Ümummilli lider Azərbaycan kinosunun inkişafına həmişə qayğı göstərib

 

 

Mayın 7-də Dövlət Film Fondunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı konfrans keçirildi. Konfrans Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşdı.

Fondun foyesində Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı fotolardan ibarət sərgi təşkil olunmuşdu.

Mədəniyyət Nazirliyinin sektor müdiri, Əməkdar incəsənət xadimi Cəmil Quliyev giriş sözündə ulu öndərin mədəniyyətə, incəsənətə göstərdiyi diqqət və qayğıdan, “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən, onun təşəbbüsü ilə çəkilən filmlərdən bəhs etdi: “Heydər Əliyev çıxışlarında kino çəkilişi sahəsində nöqsanları göstərməklə yanaşı, yeni imkanlardan, tətbiq ediləcək yeniliklərdən danışardı. İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da ölkəmizdə mədəniyyətin bütün sahələrinin, o cümlədən kinonun inkişafını daim diqqətdə saxlayırdı. O, Azərbaycan kinosuna elmi-texniki nailiyyətlərin gətirilməsini tövsiyə edirdi”.

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə qeyd etdi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətin inkişafına qayğı göstərib. Onun təşəbbüsü və səyləri ilə 1976-cı ildə kino işçilərinin böyük qrupuna fəxri adlar verildi. Ayrı-ayrı dövrlərdə “Azərbaycanfilm” üçün yeni avadanlıqların alınması məqsədilə vəsait ayrıldı. Ulu öndər çalışırdı ki, ölkə həyatının bütün sahələri inkişaf etsin. “Azərbaycanfilm”də bir çətinlik yarananda kino işçilərinin köməyinə çatır və hər dəfə də problem öz müsbət həllini tapırdı.

Çıxışlardan sonra jurnalist, araşdırmaçı və rejissor Etibar Məmmədovun “Qalxan və qılınc” sənədli filmi nümayiş olundu. Ekran əsəri Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri işləyərkən ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı fitnəkar əməllərinə qarşı mübarizəsindən bəhs edir. 1967-ci ildə bir azyaşlı uşağın qətlində təqsirli bilinən üç azərbaycanlının Xankəndində məhkəməsi gedir. Məhkəmə bir nəfər barəsində güllələnmə qərarı, bir nəfərlə bağlı 15 il həbs, bir nəfər barəsində isə bəraət hökmü verir. Ermənilər tələb edirlər ki, hər üç nəfər güllələnsin və məhkəmədən sonra həbsxana maşınına hücum edərək hər üç soydaşımızı xüsusi amansızlıqla qətlə yetirirlər. Bu hadisədən sonra Heydər Əliyev cinayət işi ilə bilavasitə məşğul olur. Sonda qətldə təqsirli bilinən 20 nəfərədək erməni həbs ediliröz layiqli cəzalarını alırlar.

 

Savalan FƏRƏCOV

 

 

Mədəniyyət.- 2019.-  8 may.- S.2.