“Azərbaycanı çox
sevirəm...”
Rusiyanın məşhur müğənnisi
Aleksandr Serov Bakıda
konsert verib
Heydər Əliyev Mərkəzində Rusiyanın Xalq artisti, məşhur müğənni Aleksandr Serovun solo konserti olub. Konsertdə müğənninin həm populyar hitləri, həm də yeni kompozisiyaları səslənib. Bundan başqa, Aleksandr Serov Müslüm Maqomayev, Tom Cons və digər dünya şöhrətli müğənnilərin repertuarından mahnıları ifa edib.
Konsertdə Rusiyanın Əməkdar artisti Aleksandr Fedorkov və gənc ifaçılar – beynəlxalq müsabiqələr laureatları Dmitri Pryanov və Yuliya Kalina da çıxış ediblər.
Aleksandr Serov 1954-cü ildə anadan olub. Virtuoz müğənni,
instrumental ifaçı, şair,
bəstəkar və aranjimançıdır. O, ötən əsrin 80-ci illərində məşhurlaşıb,
sevgi mahnıları ilə qəlbləri fəth edib. Aleksandr Serov 40 ildən artıq yaradıcılığı
ərzində müxtəlif
albomlar yazdırıb.
Onun bir çox məşhur mahnılarının
bəstəkarı İqor
Krutoy olub.
O, Almaniya, Kanada, İsrail və s. ölkələrdə qastrollarda
olub. Müğənninin anşlaqla keçən
hər bir konsertində publika onun ifasını zövqlə dinləyir.
Bakı konserti böyük maraq və musiqisevərlərin
sürəkli alqışları
ilə qarşılanıb. Sonda Aleksandr
Serov bakılı tamaşaçılara səmimi
qonaqpərvərliyə görə
minnətdarlıq edib.
“Mən Azərbaycanı
çox sevirəm. Bu ölkə dünyaya Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu kimi istedadları, digər görkəmli insanları bəxş edib.
Ölkənizin paytaxtı Bakı haqqında danışmaqla
qurtarmaz. Bu, MDB-nin
ən gözəl və qonaqpərvər şəhərlərindən biridir”.
Aleksandr Serov bu fikirləri
Heydər Əliyev Mərkəzində solo konsertindən
sonra jurnalistlərə
müsahibəsində söyləyib.
Müğənni daha sonra deyib: “Mənim
mahnılarımın əksəriyyəti sevgi
haqqındadır, çünki mən təbiətən
romantik adamam. Bu mahnıları ifa etməkdən
böyük məmnunluq duyuram.
Şadam ki, uzun illər boyu insanlar mənim yaradıcılığımı
qiymətləndirirlər”.
Mədəniyyət.- 2019.- 3 may.-
S.8.