Azərbaycan təmsilçisi beynəlxalq müsabiqənin baş mükafatına layiq görülüb

 

 

 

Qazaxıstanın Aktau şəhərində türkdilli ölkələrdən ifaçıların iştirakı ilə beynəlxalq musiqi festivalı keçirilib. 26-29 aprel tarixində gerçəkləşən festivalda ölkəmizi təmsil edən tarzən Ayaz İmranov müsabiqənin Qran-pri mükafatına layiq görülüb.

Azərbaycan təmsilçisi iki turdan ibarət müsabiqənin hər iki turunun ən güclüsü hesab edilib. O, birinci turda Azərbaycan xalq rəqsi “Lalə” və qazax musiqisi “Dayrabay”ı , ikinci turda isə xalq rəqsimiz “Qazağı” və qazax musiqisi “Balburayın”ı yüksək səviyyədə ifa edərək baş mükafata sahib olub.

Müsabiqə ilə bağlı açıqlama verən A.İmranov bildirib ki, festival türk xalqları arasında keçirilsə də, tədbirə İndoneziya və digər Uzaq Şərq ölkələrindən də musiqiçilər qatılıb: “Mənim üçün çox sevindiricidir ki, belə bir mötəbər müsabiqədə iştirak etdimQran-pri mükafatını ölkəmizə gətirməyə nail oldum. Müsabiqədə iştirakıma şərait yaradan Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimiyə, eləcə də Mədəniyyət Nazirliyinə təşəkkürümü bildirirəm”.

Tarzən əldə etdiyi uğuru bütövlükdə Azərbaycan milli musiqisinin zəfəri kimi səciyyələndirib: “Festivalda bir daha musiqimizin, milli musiqi alətimiz olan tarın müxtəlif ölkələrdən gələn çoxsaylı izləyiciləri necə ovsunladığının, onları necə heyrətləndirdiyinin şahidi oldum. Bu, olduqca qürurverici bir mənzərə idi. Belə festivallar musiqi mədəniyyətimizin təbliği ilə yanaşı, bütövlükdə türk dünyasında mədəni əlaqələrin inkişafına mühüm töhfədir”.

 

Mədəniyyət.- 2019.- 3 may.- S.6.