BMT Bakı Forumu
haqqında
Ədavətə müqavimət göstərmək,
mədəniyyətlərarası və dinlərarası dialoqu dəstəkləmək
Birləşmiş
Millətlər Təşkilatının (BMT) rəsmi
saytında mayın 2-də Bakıda işə başlayan V
Dünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr
edilmiş məqalə dərc olunub.
Məqalədə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosun sözlərindən sitat gətirilir. Bakıya Şri-Lankadan gələn M.Moratinos Bakı Forumunun vaxtında, məqamında keçirildiyini hesab edir.
Şri-Lankanın bir neçə kilsə və hotelində eyni vaxtda baş verən terror aktı nəticəsində həlak olanların xatirəsini anmaq məqsədilə Kolomboya gedən Moratinos deyib: “Şri-Lanka daim insanlara açıq ölkə olub, burada müxtəlif dinlər və mədəniyyətlər mövcud olub və qəflətən orada belə faciə baş verib. Bu faciə sülh şəraitində yaşamağa can atan ölkə üçün böyük zərbə idi”.
Alyansın Ali nümayəndəsi qeyd edib ki, ədavət təzahürləri daim mövcud olub, lakin bu gün “ədavətə qayıdış” prosesi baş verir. Onun sözlərinə görə, ədavət hissi insanlarda öz opponentlərini parçalamaq və məhv etmək cəhdləri əmələ gətirir. Bu gün, bu çətin və qeyri-müəyyən dövrümüzdə mədəniyyətlərarası dialoqun dəqiq strategiyasını yaratmaq xüsusilə zəruridir.
Moratinos mövcud problemlərin hərbi, maliyyə və siyasi vasitələrlə həll edilməsi barədə təsəvvürləri bayağılıq adlandırıb. Onun fikrincə, belə hallarda sosial-mədəni yanaşma tətbiq etmək və bu problemin kökünü axtarmaq lazımdır. Moratinos deyib: “Biz qonşularımızın dünyagörüşünün necə olmasını, belə vəziyyətə gətirib çıxaran, bu və ya digər problemlərin necə yaranmasını və nə ilə sona yetəcəyini başa düşməyincə, hansısa uzunmüddətli həll yollarını tapmaq çətin olacaq”.
Moratinos hesab
edir ki, BMT-nin dəstəyi ilə keçirilən
Bakı Forumu bu prosesə
əhəmiyyətli töhfə verəcək: “Forum beynəlxalq ictimaiyyətə mühüm siqnal göndərəcək:
biz birlikdə yaşaya
bilərik, biz bir-birimizə hörmətlə
yanaşa bilərik, biz
müxtəlif mədəniyyətləri və dinləri
anlamağı öyrənməliyik”.
Mədəniyyət.- 2019.- 3 may.-
S.1;3.