Tünzalə Ağayeva
II Avropa Oyunlarının ulduz
elçisidir
Belarus Respublikasının Azərbaycandakı Səfirliyində tanınmış müğənni və bəstəkar, Əməkdar artist Tünzalə Ağayevaya Minskdə keçiriləcək II Avropa Oyunlarının ulduz elçisi sertifikatının təqdimatı mərasimi keçirilib.
Səfir Gennadi Axramoviç müğənninin ölkənin həm yaradıcılıq, həm də idman sahələrində xidmətlərini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, “2019-cu il II Avropa Oyunlarının ulduz elçiləri” layihəsi bu tədbirin təbliğinə, Belarus sakinlərinin və beynəlxalq ictimaiyyətin dünya idmanı üçün bu cür əhəmiyyətli hadisəyə marağının artırılmasına yönəldilib. Səfir Minskdə keçiriləcək Avropa Oyunlarına hazırlıq işlərindən də danışıb.
Göstərilən diqqətə görə minnətdarlıq edən Tünzalə Ağayeva Belarus xalqına II Avropa Oyunlarının keçirilməsində uğurlar diləyib. O deyib: “Üzərimə bu cür fəxri missiya qoyulması mənim üçün böyük şərəfdir və eyni zamanda yüksək məsuliyyətdir. Göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Azərbaycan Milli Olimpiya Komitəsi baş katibinin müavini, Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev vurğulayıb ki, Tünzalə Ağayeva Bakıda keçirilmiş I Avropa və IV İslam Həmrəyliyi oyunlarında ulduz elçisi titulunu daşıyıb. O, müğənniyə fəaliyyətində uğurlar diləyib.
Sonda Gennadi
Axramoviç ulduz elçisi sertifikatını Tünzalə Ağayevaya təqdim edib.
Mədəniyyət.- 2019.- 3 may.-
S.8.