Bakı Türk Anadolu liseyində elm, mədəniyyət
və sənət şənliyi
Mayın 1-2-də Bakı Türk Anadolu liseyində “Elm, mədəniyyət və sənət şənliyi” adlı festival keçirilib.
Festivalın ilk günü liseyin şagirdləri tərəfindən düzəldilən motorlu təyyarələr, kağızdan kəsilmiş müxtəlif fiqurlar, fizika qanunlarına uyğun düzəldilmiş qurğular, müxtəlif robotlar, antik əşyalar, astronomik maketlər və s. əl işləri nümayiş olunub.
Bakı Türk Anadolu Liseyinin rəhbəri Nurullah Feyzi Yazıcı festival iştirakçılarını təbrik edib. Bildirib ki, liseyin şagirdləri öz bilik və bacarıqlarını belə tədbirlərdə nümayiş etdirirlər.
Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil üzrə müşaviri Mahmut Ağırman tədbir iştirakçılarını salamlayaraq deyib: “Mustafa Kamal Atatürk deyib ki, həyatda ən mühüm şey bilikdir. Bu sözləri əsas tutaraq fəaliyyətimizi Azərbaycanda genişləndirməyə çalışdıq. Məqsədimiz bu balaca uşaqlara təhsil verərək onları gələcəyə hazırlamaqdır. Ümid edirəm ki, liseyin şagirdləri burada oxuduqlarından fəxr edəcəklər”.
Tədbir zamanı liseyin adından qonaqlara sertifikatlar təqdim olunub. Sonra festival musiqi proqramı ilə davam edib.
Festivalın ikinci
günündə şagirdlərin rəsmləri, Nəsimi, Fuat Sezgin, İbn
Haldun, Fərabi kimi
müsəlman dünyasının mədəniyyətə yön verən dahilərinə həsr olunmuş əl işləri nümayiş
olunub.
Mədəniyyət.- 2019.- 3 may.-
S.5.