyət İdarəsi) keçirildi. Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional mədəniyyət idarəsinin nümayiş etdirdiyi əl işləri, dekorativ-tətbiqi sənət, rəsm əsərləri və digər sənətkarlıq nümunələrinə baxdılar, folklor və musiqi qruplarının çıxışlarını dinlədilər.
Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənovanın Muğam-trio kompozisiyası və süjetli xalçanın nümayişi, dekorativ-tətbiqi sənət ustası Günel Hüseynovanın 3D formatında Sumqayıt, taxta üzərində işlənmiş İçərişəhər kompozisiyaları, keçədən əl işləri qonaqların xüsusi marağına səbəb oldu.
Festivalda balaca ziyarətçilərin də maraqları nəzərə alınmışdı. Günəşim və Cırtdan kukla teatrlarının hazırladıqları tamaşalar, Dostluq Mədəniyyət evinin klounada nömrələri və Qurd adam, Şurun-burun, Maşa və ayının personajları uşaqların zövqünü oxşadı. Həmçinin festivalda Nəsimi ili ilə əlaqədar kitab guşəsi qurulmuşdu.
Zəngilan rayonunun folklor kollektivi, Abşeron rayon Mədəniyyət Mərkəzinin Xalq teatrı, bir neçə musiqi məktəbinin sazçalanlar ansamblı və rəqs kollektivlərinin çıxışı festivala xüsusi rəng qatdı. Fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilmişdi. Oymaçı rəssam Asif Qasımovun hazırladığı sənətkarlıq nümunələri qonaqların diqqətini cəlb etdi.
Tədbir daha sonra konsert
proqramı ilə davam etdi. Konsertdən öncə
Bölgələrdən bölgələrə
yaradıcılıq festivalı
barədə məlumat
verildi. Ölkəmizdə mədəniyyət və incəsənətin
inkişafına dövlət
tərəfindən qayğı
göstərildiyi vurğulandı.
Bildirildi ki, bu layihənin həyata keçirilməsi
yerli sakinlərə, eləcə də bölgələrimizə gələn
xarici qonaqlara regionların rəngarəng
mədəni həyatı
ilə yaxından tanış olmaq fürsəti yaradır.
Yaradıcılıq festivalının ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət
kollektivlərinin çıxışları,
musiqi nömrələri,
rəqslər tamaşaçılar
tərəfindən alqışlarla
qarşılandı.
Tədbir iştirakçısı İsmayıl
Həsənov festivalın
insanlarda xoş ovqat yaratdığını
qeyd etdi. Bildirdi ki,
festival ölkəmizin bütün
regionlarını əhatə
etməklə mədəni
zənginlik, xalq sənətkarlığı irsi
və incəsənət
nümunələri ilə
tanışlığa vəsilə
olur.
Xırdalan şəhər sakini
Zərifə Ağayeva
tədbirə nəvələri
ilə gəldiyini dedi: Burada balacalar
üçün nümayiş
olunan səhnəciklər,
müxtəlif personajlar
onların diqqətini
cəlb edir. Bu festival həm uşaqların,
həm də böyüklərin marağına
səbəb olur.
Qeyd edək ki, Mədəniyyət
Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfə keçirilən
Bölgələrdən bölgələrə
yaradıcılıq festivalına
may ayının sonunda
yekun vurulacaq.
Fariz HÜSEYNOV
Mədəniyyət.- 2019.- 1 may.-
S. 1; 4.